İlham Əliyev Rusiya Hökuməti sədrinin müavinini qəbul edib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 23-də Rusiya
Federasiyası Hökuməti sədrinin müavini, Hökumətlərarası Komissiyanın həmsədri
Aleksey Overçuku qəbul edib.
Bununla bağlı President.az
məlumat yayıb.
Görüşdə ölkələrimiz arasında iqtisadi əməkdaşlıqla bağlı nəticələr baxımından
2023-cü ilin uğurlu olduğu bildirilib. Ötən ilin dekabrında Sankt-Peterburqda
MDB Dövlət Başçılarının qeyri-rəsmi görüşü çərçivəsində Azərbaycan və Rusiya
prezidentlərinin təmasları məmnunluqla xatırlanıb.
Söhbət zamanı iqtisadi əməkdaşlığın geniş gündəliyə malik olduğu vurğulanaraq,
qarşıda bu sahədə yeni istiqamətlər üzrə planların nəzərdə tutulduğu
bildirilib. Ticarət dövriyyəsinin 17,5 faiz, həmçinin yük və tranzit
daşımalarının davamlı artımı əməkdaşlığımızın yaxşı göstəricisi kimi
dəyərləndirilib. Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas
istiqamətləri üzrə 2024-2026-cı illər üçün Yol Xəritəsinin imzalanmasının
əhəmiyyəti vurğulanıb. Aleksey Overçukun səfərinin əlaqələrimizin
genişləndirilməsi işinə xidmət edəcəyinə əminlik bildirilib.
Görüşdə nəqliyyat-logistika, Şimal-Cənub Nəqliyyat Dəhlizinin təşviqi ilə
bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.