Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin aprelin 18-də Milli Məclisdə andiçmə mərasimi keçirilib.
10:15
Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin aprelin 18-də Milli Məclisdə andiçmə mərasimi keçirilir.
ÇıxışYolu.Com xəbər verir ki, Silahlı Qüvvələrin əsgərləri Azərbaycan Respublikasının dövlət bayrağını və Azərbaycan prezidentinin ştandartını (bayrağını) təntənəli marşın sədaları altında səhnəyə gətiriblər.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev və Konstitusiya Məhkəməsinin hakimləri səhnəyə dəvət olunublar.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev çıxış edərək deyib:
“Hörmətli xanımlar və cənablar.
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 2018-ci il 17 aprel tarixli qərarı ilə Azərbaycan Respublikası prezidenti seçkilərinin yekunlarına dair Mərkəzi Seçki Komissiyasının nəticələrini təsdiq edərək, cənab İlham Heydər oğlu Əliyevi Azərbaycan Respublikasının prezidenti elan edib.
Azərbaycan Respublikasının prezidenti seçilmiş cənab İlham Heydər oğlu Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 103-cü maddəsinə uyğun olaraq, Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə andiçməyə dəvət olunur”.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev əlini Azərbaycan Respublikası Konstitusiyasının üzərinə qoyaraq and içib:
“Azərbaycan Respublikası prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm!”
Azərbaycan Respublikasının dövlət himni səslənib.
Sonra prezident müqəddəs “Qurani-Şərif”ə əl basaraq and içib:
“Əlimi “Qurani-Şərif”ə basaraq and içirəm: Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli-mənəvi dəyərlərə və ənənələrə sadiq qalacağam, onları daim uca tutacağam”.
Prezident İlham Əliyev təzim edərək, Azərbaycanın dövlət bayrağını öpüb.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev andiçmə mərasimində nitq söyləyir.
09:40
Aprelin 11-də keçirilən prezident seçkilərində qalib gələn İlham Əliyevin andiçmə mərasimi başlayıb.
ÇıxışYolu.Com-ın xəbərinə görə, tədbir Milli Məclisdə keçirilir.
Mərasimdə Azərbaycanın dövlət rəsmiləri, hökumətin üzvləri, Milli Məclisin deputatları və Prezidentin ailə üzvləri iştirak edirlər. Andiçmə bitəndən sonra Nazirlər Kabineti istefaya gedəcək və Kabinetin yeni tərkibi elan olunacaq.