İlham Əliyev və Mehriban Əliyeva 74-cü Beynəlxalq Astronavtika Konqresinin
açılışında – YENİLƏNİB + FOTO
Oktyabrın 2-də Bakı Konqres Mərkəzində 74-cü Beynəlxalq Astronavtika
Konqresinin açılış mərasimi keçirilib.
AZƏRTAC
xəbər verir ki, Azərbaycan Respublikasının Prezidentiİlham Əliyev, Birinci
vitse-prezidentMehriban Əliyeva və oğulları Heydər Əliyev tədbirdə iştirak
ediblər.
Əvvəlcə Konqres iştirakçıları ilə birgə foto çəkdirildi.
Açılış mərasimində səhnələşdirilmiş musiqili tamaşa, 1973-cü ildə Bakıda
keçirilmiş 24-cü Beynəlxalq Astronavtika Konqresi və Azərbaycan haqqında
videoçarxlar nümayiş etdirildi.
Sonra Beynəlxalq Astronavtika Federasiyasının tanıtım videoçarxı təqdim olundu.
Beynəlxalq Astronavtika Federasiyasının prezidenti Kley Mouri açılış
mərasimində çıxış etdi.
Sonra Çinin Milli Kosmik Stansiyasının astronavtlarının videomüraciəti oldu.
Beynəlxalq Astronavtika Federasiyasının prezidenti Klay Mouri 1973-cü ildə
Bakıda keçirilmiş 24-cü Beynəlxalq Astronavtika Konqresində Ulu Öndər Heydər
Əliyevin və Prezident İlham Əliyevin astronavtlarla çəkdirdiyi, kosmosda
nümayiş edildikdən sonra geri gətirilən fotoşəkil və digər atributlardan ibarət
xatirə hədiyyəsini Prezident İlham Əliyevə təqdim etdi.
Daha sonra Beynəlxalq Kosmik Stansiyanın astronavtlarının videomüracəti
dinlənildi.
Dövlətimizin başçısı Konqresin açılış mərasimində çıxış etdi.
Prezident İlham Əliyevin çıxışı
– Beynəlxalq Astronavtika Federasiyasının hörmətli prezidenti.
Hörmətli xanımlar və cənablar.
Əziz qonaqlar.
Azərbaycana, Bakıya xoş gəlmisiniz. Əlli ildən sonra Konqres burada yenidən
keçirilir. İlk olaraq, Konqresin Azərbaycanda təşkil edilməsi şərəfinə layiq
görüldüyümüz üçün Beynəlxalq Astronavtika Federasiyasına dərin minnətdarlığımı
bildirmək istəyirəm. Eyni zamanda, mütəmadi dəstəyə görə Beynəlxalq
Astronavtika Akademiyasına və Kosmos Hüququ üzrə Beynəlxalq İnstitutuna
təşəkkür edirəm.
Belə bir mühüm qlobal tədbirə ev sahibliyi etmək bizim üçün şərəfdir. Bu gün
burada 100-dən artıq ölkəni təmsil edən 5000-dən çox iştirakçı var. Əminəm ki,
qonaqlarımızın Konqresdəki işlərindən əlavə, Azərbaycanı, onun xalqını,
tarixini və mədəniyyətini daha yaxından tanımaq imkanı olacaqdır.
Azərbaycan on ildən artıq müddət əvvəl beynəlxalq kosmik ailənin üzvü olub. Bu
gün ikisi telekommunikasiya, biri isə Yer səthinin müşahidəsi peykinə malik
olaraq biz Azərbaycanda kosmik sənayenin inkişafını davam etdiririk. Onu da
bildirim ki, bu üç peyk azərbaycanlı mütəxəssislər tərəfindən idarə olunur və
onlar təkcə Azərbaycana deyil, 45-dən artıq ölkəyə xidmət göstərirlər.
Bakıda keçirilən bu Konqres ölkəmizin kosmik sənaye, müasir texnologiya və
innovasiya sektorlarının inkişafına və onun müasirləşdirilməsinə mütləq yeni
təkan verəcəkdir. Müasirləşdirilmə sözü bizim gələcəklə bağlı baxışımızı,
gündəliyimizi və planlarımızı səciyyələndirir.
