Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə təbrik
məktubu göndərib.
President.az
məktubda deyilir:
“Hörmətli cənab Baş nazir,
Gürcüstanda keçirilmiş parlament seçkilərinin nəticələri və ölkənizin aparıcı
siyasi qüvvəsi olan “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının qələbəsi
münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Bu səsvermə vasitəsilə Gürcüstan vətəndaşları inkişafa, sabitliyə və ənənəvi
dəyərlərə öz dəstəyini ifadə etdilər. İnanıram ki, seçkilərin nəticələri
Gürcüstanın hərtərəfli inkişafına və çiçəklənməsinə xidmət edəcəkdir.
Eyni zamanda, seçkilərin nəticələrinin tarixən dostluq, qardaşlıq və mehriban
qonşuluq şəraitində yaşamış xalqlarımızın iradəsindən qaynaqlanan
Azərbaycan-Gürcüstan dövlətlərarası əlaqələrinin davamlı inkişafına, Cənubi
Qafqazda və daha geniş coğrafiyada ölkələrimizin mövqelərinin daha da
möhkəmlənməsinə töhfə verəcəyinə inamımı ifadə edirəm.
Siyasi dialoqumuzu davam etdirmək üçün Sizi münasib vaxtda Azərbaycana rəsmi
səfərə dəvət edirəm.
Əminəm ki, ölkələrimizin və xalqlarımızın firavanlığı, regionumuzun rifahı və
təhlükəsizliyi naminə strateji tərəfdaşlığımızın möhkəmləndirilməsi, ikitərəfli
və çoxtərəfli qaydada qarşılıqlı faydalı fəaliyyətimizin müvəffəqiyyətlə davam
etdirilməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.
Sizə ən xoş arzularımı çatdırır, dost Gürcüstan xalqına daim əmin-amanlıq və
rifah diləyirəm”.