2f8c0e77-b7be-4ce8-8a89-6b2b029cd11e.jpg

İlham Əliyev əlcəzairli həmkarına təbrik məktubu göndərdi

Baxış sayı: 141 dəfə baxılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əlcəzair Xalq Demokratik
Respublikasının Prezidenti Abdelmacid Tebbuna təbrik məktubu göndərib.

President.az xəbər verir ki,
məktubda deyilir:

“Əlcəzair Xalq Demokratik Respublikasının milli bayramı – İnqilab Gününün
70-ci ildönümü münasibətilə Sizi və Sizin simanızda qardaş xalqınızı öz adımdan
və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən və ən xoş arzularımı
çatdırmaqdan məmnunluq duyuram.

1954-cü ilin 1 noyabr günü qardaş Əlcəzair xalqının tarixinə qəhrəmanlıq
səhifəsi kimi əbədi olaraq həkk olunmuş, müstəqillik, azadlıq uğrunda
mübarizənin və yenilməz iradənin rəmzinə çevrilmişdir. Bir əsrdən artıq davam
edən amansız müstəmləkəçilik siyasətinə, misli görünməmiş zorakılığa, insanlıq
əleyhinə və müharibə cinayətlərinə məruz qalmasına baxmayaraq xalqınız heç bir
zaman müstəqillik əzmini itirməmiş, böyük fədakarlığı, cəsarəti ilə, Vətən
uğrunda canlarını fəda edən milyonlarla şəhidinin canı və qanı bahasına
azadlığını əldə etmişdir.

Hazırda Azərbaycan-Əlcəzair münasibətlərinin inkişaf dinamikası məmnunluq
doğurur. Biz bu əlaqələrin daha da genişlənməsinə, həm ikitərəfli, həm də
çoxtərəfli müstəvidə əməkdaşlığımızın yeni məzmunla zənginləşməsinə xüsusi önəm
veririk.

Əminəm ki, ölkələrimiz arasında dostluq münasibətlərini möhkəmləndirmək,
qarşılıqlı faydalı əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün bundan
sonra da birgə səylər göstərəcəyik.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə
uğurlar, qardaş Əlcəzair xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

Source link