9877d019-1a03-4c8e-ab9f-e06b8514d8b4.jpg

İlham Əliyev Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədrini qəbul edib

Baxış sayı: 150 dəfə baxılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Pakistan
İslam Respublikası Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Sahir
Şamşad Mirzanı qəbul edib.

AZƏRTAC

xəbər verir ki, dövlətimizin başçısı general Sahir Şamşad Mirzanın səfərinin
ölkələrimiz arasında güclü tərəfdaşlıq, müdafiə və digər sahələrdə əməkdaşlıq
məsələlərinin bir daha nəzərdən keçirilməsi üçün yaxşı imkan yaratdığını deyib.

Prezident İlham Əliyev bu il qardaş Pakistana dövlət səfərinin çox uğurlu və
məhsuldar keçdiyini vurğulayaraq, bunun dostluq və qardaşlıq münasibətlərimizin
daha yüksək səviyyəyə qalxması işinə töhfə verdiyini bildirib.

Dövlətimizin başçısı ölkələrimizin ərazi bütövlüyü və suverenliyi
məsələlərində bir-birini həmişə dəstəklədiyini və bundan sonra da
dəstəkləyəcəyini qeyd edib.

Əməkdaşlığımızın, o cümlədən ticarət sahəsində əlaqələrimizin əsas
istiqamətlərinin artıq müəyyənləşdirildiyini bildirən dövlətimizin başçısı
deyib ki, özünün Pakistana dövlət səfəri zamanı Azərbaycanın bu ölkəyə 2
milyard ABŞ dolları məbləğində investisiya qoyuluşu imkanları barədə bəyanat
verilib və bu sahədə sıx əməkdaşlıq hər iki tərəf üçün faydalı ola bilər.

Müdafiə sahəsində əməkdaşlığa toxunan Prezident İlham Əliyev bir müddət əvvəl
artıq Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalına daxil edilən “JF-17C”
təyyarələrinə baxdığını məmnunluqla xatırlayaraq, onların dünya səviyyəsində ən
yaxşı təyyarərlərdən olduğunu deyib. Dövlətimizin başçısı bu hadisənin müdafiə
və müdafiə sənayesi sahələrində əməkdaşlığımızın daha da gücləndirilməsi işinə
xidmət etdiyini vurğulayıb. Prezident İlham Əliyev müdafiə sənayesi ilə bağlı
genişhəcmli əməkdaşlıqda, o cümlədən istehsal, investisiya, texnologiyalar
sahələrində uğurlu nəticələrin əldə olunacağına əminliyini bildirib.

Dövlətimizin başçısı Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz
Şərifin COP29 tədbirində iştirakının və gələn il ölkəmizə dövlət səfərinin
Azərbaycanda səbirsizliklə gözlənildiyini diqqətə çatdırıb.

Prezident İlham Əliyev Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin
sədrinin Bakıda keçirəcəyi görüşlərin uğurlu olacağına ümidvar olduğunu
bildirib.

Azərbaycan dövlətinin başçısı ilə görüşündən şərəf duyduğunu vurğulayan Sahir
Şamşad Mirza Prezident İlham Əliyevin əfsanəvi şəxsiyyət olduğunu qeyd edib.
Qonaq Pakistan Prezidenti Asif Əli Zərdari və Baş nazir Məhəmməd Şahbaz Şərifin
salamlarını, Pakistan xalqının ən xoş arzularını dövlətimizin başçısına
çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da
salamlarını Pakistanın Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş edib.

Sahir Şamşad Mirza Azərbaycan Prezidentinin Pakistana dövlət səfərinin
ikitərəfli münasibətlərimizin inkişafında tarixi təməl daşı olduğunu deyib.

Qonaq ölkəmizdə keçirilən prezident seçkisində İlham Əliyevin, parlament
seçkisində isə hakim Yeni Azərbaycan Partiyasının qələbəsinin önəmini qeyd
edərək vurğulayıb ki, dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin
müdrik siyasətinin davamçısıdır. Sahir Şamşad Mirza qeyd edib ki, Prezident
İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin inkişafı fenomenal hadisə
olmuşdur. Qonaq bu cür inkişafa, o cümlədən ümumi daxili məhsulun və əhalinin
rifah halının artma templərinə heç bir ölkədə rast gəlinmədiyini deyib.

Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Vətən müharibəsində
Azərbaycanın Qələbəsinin önəmini vurğulayaraq qeyd edib ki, ölkəmizin əsgər və
zabitlər ilə bağlı baxışı, yerli istehsalın təşviqi, müharibədə müdafiə
sənayesi kompleksi və güclü hərbi imkanlarla bərabər, müdafiənin bir növü olan
qabaqlayıcı strategiyanın tətbiqi dünyaya çox aydın bir siqnal oldu ki,
Azərbaycan hədəfə köklənib və irəliləyir.

Ölkəmizdə gedən inkişaf proseslərinin nümunə olduğunu qeyd edən qonaq
Pakistanın Azərbaycan ilə qardaşlıq əlaqələrinin qarşılıqlı inama, səmimiliyə,
əməkdaşlığa, mədəni əsaslara söykəndiyini deyib. O, qarşıdan gələn Zəfər Günü
münasibətilə təbriklərini çatdırdı və bu bayramın Pakistanda da qeyd edildiyini
məmnunluqla vurğulayıb.

Sahir Şamşad Mirza qeyd edib ki, Kəşmir məsələsində Azərbaycan Pakistanın
yanında olduğu kimi, Ermənistan məsələsində də Pakistan Azərbaycanın yanındadır.

10:07

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Pakistan
İslam Respublikası Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Sahir
Şamşad Mirzanı qəbul edib.

Bununla bağlı AZƏRTAC

məlumat yayıb.

Source link