İlham Əliyev Zəngilanda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunda çıxış edib
– YENİLƏNİB + FOTO/VİDEO
Sentyabrın 29-da BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) və Azərbaycan
Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə
keçirilən “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində Zəngilanda “Davamlı
şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan
qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimi
keçirilib.
AZƏRTAC
xəbər verir ki, Azərbaycan Respublikasının Prezidentiİlham Əliyev Forumun
açılış mərasimində iştirak edib.
Dövlətimizin başçısı tədbirdə çıxış edib.
Prezident İlham Əliyevin çıxışı:
– BMT-nin Məskunlaşma Proqramının hörmətli icraçı direktoru.
Hörmətli qonaqlar, xanımlar və cənablar.
Zəngilana xoş gəlmisiniz. Sizi burada – Azərbaycanın qədim bölgəsində, Şərqi
Zəngəzurda salamlayıram. Bu gün bu region Azərbaycanın bütün Qarabağ bölgəsi
kimi, sıfırdan yenidən inşa edilir.
İlk olaraq bütün qonaqlarımıza təşəkkürümüzü bildirirəm. Bu gün burada 53
ölkədən qonağımız var. 200-ə yaxın xarici qonaq və ümumilikdə 400 iştirakçı bu
gün bizimlədir. Bu, bizim ikinci Azərbaycan Milli Şəhərsalma Forumumuzdur,
bizim dostluğumuzun təzahürüdür. Bizim birgə marağımızın təzahürüdür ki, işğal
dövründə tamamilə dağıdılmış əraziləri yenidən inşa edək.
Xüsusi olaraq, xanım icraçı direktora təşəkkür etmək istəyirəm ki, bizim
təşəbbüsləri daim dəstəkləyib, şəhərsalma ilə bağlı dəyərli tövsiyələrini verib
və verir. Biz sıfırdan yeni şəhər və kəndlər inşa edirik. Ona görə də burada
müasir texnologiyalar tətbiq etməliyik ki, bununla da keçmiş köçkünlərimizə ən
yaxşı şərait yaradaq. Onların bir hissəsi artıq qayıdıbdır.
Ötən il biz birinci Şəhərsalma Forumunu Ağdam şəhərində keçirmişdik. Həmin
şəhər də sıfırdan inşa edilir, çünki o, işğal dövründə darmadağın edilmişdir.
Zəngilan azad olunmuş ərazilərin ilk bölgəsidir ki, artıq burada keçmiş
məcburi köçkünlər evlərinə qayıdıb. Ağalı “ağıllı kəndi”nə, – burada videoda da
siz onu gördünüz, – ötən bahar aylarında həyat qayıdıb. Orada sakinlər xoşbəxt
yaşayırlar. Mən Ağalı kəndində dəfələrlə olmuşam – sakinlərin qayıdışından
əvvəl və sonra. Mən onun şahidi oldum ki, oraya qayıdan insanlar öz köklərinə
nə dərəcədə bağlıdırlar. Heç zaman öz vətənini görməyən gənc nəsil qayıdıb. Bu,
onu nümayiş etdirir ki, Azərbaycan xalqı öz köklərinə necə dərindən bağlıdır.
Bütün keçmiş məcburi köçkünlər səbirsizliklə gözləyirdilər ki, bizim torpaqlar
azad edilsin və onlar qayıtmaq imkanına malik olsunlar. Onlar bu imkandan 30 il
ərzində Ermənistan tərəfindən məhrum edilmişdi. Ancaq üç il əvvəl biz bu işğala
son qoyduq.
Bu gün Zəngilan beynəlxalq tədbirə ev sahibliyi edir. Bu, yenidən inşa edilmiş
Konqres Mərkəzi dünən açılıb. Təkcə bu bina deyil, Zəngilanın müxtəlif
istiqamətlərində fəal işlər gedir. Dediyim kimi, ilk “ağıllı kənd” Zəngilan
rayonunda yerləşir. Bu şəhərin Baş planı artıq təsdiq edilib. Biz
infrastruktura böyük vəsait ayırmışıq, bir neçə yaşayış layihəsi icra
edilməkdədir. 2025-ci ildə, ola bilər bir az da tez, Zəngilan şəhərinin ilk
sakinləri qayıdacaqlar.
