Prezident İlham Əliyev Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında müvafiq sərəncam imzalayıb.
ÇıxışYolu.Com xəbər verir ki, sərəncama əsasən, Samir Nuriyev Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri təyin edilib.
Samir Rafiq oğlu Nuriyev 1975-ci ilin 9 mart tarixində anadan olub. Yeni Azərbaycan partiyasının üzvüdür.
O, 1991-ci ildə Azərbaycan Texniki Universitetinə daxil olaraq 1996-cı ildə həmin Universitetin Mühəndis biznesi və menecment fakültəsini mühəndis-iqtisadçı ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.
2003-2005-ci illərdə təhsilini ABŞ-ın “Duke” Universitetində davam etdirərək Beynəlxalq İnkişaf Siyasəti üzrə magistr dərəcəsini əldə edib.
1996-2003-cü illərdə Samir Nuriyev müхtəlif özəl şirkətlərdə və beynəlxalq təşkilatlarda iqtisadçı, marketinq üzrə menecer və layihə koordinatoru vəzifələrində çalışıb. 2000-2001-ci illərdə BMT İnkişaf Proqramının Azərbaycan ofisində biznes-məsləhətçi vəzifəsində çalışıb.
2006-cı ildə o, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyində Sahibkarlığın inkişafı departamentinin direktoru vəzifəsinə təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına əsasən Samir Nuriyev 2009-cu ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəis müavini, 2013-cü ildə isə həmin İdarənin rəisi vəzifəsinə təyin edilib.
Ölkə başçısının 12 aprel 2016-cı il tarixli müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru vəzifəsinə təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin 14 fevral 2018-ci il-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri təyin edilib.
Ailəlidir, iki övladı var.