Müstəqillik dövründə Azərbaycan beynəlxalq ictimaiyyətin fəal üzvünə çevrilib.
Bizim siyasətimiz hər zaman aydın, şəffaf və birmənalı olub və dostlar
qazanılmasına və əməkdaşlığın gücləndirilməsinə yönəlib. Beynəlxalq
ictimaiyyətin fəal üzvü kimi Azərbaycan çoxsaylı siyasi, iqtisadi və regional
inkişaf layihələrində iştirak edir. Dördüncü ildir ki, biz BMT-dən sonra ikinci
ən böyük beynəlxalq təsisata – Qoşulmama Hərəkatına sədrlik edirik və belə bir
təşkilata sədrlik etmək şərəfinə biz 120 dövlətin yekdil qərarı ilə layiq
görülmüşük. Bu, həqiqətən də Azərbaycanın geniş beynəlxalq dəstəyə malik
olmasının göstəricisidir.
Bununla yanaşı, bizim Avropa institutları ilə də əməkdaşlığımız uğurla inkişaf
edir. Azərbaycan Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında
bəyannamə imzalayıb. Bu, bizim xarici siyasət gündəliyimizi nümayiş etdirir.
Bu, tam açıq gündəlikdir və artıq qeyd etdiyim kimi, əməkdaşlığa və daha geniş
regional iştirak və inklüzivliyə yönəlib.
Azərbaycan iki mühüm beynəlxalq təsisatın – İslam Əməkdaşlıq Təşkilatının və
Avropa Şurasının üzvüdür. Biz eyni vaxtda hər iki təşkilata üzv olan azsaylı
ölkələrdənik və bu iki təşkilatın yüzdən artıq üzvü var. Bu, yalnız bizim
coğrafiyamız və mədəniyyətimizin deyil, həm də siyasi niyyətlərimizin
göstəricisidir. Çünki Azərbaycanın Avropa ilə Asiya arasında yerləşməsi və iki
qitəni birləşdirən, təbii olaraq mədəni, nəqliyyat və hazırda iqtisadi körpü
rolunu oynaması bizə regionumuzda geniş beynəlxalq əməkdaşlıq qurmaq imkanı
verir.
Hesab edirəm ki, dünyanın hər bir ölkəsi üçün coğrafi yerləşmə böyük əhəmiyyət
kəsb edir. Bizim üçün isə coğrafiya fürsət deməkdir. Əsrlər boyu birgə yaşayış
və tərəfdaşlıq tarixinə malik qonşularımız ilə yaxşı münasibətlər sayəsində biz
coğrafi yerləşməmizi müsbət ssenariyə çevirə bilmişik. Bu gün biz üfüqlərimizi
genişləndiririk. Bu mühüm beynəlxalq tədbirin keçirilməsinin bizə həvalə
olunmasını ölkəmizə olan etimadın və fəaliyyətimizə dəstəyin göstərici hesab
edirik.
Əlbəttə, qitələrarası körpü olmağımız cəmiyyətimizin inkişafında mühüm rol
oynamışdır. Azərbaycan əsrlər boyu çoxmədəniyyətli və çoxkonfessiyalı cəmiyyətə
malik olub. Otuz ildən artıq müstəqillik dövründə biz həyat tərzimizin bu
faktorunu gücləndirmişik. Biz bunu sabitliyin, proqnozlaşdırmanın və
Azərbaycanda yaşayan bütün etnik qrupların və bütün dini konfessiyaların dinc
birgə yaşayışı üçün əhəmiyyətli faktor hesab edirik. Biz həqiqətən də bir ailə
kimi yaşayırıq və bir sıra beynəlxalq təşkilatlar bunu qeyd edib və bu, onların
qərarlarında öz əksini tapıb. BMT Azərbaycanın multikulturalizmin təşviqi
sahəsindəki səylərini tam dəstəkləyir. Yeri gəlmişkən, ölkəmizin təşəbbüsü ilə
mütəmadi olaraq keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu müxtəlif
sivilizasiyaların nümayəndələri arasında təmasların daha nəticəyönümlü olması
üçün unikal platformadır.