Biz Zəngilanı mühüm nəqliyyat qovşağı hesab edirik, çünki onun coğrafi mövqeyi
bunu labüd edir. Zəngilan nəqliyyat dəhlizləri üzərində yerləşir və ona görə
Zəngilan Beynəlxalq Hava Limanının inşası da bu bölgənin inkişafı baxımından
mühüm faktor olmuşdur. O, insanlar üçün asan çıxışı təmin edəcəkdir. Gələcəkdə
isə, əminəm ki, Zəngilanda xarici turistlərin sayı çox olacaqdır. Çünki bu
bölgə Azərbaycanın ən gözəl guşələrindəndir. Meşələri, çayları, gölləri və
misilsiz ekosistemi olan Zəngilan bizim ən böyük sərvətimizdən biridir. Əminəm
ki, vaxt keçdikcə bu, turistlər tərəfindən ən çox sevilən bölgə olacaq.
Zəngilan Beynəlxalq Hava Limanı azad olunmuş ərazilərdə inşa edilmiş ikinci
hava limanıdır. Üçüncüsü isə hazırda Laçında inşa edilir və iki il ərzində o
hava limanı da istifadəyə veriləcək.
Eyni zamanda, biz sovet dövründə mövcud olan dəmir yolu xəttini bərpa edirik.
Çünki işğal dövründə həmin dəmir yolları Ermənistan qüvvələri tərəfindən
sökülüb. Bu gün Horadizdən Zəngilana çəkilən dəmir yolunun inşası fəal
fazadadır və tezliklə bu nəqliyyat dəhlizinin bu mühüm hissəsi hazır olacaq.
Bu, Azərbaycanın əsas ərazisini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək
layihədir. Oradan isə həmin dəmir yolu İran və Türkiyəyə keçəcək və nəhayət
Avropaya çatacaq. Tezliklə biz bu layihəni istifadəyə verəcəyik. Yəni, Zəngilan
çox vacib nəqliyyat mərkəzi olacaq. Dəmir yolu xətləri, hava limanı – bu gün bu
istiqamətdə altı və dörd zolaqlı avtomagistrallar inşa edilir. Paytaxt Bakıdan
bütün bu istiqamətlərdə 2000 kilometrdən çox yeni magistral yollar inşa olunur.
Yəni bu, irihəcmli tikinti layihələridir və azad olunmuş hər bir rayon xüsusi
Baş plana malikdir.
Biz Zəngilanda təkcə pilot yaşayış layihəsi deyil, həmçinin pilot kənd
təsərrüfatı layihəsi həyata keçiririk. “Dost Aqropark” adlanan bu layihə
Azərbaycan və Türkiyə şirkətlərinin birgə müəssisəsidir və həmin aqropark artıq
fəaliyyətdədir. Hesab edirəm ki, Zəngilan gələcəkdə Azərbaycanın qida
təhlükəsizliyinə töhfə verəcək. Artıq 6000 baş anqus cinsindən olan qaramal
idxal edilib, onların sayı 10 minə çatdırılacaq. Burada, Laçın və Kəlbəcərdə də
böyük yaşıllıq ərazilər var və hər zaman, keçmişdə də bu ərazidə maldarlıq
inkişaf etmişdir. Ona görə də burada bu potensial var.
Eyni zamanda, yeni iş yerləri yaradılır, çünki buraya – evlərinə, Vətəninə
qayıdan insanlar işlə təmin edilməlidir. Bizim Böyük Qayıdış Proqramımızın bir
tərkib hissəsi də məşğulluqdur, eyni zamanda, aşağı faizli, imtiyazlı
kreditlərin verilməsi və təbii ki, sosial infrastrukturun inşası. Zəngilanda
artıq böyük bir məktəb binası inşa edilməkdədir. Zəngilan məscidinin inşası
yekunlaşır. O, ermənilər tərəfindən məhv edilən qədim məscidin yanında inşa
edilib. Bizim işğal altında olmuş bütün torpaqlarımızdakı 67 məsciddən 65-i
məhv edilmişdir, 2-si isə yarı dağıdılmış vəziyyətdə olmuşdur. Bu isə, əlbəttə,
Azərbaycana qarşı urbisid və kultursidin təzahürüdür.
Bu gün isə bu torpağın sahibləri, əsl sahibləri qayıdıb, sürətli inkişaf baş
verir. Böyük Qayıdış Proqramı haqqında danışarkən deyə bilərəm ki, həmin
proqram bütün azad olunmuş ərazilərin bərpasını əhatə edir. Təkcə bərpa etmək
deyil – burada müasir texnologiyalar, “ağıllı şəhər” və “ağıllı kənd”lər inşa
olunur. Burada ən müasir şəhərsalma nümunələri istifadə edilir.
İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra bu günədək bərpa işlərinə
Azərbaycan büdcəsindən 7 milyard ABŞ dolları həcmində vəsait sərf edilib.
