İlham Əliyevin Azərbaycanın televiziya kanallarına müsahibəsi Gürcüstan
mediasının diqqət mərkəzində – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 10-da yerli
televiziya kanallarına müsahibəsi Gürcüstan KİV-lərinin diqqət mərkəzində olub.
AZƏRTAC
xəbər verir ki, “newsday.ge”, “newsday.ge”, “qafqazturk.com”, “realnews.ge”,
“aktual.ge”, “interpress.ge”, “24news.ge” informasiya portalları, “Marneuli FM”
radiosu Azərbaycan Prezidentinin müsahibəsindən materiallar dərc edib, xəbərlər
yayımlayıblar.
AZƏRTAC-a istinadla Azərbaycan, rus və gürcü dillərində yayımlanan
materiallarda Prezident İlham Əliyevin Azərbaycanın bu gün sürətlə inkişaf
edərək dünyanın ən güclü dövlətləri sırasında olması fikri xüsusi vurğulanıb.
Bildirilib ki, Azərbaycan xalqının düzgün seçim etdiyi 2003-cü il ölkəmizin
müstəqil tarixində ən həlledici məqam olub.
Materiallarda fevralın 7-nə təyin olunmuş növbədənkənar prezident seçkiləri
barədə dövlətimizin başçısının fikirləri də oxucuların diqqətinə çatdırılıb.
Qeyd edilib ki, seçkiləri şərtləndirən ilk növbədə, sentyabr hadisələrindən
sonra Azərbaycanda yeni dövrün başlanmasıdır.
Bundan başqa, materiallarda Zəngəzur dəhlizinin açılmasının vacibliyinə
toxunularaq, Azərbaycan Prezidentinin bu barədə sözləri təqdim olunub: “Əgər bu
dəhliz açılmasa, Ermənistan əbədi dalan kimi qalacaq və əgər dediyim marşrut
(Zəngəzur dəhlizi – red.) açılmasa, biz Ermənistanla heç bir başqa yerdə
sərhədimizi açmaq fikrində deyilik. Yəni, beləliklə, onlar bundan daha çox
ziyan görəcəklər, nəinki xeyir”.
Xəbərlərdə Azərbaycan Prezidentinin müsahibəsində diqqət çəkən məqamlardan
birinin də ölkəmizə qarşı ikili standartlardan çıxış edən müəyyən qüvvələrlə
bağlı olduğu vurğulanıb. Bu barədə yazılarda Prezident İlham Əliyevə aşağıdakı
fikirlərinə istinad olunub:
“Bizə qarşı olan mənfi münasibət, ənənəvi mənbələrdən gələn mənfi münasibət
dayanmayacaq. Ermənistanı silahlandırma cəhdləri bu məqsədi daşıyır ki, bizi
daim təzyiq altında saxlasınlar. Bu, bizi bundan sonra da rahat yaşamağa
qoymamaq üçün səylərdir və əfsuslar olsun ki, burada da Fransa yenə də ön
plandadır. Bu gün Ermənistanı silahlandıran, onlara ürək-dirək verən, onların
hərbçilərini hazırlayan və növbəti müharibəyə hazırlayan ölkə Fransadır. Ona
görə mən deyəndə ki, Fransanın siyasəti Qafqazda gərginliyin artmasına səbəb
olur, məhz bunu nəzərdə tuturdum”.