“İlham Əliyev böyük oyunçuların Cənubi Qafqaz planlarını puç etdi” – RƏY + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“İlham Əliyevin uzaqgörənliyi və sərkərdəlik məharəti ilə böyük oyunçuların
Cənubi Qafqaz planlarını puç etdi, onların müdaxilə imkanlarını sıfırladı”.
Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputatın sözlərinə görə, bu gün Azərbaycanda bütün sahələr üzrə əldə olunan
uğurların əsasını ölkə Prezidenti İlham Əliyevin yürütdüyü, düzgün istiqamətdə
seçilmiş dövlət strategiyası təşkil edir:
“Məhz cənab Prezidentin uğurlu daxili və xarici siyasət xətti ölkəmizin bütün
istiqamətlərdə inkişafının və tərəqqisinin əsasını təşkil edir. İstər iqtisadi,
istər siyasi, istərsə də uğurlu idarəçilik modelinin tətbiqində Azərbaycan
fenomeni dünyada öz sözünü deməkdədir. İyirmi il bundan əvvəl ulu öndər xalqa
müraciətində prezident seçkilərində onun siyasi varisi, Yeni Azərbaycan
Partiyası Sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırmaqla
yanaşı, onun siyasi konturlarını müəyyən edərək, yüksək intellektli, praqmatik
düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və
təşəbbüskar bir şəxsiyyət olduğunu qeyd etdi. Ulu öndər həm də Azərbaycan
dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görüləcəyini
bildirdi. Prezident İlham Əliyev xalqın sevgisini və dəstəyini həm də dövlət
başçısı kimi qazandı, Azərbaycanı dünyanın ən güclü dövlətlərindən birinə
çevirdi”.
Milli Məclisin üzvü qeyd edib ki, 27 il məqsədli şəkildə dünya gücləri
tərəfindən dondurulmuş münaqişə İlham Əliyevin Ali Baş Komandan, qətiyyətli
dövlət rəhbəri, sərkərdəlik məharəti ilə 44 gün ərzində həllini tapdı:
“Azərbaycan Şanlı Zəfərini tarixə qızıl hərflərlə yazdı və bu qələbə
xalqımızın qəhrəmanlıq salnaməsinə çevrildi. Prezidentimizin “dəmir yumruğu”
hesabına tarixi torpaqlarımız düşmən işğalından azad edildi. Prezident İlham
Əliyev liderlik keyfiyyətlərindən danışarkən onun prezident seçildiyi ilk
gündən bu günümüzə qədər Azərbaycanın bütün sahələrdə əldə etdiyi uğurların
inikasını görə bilərik. İlham Əliyev həmişə gələcəyə baxan, on illər sonranı
düşünən və bütün planlarını strateji məqsədlərə uyğun quran liderdir.
Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası kimi mürəkkəb bir
məsələnin həlli də ölkənin hərtərəfli inkişafı və Azərbaycanın fəal
diplomatiyasından qidalanaraq uzunmüddətli perspektivə hesablanan çoxgedişli
siyasi kombinasiyanın reallaşdırılması nəticəsində mümkün ola bilərdi və İlham
Əliyev bunu etdi”.
“Hazırda dünyanın aparıcı dövlətlərinin edə bilmədiyini Azərbaycan edir, İlham
Əliyevin siyasi uzaqgörənliyi və ustalığı bu gün əldə edilən uğurlarımızın,
Qarabağda suverenliyimizin tam şəkildə bərpa olunmasının açarıdır, deyə
bilərik. İqtisadiyyatda, siyasətdə, sosial problemlərin həllində, infrastruktur
layihələrin reallaşdırılmasında məqsədyönlülük görülən işlərin asan və qısa
müddətdə, həm də xətasız başa çatmasını şərtləndirən amildir. Qarabağ
münaqişəsinin həllində Ali Baş Komandan böyük ustalıqla qurduğu mürəkkəb sxemin
hər bir detalını incəliklə, zərgər dəqiqliyi ilə işlədi, öz xalqına güvənərək,
ondan güc alaraq bütün dünyanı haqlı olduğumuza inandırdı, bu məsələdə maneə
yaradan güclərin müqavimətini sındırdı və tarixi ədaləti bərpa etdi. Həm də
bütün bu məsələlər həll edilərkən ardıcıllıq, eyni zamanda zaman-məkan tandemi
əsas götürüldü”, – o qeyd edib.
A.Hüseynov vurğulayıb ki, bu gün dünyanın iri dövlətləri regional müharibələr
səbəbindən çıxış yolu tapmaqda çətinlik çəkirlər:
“Güc amilini önə çıxarıb məsələni qısa müddətdə həll edə biləcəklərini
düşünürlər. Amma müharibə bataqlığının daha dərininə çəkilirlər. Hazırda
dünyanın ən qaynar nöqtələrində proseslərin nəzarətdən çıxmasının əsas
səbəbləri də bundadır. Azərbaycan isə İlham Əliyevin uzaqgörənliyi və
sərkərdəlik məharəti ilə böyük oyunçuların Cənubi Qafqaz planlarını puç etdi,
onların müdaxilə imkanlarını sıfırladı. İlham Əliyev milli lider olduğunu
müharibədən sonrakı 3 il ərzində tarixi əhəmiyyət kəsb edən prosesləri
reallaşdırmaqla da sübut etdi. Bu gün azadlığına qovuşmuş torpaqlarımızda şəhər
və kəndlərimiz yenidən qurulur, yeni yollar çəkilir, Böyük Qayıdış mərhələli
şəkildə həyata keçirilir”.