İlham Əliyev Kayrat Sarıbayı qəbul edib – YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 17-də Asiyada
Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibi Kayrat
Sarıbayı qəbul edib.
President.az
Kayrat Sarıbay Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə
Müşavirədə sədrliyin ölkəmizə keçməsi münasibətilə təbriklərini çatdıraraq,
çoxtərəfli diplomatiyada fəal rol oynayan Azərbaycanın bu sahədə zəngin
təcrübəsinin olduğunu vurğulayıb. O, bu xüsusda ölkəmizin BMT Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvü kimi seçilməsini və fəaliyyətini, Qoşulmama
Hərəkatında uğurlu sədrliyini, həmçinin digər beynəlxalq təşkilatlar
çərçivəsində fəal rolunu qeyd edib.
COP29-un Azərbaycanda keçirilməsi münasibətilə də təbriklərini çatdıran Kayrat
Sarıbay bunu beynəlxalq ictimaiyyətin Azərbaycanın çoxtərəfli diplomatiya
sahəsində roluna hörmətinin və ehtiramının təzahürü kimi qiymətləndirib. O,
ölkəmizin regionda böyükmiqyaslı kommunikasiya layihələrinin həyata
keçirilməsindəki mühüm rolunu da xüsusi vurğulayıb.
Dövlətimizin başçısı təbriklərə görə təşəkkürünü bildirib. Asiyada Qarşılıqlı
Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Asiyada etimad quruculuğu
tədbirlərinin həyata keçirilməsində vacib dialoq platforması olduğunu deyən
Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyini xatırlayıb
və sədrlik çərçivəsində əldə edilmiş təcrübənin bu təşkilata sədrliyin həyata
keçirilməsi baxımından faydalı olduğunu bildirib.
Dövlətimizin başçısı Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi COVID-19
pandemiyası dövründə üzv ölkələr arasında həmrəyliyin gücləndirilməsi və
Qoşulmama Hərəkatının təsisatlanması baxımından atdığı addımlara toxunub, bu
xüsusda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin, Gənclər Təşkilatının və
Qadınlar Platformasının yaradılması istiqamətində təşəbbüsləri vurğulayıb.
Prezident İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə
Müşavirəyə sədrliyin Azərbaycana keçməsi prosesində bütün üzv ölkələrə, o
cümlədən Qazaxıstan tərəfinə təşəkkürünü bildirib.
Söhbət zamanı bu təşkilatın Asiya qitəsində sülhün, təhlükəsizliyin
gücləndirilməsinə və etimad quruculuğu prosesinə töhfə verməsi baxımından böyük
potensiala malik olduğu qeyd edilib, Azərbaycanın üzv dövlətlərlə birgə
çalışaraq Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin
daha da təsisatlanması və sahəvi əməkdaşlığın inkişaf etdirilməsinə öz
töhfəsini vermək əzmində olduğu vurğulanıb.
Görüşdə COP29 çərçivəsində də bu təşkilatın müxtəlif tədbirlərinin
keçirilməsi, eyni zamanda, yaşıl nəqliyyat konsepsiyası və digər sahəvi
əməkdaşlıq məsələlərinə baxılması ilə bağlı müzakirələr aparılıb.
10:23
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 17-də Asiyada
Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibi Kayrat
Sarıbayı qəbul edib.
Bu barədə President.az
verir.