ee3f72fb-1a52-4373-a434-40249d872111..jpg

İlham Əliyev Ağ Şəhərin Mərkəzi Park kvartalında həyata keçirilən işlərlə tanış olub – YENİLƏNİB + FOTO

Baxış sayı: 607 dəfə baxılıb.

İlham Əliyev Ağ Şəhərin Mərkəzi Park kvartalında həyata keçirilən işlərlə
tanış olub – YENİLƏNİB + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Bakı Ağ
Şəhərin Mərkəzi Park kvartalında həyata keçirilən inşaat, infrastruktur və
abadlıq işləri, həmçinin tikintisi yekunlaşan Bakı Ağ Şəhər Ofis binasında
yaradılan şərait ilə tanış olub.

President.az xəbər verir ki,
“Bakı Ağ Şəhər” layihəsinin icraçı direktoru Ruslan Sadıxov dövlətimizin
başçısına görülən işlər barədə məlumat verib.

Qeyd edək ki, hazırkı Ağ Şəhərin ərazisi 150 ildən çox idi ki, Qara şəhər kimi
tanınırdı. Buraya Qara şəhər adının verilməsi də təsadüfi deyildi. Ərazi neft
sənayesi tullantılarından çirklənmişdi. Burada çox sayda bataqlıq, gölməçə və
neft tullantıları var idi. Bir sözlə, Qara şəhər əsl ekoloji fəlakət zonasına
çevrilmişdi.

Bütün bu amilləri nəzərə alan Prezident İlham Əliyevin təşəbbüsü ilə Qara
şəhərin yerində hazırda dünyanın ən müasir ekoloji layihəsi olan Ağ Şəhərin
salınmasına başlanıldı.

Nadirliyi ilə seçilən Bakı Ağ Şəhər layihəsinin təməli Prezident İlham Əliyev
və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən 2011-ci il dekabrın
24-də qoyulub. Bakının ekoloji cəhətdən ən çox çirklənmiş bu yerində aparılmış
irimiqyaslı tədbirlər nəticəsində həm şəhərsalma, həm memarlıq, həm sakinlərin
rahat yaşayışı, həm də ekoloji baxımdan sözün əsl mənasında möcüzəvi layihə
reallaşdırılıb.

Dövlətimizin başçısının Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan
Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər
üçün Kompleks Tədbirlər planı” çərçivəsində həyata keçirilən “Bakı Ağ Şəhər”
layihəsi irimiqyaslı ekoloji şəhərsalma layihəsi kimi də artıq dünyada tanınıb.
Dünyanın aparıcı şirkətlərinin yerli mütəxəssislərlə birgə layihələndirdiyi bu
yaşayış məkanı bir çox beynəlxalq sərgilərdə dünyanın qabaqcıl və müasir
ekoloji şəhərsalma layihəsi kimi müxtəlif beynəlxalq və yerli mükafatlara layiq
görülüb. İndi bu ərazi Bakı sakinlərinin və şəhərimizin qonaqlarının ən sevimli
yaşayış və gəzinti zonalarından birinə çevrilməkdədir.

Ümumilikdə, 1650 hektar ərazini əhatə edən Bakı Ağ Şəhərdə müxtəlif üslublu 10
rayonun salınması, 120 min yaşayış və xidmət obyektinin tikintisi, 350 hektar
landşaft işlərinin görülməsi, 10 kilometr bulvar xəttinin yaradılması nəzərdə
tutulub. İndiyədək 91 binanın inşası yekunlaşıb. Layihənin tam yekunlaşmasından
sonra burada 280 min sakin yaşayacaq və 240 min iş yeri yaradılacaq.

Məlumat verilib ki, inşası mərhələli şəkildə həyata keçirilən Bakı Ağ Şəhərin
Mərkəzi Park rayonunda bir sıra binaların, ictimai yerlərin tikintisi artıq
başa çatıb, infrastruktur işləri həyata keçirilib. Müxtəlif küçələrin
tikintisi, yeraltı kommunikasiya infrastrukturunun qurulması ilə bağlı işlər də
yekunlaşıb. Layihələndirmə işləri zamanı Bakı Ağ Şəhərdə inşası nəzərdə
tutulmuş Bakı Metropoliteni stansiyalarının memarlıq üslubu üzrə konsepsiya
hazırlanıb. Tamamlama işləri çərçivəsində əlil arabaları üçün panduslar,
yerüstü piyada keçidləri, qoruyucu dayaqlar tikilib, videomüşahidə kameraları
qurulub, İT kanal sistemləri çəkilib.

Mərkəzi Park rayonu 2017-ci ildə istifadəyə verilmiş Paris evlərindən başqa
36, 20 və 8 mərtəbəli binalardan, 6-cı Park küçəsi boyunca ikimərtəbəli
qeyri-yaşayış binalarından, ticarət və iaşə obyektlərindən, orta məktəbdən,
ofis və inzibati binalardan ibarətdir. Layihələndirmə zamanı Ağ Şəhərin Mərkəzi
Park rayonunun yaşayış massivinin ərazisində yaşıl zonalar – parklar və
xiyabanlar nəzərdə tutulub. Onların arasında Dağdağan bağı da var.

Vətəni Qarabağ olan dağdağan ağacı Azərbaycanın rəmzlərindən biridir.
Prezident İlham Əliyev 2021-ci ilin mayında Azərbaycanın işğaldan azad edilmiş
ərazilərinə səfəri çərçivəsində Ağdam şəhərində dağdağan ağacı əkib. Dağdağan
ağacları Ağ Şəhərə Qarabağdan gətirilib.

Dövlətimizin başçısı bağın ərazisində dağdağan ağacı əkib.