Azərbaycan on ildən çoxdur ki, Bakı Prosesinin təşəbbüskarıdır. Tarixdə ilk
dəfə idi ki, Avropa Şurası və İslam Əməkdaşlığı Təşkilatı vahid platforma
çərçivəsində bir araya gətirildi və burada qlobal siyasət, mədəniyyətlərarası
dialoq və dinc inkişafa dair vacib məsələlər müzakirə edildi.
Azərbaycan, həmçinin dünyada ilk dəfə – XIX əsrin ortalarında neftin hasil
edildiyi ölkə kimi tanınır. O zaman dünyada neft hasilatının yarısı
Azərbaycanın payına düşürdü. Bir çoxları bəlkə də bunu bilmir, ancaq XX əsrin
ortalarında dünyada ilk dəfə dənizdə neft məhz Azərbaycanda – Xəzər dənizində
azərbaycanlı neftçilər tərəfindən hasil edilib.
Bu gün müstəqil ölkə olaraq, bizim təbii sərvətlərimiz xalqımızın mənafeyinə
xidmət edir. Müstəqillik illərinin sürətli transformasiyası bizim təbii
sərvətlərimizin düzgün istifadəsinin təzahürüdür. Neftlə zəngin olan bəzi
ölkələr üçün neft lənət deməkdir. Bizim üçün isə bu inkişaf etmək,
müstəqilliyimizi gücləndirmək, milli kimliyimizi qorumaq və güclü iqtisadiyyat
qurmaq üçün vasitə idi.
Bu gün enerji və nəqliyyat marşrutlarının, o cümlədən boru kəmərlərinin
xəritəsinə nəzər salsanız, orada Azərbaycanın dəst-xəttini görərsiniz. Bizim
təşəbbüskarı olduğumuz, qonşularımız və tərəfdaşlarımızla uğurla həyata
keçirdiyimiz layihələr təkcə bizim regionun enerji təhlükəsizliyinə töhfə
vermir. Bu gün hər kəsə məlumdur ki, enerji təhlükəsizliyi hər bir ölkənin
milli təhlükəsizliyinin tərkib hissəsidir. Bu gün Azərbaycan beynəlxalq
bazarlarda enerji ehtiyatlarının etibarlı təchizatçısıdır və Avropa İttifaqı
tərəfindən etibarlı pan-Avropa təchizatçısı hesab edilir. Lakin tərəfdaşlarımız
arasında müxtəlif qitələrdə yerləşən onlarla ölkə var və bütün səylər
beynəlxalq əməkdaşlığa, proqnozlaşdırmaya və eyni zamanda, ölkəmizin uğurlu
iqtisadi inkişafına xidmət edir.
Üç il əvvəl biz təxminən 30 il ərzində pozulmuş ərazi bütövlüyümüzü bərpa
etdik. Biz təcavüzdən, işğaldan və etnik təmizləmədən əziyyət çəkdik və bu,
millətimiz üçün böyük faciə, böyük humanitar fəlakət idi. 1990-cı illərin
əvvəlində torpaqlarımız işğal olunanda, bir milyondan çox azərbaycanlı qaçqın
və məcburi köçkün vəziyyətinə düşdü və o vaxt əhalimizin sayı 8 milyon idi. Bu
rəqəm hər hansı ölkə ilə müqayisədə, bəlkə də adambaşına olan ən yüksək qaçqın
sayı idi. Həmin vaxt, biz çox yoxsul idik. Biz öz təbii sərvətlərimizin
istismarına hələ başlamamışdıq. Açıq dənizə çıxışı olmayan ölkəmizdə
hərc-mərclik hökm sürürdü və gələcək üçün perspektivlər o qədər də aydın
görünmürdü.
