İlham Əliyev Bakıda DSX-nin yeni hərbi hospital kompleksinin açılışında
iştirak edib – YENİLƏNİB + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Yanvarın 15-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin
Müzəffər Ali Baş Komandanıİlham Əliyev Bakıda Dövlət Sərhəd Xidmətinin (DSX)
yeni hərbi hospital kompleksinin açılışında iştirak edib.
AZƏRTAC
xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin
Quliyev Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham
Əliyevə raport verib. Sonra Bakının Fətəli xan Xoyski küçəsi, 99 ünvanında
yerləşən hospital kompleksi barədə dövlətimizin başçısına məlumat verilib.
Bildirilib ki, hərbi hospitalın köhnə binası XX əsrin 70-ci illərində inşa
olunub. Yeni hərbi hospitalda ən son elmi-texniki nailiyyətlərə və müharibə
təcrübəsinə əsaslanan tibbi müayinə və müalicə imkanları yaradılıb. Dünyanın
qabaqcıl ölkələrində istehsal olunan tibbi avadanlıqlarla təchiz edilmiş hərbi
hospitalın ürək-damar cərrahiyyəsi, invaziv kardiologiya, nevrologiya və digər
tibbi fəaliyyət sahələri xəstələrə ən yüksək səviyyədə çoxfunksionallı xidmət
göstərəcək.
Səkkiz mərtəbədən və köməkçi binalardan ibarət hərbi hospitalın inşası müasir
texnologiyalar və qabaqcıl təcrübələr əsasında həyata keçirilib. Ümumi sahəsi
24.760 kvadratmetr olan 240 çarpayılıq binada 903 otaq, 17 şöbə, 80 palata
mövcuddur. Hərbi dövrdə çarpayı sayının 700-ə çatdırılması imkanları vardır.
Burada yaradılan Təcili Tibbi Yardım Mərkəzi durumu son dərəcə kritik olan
xəstələrin 24 saat qəbulunu həyata keçirməyə imkan verəcək.
İl ərzində hərbi hospitalda 100-110 min ambulator, 17 min-20 min xəstə
stasionar müalicə oluna bilər.
Hərbi hospitalın cərrahiyyə şöbəsində quraşdırılan avadanlıqlar istənilən növ
ağır əməliyyatları aparmağa imkan verir. Tibb ocağında 11 əməliyyatxanadan
ibarət xüsusi blok yerləşir. Hospitalda uçuş heyətinin və dalğıcların müayinəsi
və müalicəsi üçün respublikada ən müasir hiperbarik oksigenasiya avadanlığı
(barokamera) quraşdırılıb.
Binada gözləmə, konfrans, yataq, yemək otaqları yaradılıb, intensiv terapiya
və tibbi heyət üçün bölmələr fəaliyyət göstərir. DSX-də qadın hərbi
qulluqçuların sayı nəzərə alınaraq hərbi hospitalda doğum mərkəzi də yaradılıb.
Hərbi hospitalın laboratoriya şöbəsində ən yeni müayinə üsullarını özündə
birləşdirən və tibbi tələblərə tam cavab verən dünyanın aparıcı şirkətlərinin
laborator avadanlığı quraşdırılıb. Müalicə ocağı dövrün tələblərinə uyğun çağrı
və nəzarət sistemləri ilə təmin olunub. Hərbi hospitalda klinik fəaliyyətin,
yəni tibbi tədris işinin təşkili və ixtisaslı hərbi həkimlərin hazırlanması
şəraiti yaradılıb.
Hərbi hospitalın yerləşdiyi 3 hektar ərazidə geniş abadlıq-quruculuq işləri
görülüb, yaşıllıq sahələri salınıb.
Sonda xatirə şəkli çəkdirilib.
10:38
Yanvarın 15-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin
müzəffər Ali Baş Komandanıİlham Əliyev Bakıda Dövlət Sərhəd Xidmətinin yeni
hərbi hospital kompleksinin açılışında iştirak edib.
Bu barədə AZƏRTAC
xəbər verir.