Növbəti il üçün planlaşdırdığımız minimum büdcə 2,4 milyard ABŞ dolları
olacaqdır. Bu, təbii ki, parlamentdə yenidən müzakirə ediləcək və dediyim kimi,
Azərbaycan bunu öz şəxsi dövlət vəsaiti hesabına həyata keçirir. Biz heç bir
maliyyə dəstəyi, heç bir maliyyə yardımı almırıq. Burada istisna iki qardaş
ölkədir – Özbəkistan və Qazaxıstan prezidentləri çox səxavətli şəkildə bizə
biri məktəb, biri isə incəsənət mərkəzini hədiyyə edib. Özbəkistan Füzulidə
məktəb tikdi, digəri isə yekunlaşmaq üzrədir.
Yəni, bu, Azərbaycan üçün çox böyük maliyyə yüküdür. Ancaq Böyük Qayıdış
Proqramının icrası bizim üçün bir nömrəli vəzifədir.
İnsanlar erməni işğalından çox əziyyət çəkiblər, çətin şəraitdə yaşayıblar,
mənəvi çətinliklərlə üzləşiblər. Onlar özlərinin haqlı hüquqlarından məhrum
ediliblər, öz Vətənlərindən məhrum ediliblər, qəbiristanlıqlarını ziyarət
etməkdən məhrum ediliblər. Yeri gəlmişkən, qəbiristanlıqların böyük bir hissəsi
işğalçı qüvvələr tərəfindən tamamilə dağıdılıb. Onlar bu imkanı, bu fürsəti 30
il gözləyirdilər ki, buraya qayıda bilsinlər. İkinci Qarabağ müharibəsi – bizim
şanlı Qələbəmizlə bitən müharibə onlara bu şəraiti yaratdı. Bu gün onların
bizdən gözləntiləri odur ki, onları tezliklə bu yerlərə qaytaraq.
Böyük Qayıdış Proqramı və onun icrası artıq imkan vermişdir ki, keçmiş məcburi
köçkünlər Laçın şəhərinə qayıtsınlar, Füzuli şəhərinə qayıtsınlar, Ağalı
kəndinə qayıtsınlar, Talış və Zabux kəndlərinə qayıtsınlar. Yəni, bu gün 8
şəhər və 92 kəndin Baş planı artıq təsdiqlənib və 30 kəndin təməli qoyulub.
Qarşıdan gələn illərdə çox böyük, irihəcmli yaşayış layihələri həyata
keçiriləcək, xüsusən də Şuşa və digər şəhərlərdə. Bu, bizim proqramın tərkib
hissəsidir.
Digər bir element infrastrukturdur. Məsələn, dünən mən burada – Zəngilanda 10
meqavat gücündə yeni Su Elektrik Stansiyasının açılışını etdim. Ancaq növbəti
altı ay ərzində onun imkanları 40 meqavata çatdırılacaq. Azad olunmuş
ərazilərdə bu gün 90 meqavat həcmində hidroelektrik enerji artıq təmin edilir.
Yəni, azad olunmuş bütün ərazilərimiz yenidən bizim mərkəzi şəbəkəmizə qoşulur
və tam inteqrasiya edilib. Bizim azad olunmuş ərazilərdə hidroelektrik
enerjinin həcmi bu ilin sonunadək 170 meqavat, 2024-cü ilin sonuna qədər 270
meqavat olacaq. Bu da təbii ki, bizim yaşıl enerji gündəliyimizə böyük töhfə
olacaq. Çünki Şərqi Zəngəzur və Qarabağın 10 min meqavat yaşıl enerji
potensialı var. Buraya həm günəş, həm külək, həm də su elektrik stansiyaları
aiddir. Bu, Azərbaycanın potensialının cüzi bir hissəsidir. Xəzər dənizinin
Azərbaycan sektorunda külək enerjisinin potensialı 157 qiqavat təşkil edir.
Tezliklə, Azərbaycan yaşıl enerjini ixrac edən ölkə olacaqdır. Hətta yaşıl
hidrogen ixrac ediləcəkdir. İlkin hesablamalara görə, bizim potensialımız çox
böyükdür. Günəş enerjisinə gəldikdə, artıq Cəbrayıl rayonunda 240 meqavat
həcmində yeni stansiya tezliklə icra olunacaq. Ümid edirəm ki, bu layihəyə
gələn il başlanılacaq.