Lakin xalqımız güclü siyasi iradəsini nümayiş etdirdi. Biz uzun illər
münaqişənin sülh yolu ilə həllini tapmağa və işğala dinc yolla son qoymağa
çalışdıq. 28 il ərzində biz danışıqlar prosesinə qəti surətdə sadiq qaldıq,
lakin əfsuslar ki, biz anladıq: bunu sülh yolu ilə etmək mümkünsüzdür. Biz
özünümüdafiə hüququmuzdan istifadə etdik. Biz BMT nizamnaməsinin hər bir ölkəyə
verdiyi hüquqdan, özünümüdafiə hüququndan istifadə etdik və üç il əvvəl öz
ərazilərimizi azad edərək işğala son qoyduq. Bir aydan da az müddət əvvəl biz
ölkəmizin suverenliyini tam bərpa etdik.
Əfsuslar olsun ki, işğala son qoymaq öhdəliyini üzərinə götürmüş beynəlxalq
təşkilatlar hər hansı nəticəyə nail olmadı. BMT Təhlükəsizlik Şurası erməni
qoşunlarının ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən
dörd qətnamə qəbul etdi. Lakin həmin qətnamələr 27 il icra olunmadı. Biz həmin
qətnamələri insanlarımızın həyatını qurban verərək özümüz icra etdik. ATƏT kimi
beynəlxalq təşkilatların da danışıqlarda vasitəçilik etmək mandatı var idi,
lakin nəticə sıfır oldu və Azərbaycan cəmiyyətində tam məyusluq və narazılıq
yaratdı.
Ərazi bütövlüyünün və suverenliyin bərpasında əldə etdiyimiz təcrübə müəyyən
formada unikal oldu. Zorakılıqla üzləşdiyimiz münaqişəyə son qoyduq. Biz
ləyaqətimizi qoruduq. Biz ədaləti və beynəlxalq hüququ bərpa etdik. İndi isə
Qafqazda sülh üçün vaxt yetişib. Bu, bizim gündəliyimizdir. Gündəliyimiz
Qafqazda sülhün, regionda sülhün, əməkdaşlığın qurulmasıdır və hamı üçün
faydanın gətirilməsidir.
Bu gün biz göstəririk ki, həqiqətən müstəqil ölkə olmaq üçün güclü
iqtisadiyyat lazımdır. Biz aydın şəkildə anlayırıq ki, bütün əsas səylərimiz
özünü təmin edən iqtisadiyyatın necə qurulmasına yönəlmişdir. Yəni, biz hər
hansı qlobal güc mərkəzindən və ya hər hansı maliyyə təsisatından asılı
vəziyyətə düşməyək. Biz buna nail olduq.
Nəzərə alsaq ki, qonaqlarımızın əksər hissəsi Azərbaycana ilk dəfədir səfər
edir, mən sizə bəzi rəqəmlərlə bağlı məlumat vermək istərdim. Hesab edirəm ki,
həmin rəqəmlər Azərbaycanda son zamanlarda əldə olunmuş nailiyyətləri aydın
şəkildə nümayiş etdirir. Beləliklə, son 20 il ərzində, ümumi daxili məhsul dörd
dəfə artıb, büdcə gəlirlərimiz 30 dəfədən çox artıb, xarici ticarət dövriyyəsi
on dəfədən çox artıb. Biz birbaşa xarici borcun həcmini azalda bildik və
hazırda o, ümumi daxili məhsulun təxminən 10 faizini təşkil edir. 2024-cü ilin
sonuna qədər, planlarımıza uyğun olaraq, onun həcmi ümumi daxili məhsulun
təxminən 7-7,5 faizini təşkil edəcək. Azərbaycanın xarici valyuta ehtiyatları
birbaşa xarici borcumuzu on dəfə üstələyir. Başqa sözlə, əgər lazım gələrsə,
biz bütün borclarımızı bir neçə ay ərzində ödəyə bilərik. Biz çox müsbət
sərmayə mühitini nəinki enerji, o cümlədən digər sektorlarda yaratmışıq.
Beləliklə, son 20 il ərzindəki sərmayələrin ümumi həcmi 300 milyard ABŞ
dollarından çoxdur və onlardan 190 milyard dolları qeyri-enerji sektoruna
yatırılmışdır.
