3dd46467-04e6-47e7-80c9-b74e9ba684cb..jpg

İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul edib – YENİLƏNİB + FOTO

Baxış sayı: 571 dəfə baxılıb.

İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul edib – YENİLƏNİB + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 5-də Türkiyənin
sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin millət vəkili və
NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlunu
qəbul edib.

AZƏRTAC

xəbər verir ki, dövlətimizin başçısı Mövlud Cavuşoğluya ölkəmizdə böyük hörmət
bəsləndiyini vurğulayaraq, onun bütün dövrlərdə Azərbaycanın yanında olmasını
yüksək qiymətləndirdiyini bildirdi və xalqımızın bunu çox dəyərləndirdiyini
qeyd etdi. Prezident İlham Əliyev vurğuladı ki, xüsusilə İkinci Qarabağ
müharibəsi zamanı Mövlud Çavuşoğlu müntəzəm surətdə çox önəmli açıqlamalar
verib. O, bütün dünyaya Türkiyənin səsini çatdırıb ki, Azərbaycan tək deyil,
Türkiyə onun yanındadır. Bu açıqlamalar öz növbəsində Azərbaycanın işinə
qarışmaq istəyən qüvvələrin qarşısının alınmasında önəmli rol oynayıb.

Dövlətimizin başçısı bu gün Azərbaycan-Türkiyə birliyinin daha da
güclənməsinin önəmini qeyd edərək bildirdi ki, hazırda dünyada, o cümlədən
Cənubi Qafqazda proseslər çox təhlükəli istiqamətdə gedir və bununla bağlı
Azərbaycan haqlı olaraq öz narahatlığını ifadə edir. Belə ki, Cənubi Qafqaz
üçün cızılan plan gələcəkdə böyük fəlakətə gətirə bilər.

Azərbaycan Prezidenti bildirdi ki, Qarabağı işğaldan azad etməyimiz, xüsusilə
keçən ilin sentyabrında həyata keçirdiyimiz antiterror əməliyyatı bəzi
qüvvələri narahat edib. “Mən hər zaman deyirdim və deyirəm ki, biz haqq
yolundayıq, öz əzəli torpaqlarımızı bütün beynəlxalq qanunlar çərçivəsində
hərbi yolla azad etmişik”, – deyə vurğulayan Prezident İlham Əliyev qeyd etdi
ki, o vaxtdan bugünədək bizə olan təzyiqlər durmadan davam edir. Avropa
Parlamenti təhqirlə dolu çirkin qətnamələr qəbul edib. AŞPA nümayəndə
heyətimizi səsvermə hüququndan məhrum edib. Bunlar çox mənfi fəsadlara gətirə
biləcək addımlardır və bunun yeganə səbəbi Qarabağı işğaldan azad etməyimizdir.

Bu gün ABŞ, Avropa İttifaqı və Ermənistan arasında Brüsseldə keçiriləcək
üçtərəfli görüşə toxunan dövlətimizin başçısı bildirdi ki, bununla Cənubi
Qafqaz üçün növbəti təhlükə mənbəyi yaradılır. Halbuki, son günlər həm ABŞ-ın,
həm də Avropa İttifaqının yüksək vəzifəli şəxsləri onların təşəbbüsü ilə baş
tutan telefon danışıqları əsnasında bizi inandırmağa çalışmışlar ki, bu görüş
Azərbaycanın əleyhinə deyil. Prezident İlham Əliyev qeyd etdi ki, lakin biz
bunun Azərbaycanın və Cənubi Qafqazda iş birliyinin əleyhinə olduğunu bilirik.
Bu, ayırıcı xətlərin yaradılması və ölkəmizi təcrid etmək məqsədi güdür.

Dövlətimizin başçısı bir daha qeyd etdi ki, keçən ilin sentyabrından indiyədək
Avropa Parlamentinin, Avropa Şurasının Azərbaycan əleyhinə bəyanatlar verməsi,
Ermənistanı Cənubi Qafqazda bir silahlı forpost kimi yaratmaq cəhdləri
gələcəkdə çox böyük fəsadlar törədəcək. Buna görə, biz bununla bağlı ABŞ və
Avropadakı tərəfdaşlarımıza xəbərdarlıq etmək üçün açıqlamalar verdik.

Geosiyasi vəziyyətin dəyişdiyini deyən Prezident İlham Əliyev belə bir
şəraitdə Azərbaycan-Türkiyə birliyinin hər zaman olduğu kimi, bu gün də güclü
olmasının vacibliyini qeyd etdi və bu birliyi pozmaq istəyənlərin arzularının
puç olacağına əminliyini bildirdi.

Xoş sözlərə görə minnətdarlığını ifadə edən Mövlud Çavuşoğlu Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da
salamlarını Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş etdi.

Mövlud Çavuşoğlu hər zaman olduğu kimi, bu dəfə də doğma Azərbaycanda
olmalarından böyük sevinc hissi keçirdiklərini dedi. O, İlham Əliyevi prezident
seçkilərində inamlı qələbə münasibətilə təbrik edərək, bunu Azərbaycan xalqının
dövlətimizin başçısına Qarabağda Zəfər qazanan Ali Baş Komandan kimi yüksək
etimadının təzahürü olduğunu dedi.

Azərbaycan Prezidentinin andiçmə mərasimindəki çıxışında Türk dünyasını bizim
bir ailəmiz adlandırdığını qeyd edən Mövlud Çavuşoğlu diqqətə çatdırdı ki,
dövlətimizin başçısının bu çıxışında Türk dünyasının birliyi ilə bağlı dediyi
çox dəyərli fikirlər Türk dünyasında böyük məmnunluqla qəbul olunub. Mövlud
Çavuşoğlu vurğuladı: “Siz dünyada önəmli bir lidersiniz və Sizin Türk
dünyasının güclənməsi istiqamətində atdığınız addımlar bütün Türk dünyasına
bəllidir”.

Prezident İlham Əliyev qeyd etdi ki, həqiqətən də Türk dünyası bizim bir
ailəmizdir və biz bu istiqamətdə çalışmalıyıq.

Mövlud Çavuşoğlu dedi ki, Azərbaycanın Qarabağ Zəfərini həzm edə bilməyən
qüvvələr var və onlar bu istiqamətdə öz siyasətlərini aparmağa çalışırlar.

10:47

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 5-də Türkiyənin
sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin millət vəkili və
NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlunu
qəbul edib.

Bu barədə President.az məlumat
yayıb.

Source link