Enerji potensialı, nəqliyyat, yaşayış layihələri – bunların hamısı bizim
gündəliyimizin tərkib hissəsidir. Əminəm ki, biz bütün vəzifələrə, hədəflərə
nail olacağıq və növbəti üç ildə 100 mindən çox keçmiş məcburi köçkünü evlərinə
qaytaracağıq. Yeri gəlmişkən, qeyd edim ki, artıq 2300 məcburi köçkün evlərinə
qayıdıb və ilin sonunadək onların sayı 5500-ə çatdırılacaq.
Diqqətinizə çatdırmaq istədiyim digər məsələ odur ki, Ermənistanın işğalından
əziyyət çəkən köçkünlərimiz 30 il ərzində Azərbaycanın müxtəlif bölgələrində
yaşayırdılar. Hökumət hər il onlar üçün 300-500 milyon ABŞ dolları arasında
vəsait ayırırdı ki, yeni yaşayış layihələri icra edilsin, yeni yaşayış
məntəqələri tikilsin. 300 mindən çox məcburi köçkün yaxşı şəraitlə, yeni
mənzillərlə, evlərlə təmin edilmişdir. Ancaq torpaqlarımız azad edilən kimi,
biz sorğu keçirdik və onların mütləq əksəriyyəti evlərinə qayıtmaq arzusunu
ifadə etdilər. Bu gün artıq qayıtmaq istəyən insanlardan ibarət növbə yaranıb.
Onlar Bakıdan, ölkəmizin ikinci böyük şəhəri Sumqayıtdan, Gəncədən və digər
bölgələrimizdən qayıtmaq istəyirlər. Onlar şəhərlərdən kəndlərə qayıtmaq
istəyirlər. Yəni, bunu da düzgün qiymətləndirmək lazımdır. Bu gün hər kəs
urbanizasiyadan danışır. Bizdə də bu mövzu var. Bizim bu problemimiz uzun
illərdir yaşanır – insanlar bölgələrdən, kəndlərdən şəhərə can atır. Çünki
şəhərdə daha çox iş yerləri, məşğulluq imkanları var və özləri üçün daha yaxşı
şərait yaratmaq istəyirlər. Amma bu gün biz onun şahidiyik ki, Bakıdan,
Sumqayıtdan, Gəncədən, Mingəçevirdən, digər şəhərlərdən kəndlərə axın baş
verir. Bu isə ilk növbədə Azərbaycan xalqının öz Vətəninə nə dərəcədə bağlı
olduğunu göstərir. Onlar öz vətənlərində, əcdadlarının vətənlərində yaşamaq
istəyirlər.
Hesab edirəm ki, bu gün burada – Zəngilanda, növbəti günlərdə Forumun Bakıda
davam etdiyi müddətdə müzakirələr təkcə şəhər planlaması və inkişafa dair
təcrübə mübadiləsi ilə bağlı olmayacaq, regionun gələcəyi barədə də fikir
mübadiləsi aparılacaq. Biz bu regionun gələcəyini necə görürük? Diqqətinizə
çatdırmaq istəyirəm ki, bizə qarşı 30 il ərzində etnik təmizləmə, işğal və
ərazilərimizin məhvi həyata keçirilib, bir milyondan çox azərbaycanlı
evlərindən didərgin salınıb. Onların 200 mindən çoxu hazırkı Ermənistan
ərazisindən deportasiya olunub. Bizim şəhərlərimiz, kəndlərimiz darmadağın
edilib. Otuz il ərzində işğalçı qüvvələr bizə buraya qayıtmağa imkan vermirdi
və beynəlxalq ictimaiyyətin münaqişənin dinc yolla həllinə dair bütün səylərini
bloklayırdılar. Təsəvvür edirsinizmi, 1992-ci ildən 2020-ci ilə qədər
danışıqlar aparıldı. Sonsuz, mənasız danışıqlar aparılırdı və onların nəticəsi
sıfır idi. Danışıqlara vasitəçilik edən ölkələrə baxsaq, görərik ki, onlar
istəsəydilər, buna çoxdan nail olmuşdular. Baxın, BMT Təhlükəsizlik Şurasının
üç daimi üzvü, üç nüvə ölkəsi – onlar keçmiş Minsk qrupunun həmsədrləri idi. O
qrup ki, işğala son qoymaq üçün mandatı var idi və bu, ATƏT-in çətiri altında
həyata keçirilirdi. Amma bizim üçün digər hüquqi çərçivə də var idi. BMT
Təhlükəsizlik Şurasının 4 qətnaməsi var idi ki, onlar bizim ərazilərimizin
işğaldan qeyd-şərtsiz və tam azad olunmasını tələb edirdi. Onlar 1993-cü ildə
qəbul edilmişdi. Onlar kağız üzərində qalmışdı. Çünki siyasi iradə yox idi və
məlum idi ki, Ermənistan bunu istəmir. Onlar status-kvonu əbədi saxlamaq
istəyirdilər. Onlar bizim torpaqlarımızı daim öz nəzarətində saxlamaq
istəyirdilər. Onlar bu yerlərdə, o cümlədən burada – Zəngilanda qanunsuz
məskunlaşma aparırdılar. Ola bilər ki, bu, Zəngilanda o qədər də geniş vüsət
almamışdı, amma Laçında, Kəlbəcərdə, Şuşada minlərlə qeyri-qanuni sakin
məskunlaşdırılmışdı. Onlar Yaxın Şərqdən və digər ölkələrdən, diaspor
tərəfindən dəvət edilmişdilər.
