İlham Əliyev: “Biz istəyirik ki, Ermənistan nə bu gün, nə də gələcəkdə ərazi
bütövlüyümüzü sual altına qoysun”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində Ermənistan ilə
Azərbaycan arasında sülhə nail olunması ilə bağlı sualı da cavablandırıb.
AZƏRTAC
xəbər verir ki, dövlətimizin başçısı bu barədə danışarkən deyib:
“Vaxt qrafiki ilə bağlı mən nikbin fikirdə idim, çünki biz Azərbaycanın özünün
hazırladığı sülh sazişinin ilkin layihəsi ilə bağlı şərhləri bir neçə dəfə
Ermənistanla mübadilə etmişdik. Bundan sonra isə iki ölkə arasında altı dəfə
şərhlər mübadilə edilib və keçən dəfə “Euronews”a bunun haqqında danışdıqda mən
ümid edirdim ki, Ermənistan bizim təkliflərin nəzərdən keçirilməsi vaxtını
uzatmayacaq. Biz sentyabrın 11-də onlara sonuncu şərhlərimizi təqdim etmişdik
və onlardan cavabı yalnız iki gün əvvəl almışıq. Beləliklə, təqribən iki ay
yarımdır ki, onlar bir neçə səhifədən ibarət mətn layihəsini nəzərdən
keçiriblər. Bu, nə deməkdir? O deməkdir ki, onlar süni olaraq prosesi ləngitmək
istəyirlər. İndi noyabrın sonudur və ilin axırına qədər sülh sazişinin
imzalanması ilə bağlı ümidlər o qədər də nikbin deyil. Lakin hesab edirəm ki,
zaman qrafiki o qədər də vacib deyil. Vacib olan hər iki ölkənin gündəliyidir.
Məhz Azərbaycan işğaldan və etnik təmizləmədən əziyyət çəkib. Bir milyon
azərbaycanlı Ermənistan hökuməti tərəfindən deportasiya edilib. Təxminən sahəsi
15 min kvadrat kilometr olan ərazi dağıdılıb”.
Bununla belə, sülh sazişini imzalamaq və delimitasiya işlərini başlamaq üçün
təklifi Azərbaycanın verdiyini vurğulayan Prezident İlham Əliyev qeyd edib:
“Hazırda Qarabağ məsələsi bitdikdən sonra düşünürəm ki, Ermənistan bizimlə
razılığa gəlməkdə daha həvəsli olacaq. Çünki suverenliyimizin bərpası və
Qarabağda qeyri-qanuni separatçı rejimin ləğv edilməsi ilə, fikrimcə,
Ermənistana daha cəsarətli davranmağa və ya danışıqlara getməyə mane olan əsas
amil artıq mövcud deyil.
Bir sözlə, biz, qeyd etdiyim kimi, iki gün əvvəl aldığımız ən son təklifləri
dəyərləndirəcəyik və öz şərhlərimizi verəcəyik. Bununla yanaşı, biz müxtəlif
rəsmilər arasında və fərqli kanallar vasitəsilə işçi səviyyədə təmasları
saxlayırıq. Düşünürəm ki, sülh üçün alternativ yoxdur. Əgər sülh sazişi
imzalanmasa, bu, bütöv bölgə üçün çox pis olacaq. Biz istəyirik ki, Cənubi
Qafqaz bölgəsində hər hansı risk olmasın. Əlbəttə, biz istəyirik ki, Ermənistan
nə bu gün, nə də gələcəkdə ərazi bütövlüyümüzü sual altına qoysun və
Azərbaycana qarşı hər hansı ərazi iddialarından tam əl çəksin”.