Müstəqilliyimizin əvvəlində üzləşdiyimiz böyük çağırışlardan biri məlum olan
yoxsulluq idi. 20 il əvvəl yoxsulluq şəraitində yaşayan insanların sayı 50
faizə yaxın idi. Hazırda isə yoxsulluq 5,5 faiz təşkil edir və onu göstərir ki,
hasil etdiyimiz və beynəlxalq bazarlara çıxardığımız təbii sərvətlər lazımi
qaydada idarə olunub. Milli sərvətlərin bərabər paylanması bu gün beynəlxalq
ekspertlər və ən vacibi isə, Azərbaycan xalqı tərəfindən qeyd olunur. Bir
sözlə, bütün bunlar əslində göstərir ki, ölkə çox dayanıqlı vəziyyətdədir.
Siyasi, iqtisadi və sosial sabitlik inkişafımızın mühüm meyarıdır, çünki
aydındır ki, əgər vəziyyət sabit və proqnozlaşdırılan olmasa, investorların
gələrək öz kapitalını risk altına atmasını gözləmək olmaz.
Ümid edirəm ki, qonaqlarımızın söylədiklərimi öz gözləri ilə görmək,
insanlarla tanış olmaq və Azərbaycanı daha yaxşı tanımaq imkanı olacaq. Bəli,
bizim qədim tariximiz var və o, videoçarxda göstərildi. Bizim qədim
mədəniyyətimiz var. Lakin müstəqil ölkə kimi biz hələ çox gəncik, cəmi 32
yaşımız var.
Yekunda bir daha söyləmək istərdim ki, biz Konqresə ikinci dəfə ev sahibliyi
etməkdən olduqca fərəhlənirik, çünki qeyd edildiyi və göstərildiyi kimi, o,
artıq bir dəfə 1973-cü ildə təşkil olunmuşdur. 24-cü Konqres Bakıda
keçirilmişdir. Mən bütün qonaqlarımıza və xüsusən də, mənə əziz olan fotonu
kosmosa çıxaran cəsur Çin astronavtlarına çox minnətdaram. Bu, sanki onu
göstərir ki, mən özüm də oradayam. Mən sizin icmanızın bir hissəsiyəm.
Əlbəttə ki, belə bir mühüm tədbirə ikinci dəfə ev sahibliyi etmək bizim üçün
böyük şərəfdir və mən həmin qərarın qəbul olunmasında iştirak edən bütün
şəxslərə bir daha təşəkkürümü bildirirəm. Beləliklə, Konqres ikinci dəfə
Bakıda, eyni şəhərdə keçirilir. Lakin ölkə eyni deyil. Bu gün həmin qlobal
tədbirin ev sahibi müstəqil Azərbaycandır. Bizimlə olduğunuza görə bir daha
təşəkkür edirəm və Konqresə uğurlar arzulayıram.
Sonra bir sıra nominasiyalar üzrə qaliblərə mükafatlar təqdim olundu.
Açılış mərasimi konsert proqramı ilə davam etdi.
Qeyd edək ki, 2022-ci il mayın 28-də Bakıda ilk dəfə keçirilən “TEKNOFEST
Azərbaycan” Aerokosmik və Texnologiya Festivalında Azərbaycan
Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə
“Akıncı” pilotsuz uçuş aparatının üzərinə imza atmışdılar.
74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində Selçuk Bayraktar həmin
pilotsuz uçuş aparatının kiçik ölçülü maketini dövlətimizin başçısına hədiyyə
etdi.
10:20
Bu dəqiqələrdə Bakı Konqres Mərkəzində 74-cü Beynəlxalq Astronavtika
Konqresinin açılış mərasimi keçirilib.
AZƏRTAC
xəbər verir ki, Azərbaycan Respublikasının Prezidentiİlham Əliyev və Birinci
vitse-prezidentMehriban Əliyeva və oğulları Heydər Əliyev tədbirdə iştirak
ediblər.
Dövlətimizin başçısı Konqresin açılış mərasimində çıxış edib.