Ermənistan beynəlxalq hüququn normalarını və qaydalarını kobud şəkildə
pozurdu. Cenevrə Konvensiyasına əsasən, cinayət törədirdi. Ancaq beynəlxalq
ictimaiyyət bu ölkəyə qarşı sanksiya tətbiq etmədi. Onları heç ictimai şəkildə
qınamadılar. Onlara açıq şəkildə çağırış etmirdilər ki, öz qoşunlarını bizim
ərazimizdən çıxarsın.
Beləliklə, İkinci Qarabağ müharibəsinin başlaması təkcə Ermənistanın işğal
siyasəti ilə bağlı deyildi, bu məsələni həll etməyə mandatı olan ölkələrin bunu
gözardı etməsi idi. Sülhə nail olmaq olardı, bu, mümkün idi. Azərbaycan hər
zaman danışıqlar masasında konstruktiv idi. Biz 28 il ərzində ədalətin bərpa
edilməsini gözlədik. Nəticədə isə bunu özümüz etməli olduq. Biz 44 gün ərzində
bunu etdik. 44 günlük müharibə qaçılmaz idi. İlk olaraq artıq sadaladığım
səbəblərdən, ikincisi isə Ermənistan bu məsələni dondurmaq istəyirdi. Hesab
edirdi ki, Azərbaycanda yeni yetişən nəsil Qarabağı unudacaq. Amma onlar böyük
səhvə yol verdilər. Bu gün Füzulidə, Laçında, Zabuxda, Ağalıda, Talışda təhsil
alan yüzlərlə məktəbli bu torpaqları görməyib. Çünki Azərbaycan xalqının
yaddaşından bu tarixi, bu torpaqları heç kim silə bilməz. Aydın idi ki,
Ermənistan vəziyyəti məhz bu şəkildə öz nəzarəti altında saxlamaq istəyirdi.
Düşünürdülər ki, nə sülh, nə müharibə – davamlı danışıqlar məhz belə də
sürəcək. Eyni zamanda, yeni Ermənistan hakimiyyəti ilə bağlı ümidlər də
tədricən boşa çıxdı.
Əvvəlki hökumət, nəzər salsaq aydın görərik ki, Ermənistan kriminal hərbi
cinayətkarlar tərəfindən idarə olunan bir rejim idi. İki prezident özləri
Xocalı soyqırımında iştirak edənlər idi. Onlar buna görə cavab verməlidirlər,
məsuliyyət daşımalıdırlar. Onlar Azərbaycan torpaqlarını talayanlar idi. İyirmi
il ərzində onlar əllərindən gələni edirdilər ki, bizim işğal olunmuş
torpaqlarımızda bu taktikanı işlətsinlər, həmin taktikanı Ermənistanda da
tətbiq etməyə başladılar.
Bu gün də erməni xalqı onlara nifrət edir. Ancaq hazırkı Ermənistan
hakimiyyəti ilə bağlı olan ümidlər şişirdilmişdi. İndiki Ermənistan hakimiyyəti
istəsəydi, Azərbaycanla sülhə gələrdi, bunu edə bilərdi. Azərbaycan buna hazır
idi, beynəlxalq vasitəçilər bunu bilirdilər. Keçmiş həmsədrlər bilirdi ki, biz
bunu Azərbaycanın ərazi bütövlüyünün bərpası əsasında dinc yolla həll etməyə
hazır idik. Biz Azərbaycandakı erməni azlığın hüquqlarını bərpa etməyə, təmin
etməyə hazır idik. İndi isə müharibədən sonra və sonuncu hərbi əməliyyat ki,
baş verdi, on gün əvvəl biz yenidən bunu bəyan etdik: Qarabağın erməni
əhalisinin hüquqlarını təmin edəcəyik. Artıq biz onlara bu məsələ ilə bağlı,
reinteqrasiya ilə bağlı öz baxışımızı təqdim etmişik, onların dini, təhsil,
mədəni, bələdiyyə hüquqları – beynəlxalq konvensiyalara uyğun olaraq bütün bu
məsələlər həll ediləcək. Bu, Azərbaycanın iştirakçısı olduğu bütün
konvensiyalara, bizim konstitusiyamıza və beynəlxalq öhdəliklərimizə uyğun
həyata keçiriləcək.
