İlham Əliyevin Naxçıvan səfəri və Rusiyaya verilən mesajlar - TƏHLİL

İlham Əliyevin Naxçıvan səfəri və Rusiyaya verilən mesajlar – TƏHLİL

Baxış sayı: 1. 852 dəfə baxılıb.

Mayın 10-da Prezident İlham Əliyevin iş qrafiki kifayət qədər gərgin idi, ölkə başçısının həm Naxçıvan Muxtar Respublikasına səfəri, ardınca isə, Bakıda  Rusiya Xarici İşlər naziri Sergey Lavrovu qəbul etməsi diqqət çəkir.

İlham Əliyevin Naxçıvan səfərini Azərbaycanın təhlükəsizliyinin və müdafiə qabiliyyətinin gücləndirilməsi kontekstində nəzərdən keçirərkən bir neçə məqamı qeyd etmək yerinə düşər.

Birincisi, İlham Əliyev Naxçıvanda hərbi aerodromun açılışında iştirak etdi ki, bu da genişmiqyaslı təhlükəsizlik tədbirlərinin komponentlərini özündə birləşdirir. Naxçıvanda hərbi aerodromun olması muxtar respublikanın təhlükəsizliyini gücləndirir, bu isə ümumilikdə Azərbaycanın cənub-qərb sərhədlərinin möhkəmlənməsi deməkdir.

İkincisi, Prezident AzTV-yə müsahibəsində deyib ki, Azərbaycan ordusunun arsenalında olan ən müasir silahların bir qismi Naxçıvanda yerləşdirilib. Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordunun əlini ən müasir silah və texnikalarla gücləndirilməsi Naxçıvana qarşı təhdidlərə duruş gətirmək qabiliyyətindədir ki, bu da Naxçıvanla sərhəddə yerləşən Ermənistana xəbərdarlıq mesajının tərkib hissəsidir.

İlham Əliyevin Zəngəzur dəhlizinin reallaşması üçün danışıqların aparıldığı ərəfədə Naxçıvana səfərinin həm də simvolik mənası var.

Zəngəzur dəhlizi Naxçıvanın timsalında bütün Azərbaycan üçün yeni iqtisadi imkanlar deməkdir, dəhliz açılanda, Naxçıvanın ölkəmizin digər bölgələrlə quru əlaqəsi yaranacaq.

İlham Əliyev AzTV-yə müsahibəsində bildirib ki, Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir və bu koridor mütləq açılmalıdır.

Prezident bu məsələdə Ermənistanın ortalığa əks mövqe qoya bilməyəcəyini də deyib. Dövlət başçısı Ermənistanın dəmir yollarının Rusiyaya məxsus olduğunu xatırladıb və danışıqların Rusiya ilə aparıldığını bildirib.

Bu o deməkdir ki, Ermənistan bu məsələdə müstəqil iradə ortaya qoya bilməz və əvvəl-axır Zəngəzur dəhlizinin reallaşması ilə barışmalı olacaq.

İlham Əliyev müsahibədə Qarabağda ermənilərə hər hansı statusun verilməyəcəyini də diqqətə çatdırıb və xəbərdarlıq edib ki, Azərbaycanı əsəbiləşdirməmək və münasibətləri gərginləşdirməmək üçün nə status haqqında, nə də münaqişə haqqında hər hansı bir açıqlama verilməməlidir.

Lavrov gələr-gəlməz İlham Əliyevin qəbulunda oldu

Rusiya XİN başçısı Sergey Lavrovun Bakıya gələr-gəlməz Prezidentin qəbulunda olması, Prezidentin Rusiya nümayəndə heyətinin nəzərinə bir sıra vacib məqamları çatdırması rəsmi Bakının mövqeyinin qəti olduğunu ortaya qoyur.

İlham Əliyev Ermənistanda Azərbaycana qarşı revanşizmin alovlanmasının İrəvanın özünə baha başa gələcəyini xəbərdarlıq etdi, həm də Rusiyadan da aydın mövqe ortaya qoyulması ilə bağlı tələbləri səsləndirdi. Məhz buna görədir ki, İlham Əliyev Rusiya ilə bundan sonra qarşılıqlı əlaqə şəklində regionda vəziyyətin normallaşdırılması üçün fəal iş aparmağa ümid etdiyini deyib.

İlham Əliyevin Naxçıvan səfəri və Rusiyaya verilən mesajlar - TƏHLİL

“Rusiya bizim dostumuz, strateji tərəfdaşımız, qonşumuz kimi, sülhməramlıları bu gün Azərbaycan ərazisində olan ölkə kimi bundan sonra da gərginliyin azaldılmasına və erməni tərəfinin daha ayıq yanaşmasının üstünlüyünə şərait yaradacaq”, – deyə İlham Əliyev söyləyib.

Bunlar nə deməkdir?

Birincisi, Azərbaycan Rusiyaya öz missiyasını xatırladır və Moskvanın 10 noyabr 2020-ci il bəyanatına uyğun olaraq Ermənistana münasibətdə daha korrekt mövqe sərgiləməsini istəyir.

İkincisi, Ermənistanda revanşizm platforması təkcə daxildəki millətçi kəsimdən yox, həm də Ermənistanın havadarlarının İrəvanın xeyrinə atdığı addımlardan qidalanır.

İlham Əliyev Naxçıvanda AzTV-yə verdiyi müsahibədə bu məsələyə toxunub və Ermənistana dəstək göstərən ölkələrə mesaj verib.

İlham Əliyevin müsahibədə “əgər onlar bu bəyanatlardan hansısa praktiki əməllərə keçsələr, dərhal məhv olunacaqlar. Heç kim onları müdafiə edə bilməz. Heç kimə də bel bağlamasınlar” sözlərini deməklə Ermənistanın qeyri-konstruktiv mövqeyinin güclənməsinə zəmin yaradan xarici amilləri də qabartmış olub.

İlham Əliyevin Ermənistanda revanşist fikirlər üçün nə güc, nə də  iradə olduğunu deməsi də bu arqumenti gücləndirir.

İlham Əliyevin Naxçıvandakı bəyanatlarının ardından diplomatik masa arxasında Lavrova da eyni məzmunlu ismarıclar verməsi onu göstərir ki, Azərbaycanın mövqeyi birmənalı və qətidir.

Bütün bunlardan aşağıdakı nəticələri çıxara bilərik:

1. Azərbaycan 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il bəyanatlarının bütün nöqtəsinə qədər icrası üçün Rusiyanın vəzifələrini xatırladır.

2. Ermənistandakı revanşizmin alovlanmasında maraqlı olan qüvvələr də verilən mesajlardan öz payını almalıdır.

3. Ermənistana dəstək verilməsi fonunda bu ölkədə revanşizm alovlansa belə, Azərbaycan ikinci “Dəmir yumruğ”u işə salacaq, bunun üçün həm hərbi potensial, həm də güclü siyasi iradə mövcuddur.