“Biz Beynəlxalq Prokurorlar Assosiasiyası ilə uzunmüddətli əlaqələrimizi
yüksək qiymətləndirir və bu tərəfdaşlığın möhkəmləndirilməsi istiqamətində
səylərin gücləndirilməsini vacib hesab edirik”.
AZƏRTAC
xəbər verir ki, bu fikirlər Prezidentİlham Əliyevin Beynəlxalq Prokurorlar
Assosiasiyasının Bakı şəhərində keçirilən 29-cu İllik Konfransı və Ümumi
Yığıncağının iştirakçılarına ünvanladığı təbrik məktubunda yer alıb.
“Azərbaycanda prokurorluq orqanlarında mütərəqqi islahatlar həyata keçirilmiş,
ölkədə qanunun aliliyi, fundamental hüquq və azadlıqlar tam təmin olunmuşdur.
Ölkəmizin hüquq-mühafizə orqanları beynəlxalq səviyyədə transmilli
cinayətkarlıq, terrorizm, separatizm, qaçaqmalçılıq, çirkli pulların yuyulması,
narkotiklərin qanunsuz dövriyyəsi, kibercinayətkarlıq, qanunsuz miqrasiya və s.
qarşı mübarizəyə öz mühüm töhfəsini verir və bu istiqamətdə beynəlxalq
əməkdaşlığı dəstəkləyir.
Transsərhəd cinayətkarlığının yeni forma və təzahürlərinin, o cümlədən
kibercinayətkarlığın yeni növlərinin meydana gəlməsi, sosial media
platformaları, süni intellektin yaratdığı imkanlardan cinayətkarlıq, terrorizm
məqsədilə istifadə edilməsi prokurorluq orqanlarının qarşısında yeni və
mürəkkəb çağırışlar qoyur. Eyni zamanda, dünyada etnik-dini zəmində artmaqda
olan nifrət və irqçilik meyilləri hamımızı narahat edir.
Əminəm ki, “Qanunun aliliyinin təmin edilməsində prokurorun rolu” mövzusuna
həsr olunmuş dördgünlük konfrans ortaq məqsədlərə töhfə verəcək və daha böyük
əməkdaşlığa yol açacaqdır”, – deyə məktubda qeyd edilib.