Ancaq İkinci Qarabağ müharibəsindən əvvəlki vəziyyətə qayıdanda, hesab edirəm
ki, hazırkı Ermənistan hakimiyyəti bu fürsəti əldən verdi. Onlar bizi düzgün
qiymətləndirmədilər, öz imkanlarını düzgün qiymətləndirmədilər. Onların
planları var idi ki, bizə qarşı xarici hərbi yardım olunacaq. Onlar təbii ki,
burada ciddi yanıldılar. Aydın məsələ idi ki, Azərbaycan öz ərazisində döyüşlər
aparırdı. Bu, bizim hüququmuz idi. Bizə BMT Nizamnaməsinə uyğun olan
özünümüdafiə hüququnu tanıyan məsələ idi. Üç il bundan öncə Ermənistan
kapitulyasiya etməli oldu. Bəs, bundan sonra nə baş verdi? Demək olar ki, biz
dərhal sülh danışıqlarına başladıq. Otuz il ərzində münaqişədən, soyqırımından,
nifrətdən əziyyət çəkən xalq və ölkə ciddi siyasi iradə göstərdi, siyasi addım
atdı: biz sülh təklif etdik. Biz müvafiq komissiyaların yaradılmasını təklif
etdik ki, sərhədin delimitasiyası aparılsın. Ancaq Ermənistan buna müsbət cavab
vermədi. Həmin bu yeni sülh danışıqları heç bir tərəqqiyə gətirib çıxarmadı. Üç
il ərzində bunu etmək olardı. Yenidən yanlış hesablama, yenidən hansısa xarici
himayədarlara arxalanma yenidən çətin və mürəkkəb vəziyyət yaratdı.
Ermənistan hökumət rəsmilərinin, xüsusilə yüksək səviyyəli rəsmilərin
ritorikasına baxsanız, bu gün onlar bizi heç etmədiyimiz məsələlərdə ittiham
edirlər. Ermənistanın hazırkı rəhbəri 2019-cu ildə Xankəndidə tribunadan bəyan
etdi ki, “Qarabağ Ermənistandır və nöqtə”. Bu da bizim qırmızı xəttimiz idi.
Ona qədər heç kəs belə bir ifadə işlətməmişdi. Bu da təbii ki, atəşkəsin
pozulması idi: yəni, əhəmiyyətsiz, mənasız danışıqlara nə ehtiyac var?
Ermənistanın rəhbəri Azərbaycanın beynəlxalq səviyyədə tanınmış bir hissəsinin
Ermənistana məxsus olduğunu rəsmi şəkildə deyirsə, burada hansı danışıqlardan
söhbət gedə bilər? Buna baxmayaraq, biz yenə də hesab edirdik ki, bəlkə bu,
siyasi yanlışlıqdır. Lakin bundan sonra Ermənistanın müdafiə naziri bəyan etdi
ki, Ermənistan bizimlə yeni ərazilər uğrunda yeni müharibəyə hazırdır. Yəni,
onlar bizi yeni işğalla hədələyirdilər. Belə çıxır ki, bizim ərazimizin 20
faizinin işğalı onlara kifayət etmirdi. Onların planı var idi ki, Bakıya
çatsınlar, hətta Xəzər dənizində çimsinlər. Onların planlarında tanklarla
Bakıya gəlmək var idi. Ancaq Ermənistana məxsus tanklar bu gün bizim Hərbi
Qənimətlər Parkında nümayiş etdirilir. Bir çox yanlışlıqlar, yanlış
hesablamalar, bizim potensialımızı, qüvvəmizi və gücümüzü nəzərə almamaq – bu,
region üçün ciddi bir fəlakətə səbəb oldu.
Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üçün hətta yenə
də şans var idi. Ancaq onlar Azərbaycana qarşı bütün ərazi iddialarına son
qoymalı idilər. Onlar ziddiyyətli bəyanatlara son qoymalı idilər. Bir tərəfdən
deyirdilər ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar. Digər tərəfdən isə
sentyabrın 2-də Ermənistanın rəhbəri qondarma rejimin rəhbərinə onun
müstəqilliyi ilə bağlı təbrik məktubu göndərmişdi. Yəni, bu, necə mümkün ola
bilər? Bu o demək idi ki, utancverici məğlubiyyətdən üç il sonra, öz
məlumatlarına görə, 12 min fərarisi olan, bizim ərazilərimizdən sprinter kimi
qaçan həmin Ermənistan bizə qarşı yeni ərazi iddiası irəli sürür.
Bu, artıq qırmızı xəttin növbəti dəfə pozulması idi. 9 sentyabr tarixində
artıq bu, neçənci qırmızı xəttimiz idi. Qondarma Dağlıq Qarabağın qondarma
“parlament”i 22 nəfərin səsi ilə “Dağlıq Qarabağ rejimi”nin “prezidenti”ni
seçdi və həmin o “prezident” öz çıxışında qeyd etdi ki, biz status uğrunda
mübarizə aparacağıq. Yəni, bu nə deməkdir və biz buna necə cavab verməliyik?!
Biz buna necə dözə bilərdik? Əlbəttə, biz buna dözə bilməzdik. On gün bundan
əvvəl baş verən hadisələrin səbəbi Ermənistan baş nazirinin məsuliyyətsiz
siyasəti və onun himayədarlıq etdiyi Qarabağdakı separatçılar idi, onların
hərəkətləri idi.
Antiterror tədbiri 24 saatdan az müddətdə həyata keçirildi. Bunun nəticəsi nə
oldu? Biz davam etdikmi? Xeyr! Bizim belə bir niyyətimiz yox idi. Biz nəticədə
harada istəsəydik orada dayanacaqdıq. Bunu demək o qədər də çətin deyil. Ancaq
bizim niyyətimiz bundan ibarət deyildi. Biz Ermənistanın ərazi bütövlüyünü
tanımışıq, bunu bəyan etmişik və bunu səmimi deyirik. Yəni, bizim başqa
niyyətlərimiz olsaydı, əməliyyat sentyabrın 20-də dayanmazdı. Mən bunu hər
kəsin bilməsini istəyirəm. Bunu Ermənistan hakimiyyəti də bilsin, onun
arxasında duran himayədarları da bilsin, bu gün Azərbaycana qarşı qəbuledilməz
planlar cızan tərəflərə buradan mesaj verirəm: Bizim səbrimizlə oynamasınlar.
Biz səbirliyik, ancaq qətiyyətliyik. Biz haqlı olduğumuzu sübut edə bilirik və
edirik. Ona görə yox ki, bizim gücümüz var, çünki haqq-ədalət bizim
tərəfimizdədir.
Sentyabrın 20-dən sonra artıq zaman yetişib ki, bizim nümayəndələr əyləşsin və
sülh sazişinin layihəsi üzərində işləsin. 20 sentyabrda biz suverenliyimizi
artıq bərpa etmişik. Bundan sonra da sülh sazişinin tezliklə imzalanması daha
asan olacaqdır. Bununla yanaşı, təbii ki, gərək sərhədlərin delimitasiyası
üzərində fəal surətdə çalışaq və uzun müddət sürən bu qarşıdurmaya son qoyaq.
Azərbaycanda biz sülh istəyirik. Zəngilanda bu gün gördükləriniz onu sübut edir
ki, biz sülh istəyirik, biz bu əraziləri bərpa etmək istəyirik, soydaşlarımızı
vətəninə qaytarmaq istəyirik. Biz Qafqazda sülh və sabitlik istəyirik. Bu,
mümkündür və seçim Ermənistanındır.
2020-ci il noyabrın 8-də Şuşa Ordumuz tərəfindən azad olundu və bu, bizim
iradəmizin təzahürü idi. Bundan iki gün sonra Ermənistan kapitulyasiya aktına
imza atdı və Azərbaycan 30 illik işğala son qoydu. Aprelin 23-də biz
Ermənistanla sərhəddə sərhəd-keçid məntəqəsini yaratdıq və ərazi bütövlüyümüzü
tam təmin etdik. Çünki bütün sərhədlərimizə nəzarəti bərpa etdik. Əlbəttə,
sentyabrın 20-də biz öz suverenliyimizi bərpa etdik. Yəni, artıq “boz” zonalar
yoxdur, qeyri-qanuni strukturlar yoxdur və torpaqlarımızda separatçılığa son
qoyulubdur. Bu, bizim güclü siyasi iradəmizin göstəricisidir. Bu, Azərbaycan
hökumətinin Ermənistanla sülhə hazır olduğunu göstərir və bu, yaxşı siqnaldır,
– bəziləri hələ də qisasçılıq, revanşist ideyalarla yaşayırlar, – bu, onlara
güclü siqnaldır ki, bu fikirlərdən daşınsınlar.
