fa588264-d374-4207-978c-90cae1178db8..jpg

İlham Əliyev Çin Hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsini qəbul edib – YENİLƏNİB + FOTO

Baxış sayı: 741 dəfə baxılıb.

İlham Əliyev Çin Hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsini qəbul
edib – YENİLƏNİB + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Çin
Hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi Vu Honqbonu qəbul edib.

AZƏRTAC

xəbər verir ki, Vu Honqbo İlham Əliyevi prezident seçkilərində qələbəsi
münasibətilə təbrik etdi, Çin Prezidenti Si Cinpinin bu münasibətlə
dövlətimizin başçısına təbrik məktubu göndərdiyini xatırladı və Çin
Prezidentinin salamlarını dövlətimizin başçısına çatdırdı. O, həmçinin COP29-un
Azərbaycanda keçirilməsi münasibətilə Prezident İlham Əliyevi təbrik etdi.

Dövlətimizin başçısı təbriklərə və Çin Prezidentinin salamlarına görə
minnətdarlığını bildirdi, onun da salamlarını Si Cinpinə çatdırmağı xahiş etdi.

Qonaq Prezident İlham Əliyevin güclü rəhbərliyi ilə Azərbaycanın siyasi,
iqtisadi, sosial və digər sahələrdə çox ciddi nailiyyətlər əldə etdiyini
vurğuladı.

Vu Honqbo qeyd etdi ki, 2022-ci ildə Azərbaycan və Çin prezidentləri arasında
Səmərqənddə keçirilmiş görüş əlaqələrimizin inkişafına böyük təkan verib və
bundan sonra münasibətlərimizdə yeni nailiyyətlər əldə edilib. Qonaq bu gün
Azərbaycan-Çin münasibətlərinin tarixdə ən yüksək səviyyədə olduğunu vurğuladı.

Dövlətimizin başçısı Çin Prezidenti ilə Səmərqənddə keçirilmiş görüşü
məmnunluqla xatırladı və həmin görüş əsnasında müzakirə olunan məsələlərin
irəli aparılması istiqamətində hər iki tərəfin ciddi səylər göstərdiyini qeyd
etdi. Prezident İlham Əliyev Azərbaycanın Çin ilə əlaqələri keyfiyyətcə yeni
səviyyəyə qaldırmaqda maraqlı olduğunu vurğuladı.

Dövlətimizin başçısı COP çərçivəsində də ölkəmizin Çin ilə yaxından əməkdaşlıq
etməyə hazır olduğunu bildirdi, Çinin bərpaolunan enerji sahəsində mükəmməl
texnoloji nailiyyətlərə imza atdığını, bu sahədə Azərbaycanın Çinlə əməkdaşlığa
hazır olduğunu dedi. Prezident İlham Əliyev yaşıl keçidin Azərbaycanın
prioritetlərindən biri olduğunu qeyd edərək, bu sahədə birgə istehsal
müəssisələrinin yaradılmasında da ölkəmizin maraqlı olduğunu bildirdi.

Qonaq Azərbaycanın Çinin ərazi bütövlüyünə göstərdiyi davamlı və qətiyyətli
dəstəyə görə minnətdarlığını bildirdi.

Prezident İlham Əliyev Azərbaycanın vahid Çin siyasətini, Çinin ərazi
bütövlüyünü daim dəstəklədiyini və Tayvanın müstəqilliyini tanımadığını, orada
keçirilən seçkiləri qəti şəkildə pislədiyini vurğuladı.

Vu Honqbo Azərbaycan ilə Çin arasında əlaqələrin qarşılıqlı etimad əsasında
inkişaf etdiyini vurğuladı, ikitərəfli münasibətlərin çox yaxşı səviyyədə
olduğunu dedi. Qonaq “Bir kəmər, bir yol” layihəsi çərçivəsində Azərbaycan-Çin
əməkdaşlığını və Orta Dəhlizin ölkəsi üçün böyük əhəmiyyətə malik olduğunu qeyd
etdi.

Dövlətimizin başçısı Orta Dəhlizin mühüm strateji əhəmiyyətə malik olduğunu və
Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əlaqələrini qeyd etdi, Orta Dəhlizin
inkişafı istiqamətində Azərbaycan, Qazaxıstan və Gürcüstanın birgə müəssisə
yaratdığını bildirdi. Bu xüsusda ölkəmizin Çinlə də əməkdaşlığa hazır olduğunu
qeyd edərək, Qazaxıstan Prezidentinin Azərbaycana dövlət səfəri zamanı Çindən
olan yük qatarının Bakıda qəbul edilməsinin mühüm məqam olduğunu vurğuladı və
bunu Orta Dəhlizin nəqliyyat potensialının nümayişi kimi qiymətləndirdi.

Qonaq Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin XI Qlobal Bakı Forumunun
əhəmiyyətini vurğuladı, bu çərçivədə də mühüm müzakirələrin aparılacağını qeyd
etdi.

Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanla Çinin qarşılıqlı
dəstəyi və bu xüsusda əməkdaşlıq, həmçinin ölkələrimiz arasında
mədəni-humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi yüksək
qiymətləndirildi.

17:17

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Çin
Hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi Vu Honqbonu qəbul edib.

Bununla bağlı AZƏRTAC

məlumat yayıb.

Source link