Son illər Bakı Ağ Şəhər həm də bir sıra yerli və beynəlxalq incəsənət
ustalarının öz əsərlərini nümayiş etdirdiyi bir məkana çevrilib. Ağ şəhərin
mərkəzi küçələrindən olan və inşası əsasən tamamlanmış Bulvar küçəsində yerli
və xarici rəssamların incəsənət əsərləri quraşdırılıb.

Heykəltəraş Enrike Kabreranın “Böyük alma” əsəri onun ən mühüm sənət
layihələrindən biridir. Nyu-Yorkda quraşdırılmış “Böyük alma” bu şəhərin
rəmzini təcəssüm etdirməklə onun sakinləri və qonaqları arasında çox məşhurdur.
Bu əsərin ikincisi isə Bakı Ağ Şəhərdə sərgilənir.

Azərbaycan MAAS incəsənət qurumunun müasir üslubda hazırladığı hündürlüyü 4,2
metr olan “Əjdaha” heykəli 2024-cü ilin rəmzinə həsr olunub. Şərq təqviminə
görə, 2024-cü ilin rəmzi əjdahadır.

Cozef Klibanskinin “Mütəfəkkir” əsəri müasir insanın texnoloji inkişaf
dövrünü, ekoloji və qlobal istiləşmə problemlərindən yaranan həyəcanlarını əks
etdirir. Bürüncdən hazırlanmış heykəl artıq bütün dünyada sənətsevərlərin
rəğbətini qazanıb. Heykəlin müəllifi 2014-cü ildə Bakının zəngin memarlığından,
qədimliyin və müasirliyin vəhdətindən ilhamlanaraq Azərbaycanın paytaxtının
gözəlliyini tərənnüm edən “Gözəl Bakı” əsərini də yaradıb.

Prezident İlham Əliyev tikintisi başa çatan Bakı Ağ Şəhər Ofis binası ilə də
tanış olub. Binanın inşasına 2020-ci ildə başlanılıb, Azərbaycanın Vətən
müharibəsində Qələbəsinə və suverenliyinin bərpasına həsr olunub.

Binada dünyanın aparıcı memarlıq şirkətləri tərəfindən layihələndirilmiş
müasir tikililərin maketləri təqdim olunur. Yeni binaların layihələndirilməsi
zamanı Ağ Şəhərin ekoloji ənənələrinə və dünyanın müasir ekoloji tələblərinə
uyğun olaraq yaşıl bina, enerjidən qənaətli istifadə prinsiplərinə və
beynəlxalq qurumların sertifikatlarına uyğunlaşdırılmasının geniş istifadəsi
qarşıya məqsəd qoyulub. Ofis binasının birinci mərtəbəsində iaşə obyektləri
üçün sahələr ayrılıb.

Ofis binası ətraf mühitin mühafizəsi siyasətinə tam uyğundur və beynəlxalq
ekoloji sertifikatlaşdırma təşkilatından (BREEAM) sertifikat alıb. “Ağ şəhər
2020 – Biznes Mərkəzi” 2014-cü ildə istifadəyə verilmiş birinci Bakı Ağ Şəhər
ofis binasından sonra BREEAM ekoloji sertifikatı alan və yaşıl bina
standartlarına uyğunluğu təsdiq olunan növbəti binadır.

Qeyd edilib ki, 2030-cu ildən sonra dünya iqliminin temperaturunun 1,5 dərəcə
artması proqnozu ilə əlaqədar müvafiq (CRREM) tələblərə uyğunluğu təmin etmək
məqsədilə binanın damında günəş panellərinin quraşdırılması nəzərdə tutulub.

Binada, eyni zamanda, Qarabağ atlarının dünyada təbliği məqsədilə İspaniyanın
tanınmış “Lladro” şirkəti tərəfindən hazırlanmış Qarabağ atının farfordan
stolüstü heykəli təqdim olunur. Bu heykəl məhdud kolleksiyadır və şirkətin
100-dən çox ölkəsində olan geniş şəbəkəsi vasitəsilə satışa çıxarılacaq.

Diqqətə çatdırılıb ki, binada 150 ofis yerləşir. Biznes nümayəndələrinin
yüksək səviyyədə fəaliyyət göstərmələri üçün burada hər cür şərait var. Binada
informasiya texnologiyalarından dayanıqlı istifadə məqsədilə Data Center
yaradılıb.

Binanın ətrafında əsaslı abadlıq və yaşıllaşdırma işləri həyata keçirilib,
müasir infrastruktur yaradılıb, yerli iqlimə uyğunlaşdırılmış müxtəlif
ağaclardan ibarət yaşıllıq zolağı salınıb, yaşı min ildən çox olan nadir zeytun
ağacı əkilib.

Ərazidə qoyulmuş Qarabağ atı heykəli Qarabağ Atları meydanında yerləşəcək
“Qarabağ Atları” monumenti kompleksindəki 7 atdan biridir. Təməli dövlətimizin
başçısı tərəfindən 2022-ci ilin dekabrında qoyulan kompleks Azərbaycanın
Qarabağın 30 illik işğaldan azad edilməsi uğrunda Vətən müharibəsindəki
Zəfərinə həsr edilib. Kompleksin yaradılması orijinal əsərləri ilə dünyada
məşhur olan amerikalı heykəltaraş Robert Sammers tərəfindən həyata keçirilir.

11:31

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Bakı Ağ
Şəhərin Mərkəzi Park kvartalında həyata keçirilən inşaat, infrastruktur və
abadlıq işləri, həmçinin tikintisi yekunlaşan Bakı Ağ Şəhər Ofis binasında
yaradılan şərait ilə tanış olub.

Bununla bağlı President.az
məlumat yayıb.

Source link