Biz 20 sentyabrda Qarabağdakı Ermənistan ordusuna bəyan etdik: silahlarınızı
yerə qoyun və oraları tərk edin. Belə də oldu və bu, baş verdi. Yəni, biz
sözümüzə, vədimizə əməl edirik, ona sadiqik. Əminəm ki, Ermənistan hökuməti bu
hadisələri düzgün şəkildə təhlil etsə, “Qarabağ Ermənistandır!” bəyanatından
sonra – 2019-cu ildə verilən bəyanatdan sonra 20 sentyabradək baş verənləri
düzgün təhlil etsə, sülh əlçatandır. Bu, gələcəklə bağlı bizim baxışımızdır.
Bu, regionun gələcəyi ilə bağlı baxışımızdır və hesab edirəm, beynəlxalq
aktorlar və qonşular görəcəklər ki, bizim münasibətimiz konstruktivdir.
Əziz qonaqlar, hörmətli dostlar, bir daha Şərqi Zəngəzura, Zəngilana xoş
gəlmisiniz. Foruma uğurlar arzu edirəm.
Sonra BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) icraçı direktoru xanım
Maimuna Mohd Şərif çıxış etdi.
Müxtəlif çağırış və qeyri-müəyyənliklər qarşısında iqtisadi cəhətdən inkişaf
edə biləcək davamlı şəhərlərin qurulması ilə bağlı strategiyaların müzakirəsi,
fikir mübadiləsi və əməkdaşlıq üçün müxtəlif maraqlı tərəfləri, ekspertləri,
siyasətçiləri və icmaları bir araya gətirən Forumun açılış mərasimindən sonra
tədbir müxtəlif mövzularda sessiyalarla davam edib. Əvvəlcə “Birgə yenidənqurma
– regional dayanıqlılıq və davamlı inkişaf üçün əməkdaşlıq imkanları” adlı
xüsusi sessiya təşkil olunub.
Sonra “Dayanıqlı və davamlı inkişaf: strategiyalar, fəaliyyət istiqamətləri və
beynəlxalq əməkdaşlıq imkanları” adlı birinci sessiyada yenidənqurma – azad
edilmiş ərazilərin reabilitasiya strategiyaları, birgə hərəkət, əlaqələndirmə
və regional iqtisadi inkişaf üçün nəqliyyatın imkanlarının gücləndirilməsi,
rifah və sülh üçün körpülər qurmaq, münaqişələrin həllində və şəhərsalmanın
inkişafında beynəlxalq əməkdaşlığın rolu kimi məsələlər müzakirə edilib.
“Viranlıqdan dayanıqlılığa: parlaq gələcəyə aparan yol” adlı ikinci sessiyada
gizli təhlükə ilə mübarizə – minalarla çirklənmə və onun dayanıqlı inkişafa
təsiri, regional mərkəzlərin dirçəlişi, Qarabağda əməkdaşlıq imkanlarından
söhbət açılıb, Zəngilan şəhərinin Baş planı ilə tanışlıq olub.
Sonda tədbir iştirakçıları Ağalı “ağıllı kənd”inə səfər edib və Zəngilanda
sürətlə aparılan yenidənqurma layihələri ilə tanışlıq olublar.
Qeyd edək ki, NUFA2-nin növbəti sessiyaları paytaxt Bakıda təşkil olunacaq və
oktyabrın 1-də yekunlaşacaq. Oktyabrın 2-də isə paytaxtımız ilk dəfə olaraq
Ümumdünya Məskunlaşma Gününə ev sahibliyi edəcək. Həmin gün nüfuzlu beynəlxalq
ekspertlər və dövlət rəsmiləri “Dayanıqlı şəhər iqtisadiyyatı. Şəhərlər
inkişafın və bərpanın aparıcı qüvvəsi kimi” mövzusu altında əlçatan və
keyfiyyətli şəhər həyatının təşviqi və dayanıqlı şəhərlərin inkişafı üzrə
çağırışların müzakirəsini aparacaqlar.
11:23
Sentyabrın 29-da BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) və Azərbaycan
Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə
keçirilən “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində Zəngilanda “Davamlı
şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan
qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimi
keçirilib.
AZƏRTAC
xəbər verir ki, Azərbaycan Respublikasının Prezidentiİlham Əliyev tədbirdə
çıxış edib.