d3a6a372-12d4-41ea-b2dd-2bb568f7182f.jpg

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərdi

Baxış sayı: 188 dəfə baxılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının
Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib.

President.az xəbər verir ki,
məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

29 Oktyabr – Respublika Günü münasibətilə Sizə və Sizin simanızda qardaş
Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi
təbriklərimi və xoş arzularımı yetirməkdən məmnunluq duyuram.

Fəxrlə qeyd etmək istərdim ki, Türkiyə Respublikası tarixinin ikinci
yüzilliyinə siyasi, iqtisadi, hərbi və digər hər bir cəhətdən qüdrətli,
qabaqcıl və sabit, beynəlxalq aləmdə yüksək nüfuz və etimad qazanmış, qlobal
məsələlərdə söz sahibi olan güclü ölkə olaraq qədəm basmışdır. Bütün bu
möhtəşəm nailiyyətlərin əldə olunması məhz Sizin uzaqgörən və müdrik
rəhbərliyiniz altında aparılan siyasət və gərgin əməyiniz nəticəsində mümkün
olmuşdur.

Dünyada güc mərkəzinə çevrilmiş qüdrətli Türkiyənin bütün uğurları bizi də öz
uğurlarımız qədər sevindirir və ruhlandırır. Bu gün Azərbaycan-Türkiyə
münasibətlərinin ən yüksək zirvədə olmasından, sarsılmaz qardaşlığımızdan böyük
fərəh hissi duyuruq. Dinamik və fəal inkişaf edən, regional əməkdaşlığın onurğa
sütununu təşkil edən müstəsna dövlətlərarası əlaqələrimiz bölgədə inkişafa,
sülhə və təhlükəsizliyə böyük töhfə verməklə yanaşı bütün Avrasiya üçün önəmli
amil rolunu oynayır.

İnanıram ki, ortaq tariximizdən, zəngin milli-mənəvi dəyərlərimizdən,
xalqlarımızın qardaşlığı və birliyindən güc alan Azərbaycan-Türkiyə strateji
müttəfiqliyi bundan sonra da birgə səylərimizlə “Bir millət iki dövlət”
prinsipinə uyğun olaraq daha da dərinləşəcək və möhkəmlənəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti
fəaliyyətinizdə müvəffəqiyyətlər, qardaş Türkiyə Respublikasına və xalqına daim
əmin-amanlıq, rifah və firavanlıq arzulayıram”.

Source link