İlham Əliyevin beynəlxalq forumda səsləndirdiyi fikirlər dünya mətbuatının
diqqət mərkəzində – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ADA Universitetinin və
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən
“Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda
çıxışında səsləndirdiyi fikirlər dünya mətbuatının diqqət mərkəzində olub.
AZƏRTAC
xəbər verir ki, Rusiyanın “News.ru” nəşri Prezident İlham Əliyevin
Azərbaycanın Cənubi Qafqazda sülhü bərqərar etməsi, Minsk qrupunun Qarabağ
münaqişəsinin yalnız dinc yolla həllinin mümkünsüzlüyü barədə bəyanatlarının
yanlış olması barədə dediklərini oxucularının diqqətinə çatdırıb. Nəşrin
materiallarında Azərbaycan Liderinin Ermənistanın sülh müqaviləsinin beş baza
prinsipini qəbul etməyə yaxın olduğu ilə bağlı fikirlərini də yayaraq bildirib
ki, Prezident İlham Əliyevin fikrincə, İrəvan bu şərtləri bir neçə il əvvəl
qəbul etsəydi, münaqişənin yenidən alovlanmasının qarşısını almaq olardı.
“İnterfaks” agentliyi xəbər lentində Azərbaycan Liderinin ABŞ-ın ikitərəfli
münasibətləri heçə endirməsi, bununla da Azərbaycanla Ermənistan arasında
münasibətlərin nizamlanması prosesindən uzaqlaşması ilə əlaqədar bəyanatına
ətraflı yer ayırıb.
“Vestnik Kavkaza” agentliyi yazır ki, Prezident İlham Əliyev Qarabağın erməni
əhalisinə Azərbaycan cəmiyyətinə inteqrasiya edə bilməsi üçün seçim verildiyini
bildirib. Azərbaycan Liderinin öz yurd-yuvasına qayıdan keçmiş qaçqın və
məcburi köçkünlər üçün hər bir şərait yaradılması, azad olunmuş ərazilərin
bərpası prosesinin sürətlə getməsi, separatçı rejimin başçılarının sülh
prosesinə mane olmaları, indi isə Azərbaycanda məhkəmənin qərarını gözlədikləri
barədə fikirləri də agentliyin materiallarında əksini tapıb.
“TASS” Agentliyi Prezident İlham Əliyevin çıxışına istinadla yazır ki,
Azərbaycanın xarici siyasət konsepsiyasında Avropa İttifaqına daxil olmaq
məqsədi yoxdur, Azərbaycan dövləti əlaqələr qurmağın yollarını tapıb. Agentlik
Azərbaycanın dövlət başçısının Ermənistanın sülh müqaviləsinin hazırlanmasına
etinasız yanaşması, 6-7 səhifəlik sənədlə əlaqədar Azərbaycan tərəfinin
şərhlərinə 70 günə cavab verməsi barədə dediklərini də oxucuların diqqətinə
çatdırıb.
“Arqumentı nedeli” nəşri yazır ki, Prezident İlham Əliyev çıxışında Azərbaycan
İrəvanla müharibəyə can atmadığını vurğulayıb və sülh müqaviləsinin bağlanması
üçün Ermənistanda revanşist cəhdlərin olmayacağına zəmanət tələb edib.
“İzvestiya” qəzeti Azərbaycan Liderinin sentyabrında keçirilən antiterror
tədbirlərinin 24 saat çəkdiyi, dinc əhaliyə heç bir ziyan dəymədiyi barədə
dediklərinə diqqət çəkib. Qəzet, həmçinin Ermənistan ilə sülh müqaviləsi
imzalanması üçün Azərbaycan tərəfinin zəmanət tələb etdiyini də vurğulayıb.
“Lenta.ru” nəşri yazır ki, Prezident İlham Əliyev keçmiş separatçı rejimin
başçılarının əfv olması şərtini açıqlayıb. Azərbaycan dövlətinin başçısı
vurğulayıb ki, onlar təslim olsaydılar, əfv edilərdilər. Əvəzində isə onlar
Bakıya tanklarda daxil olacaqlarını deyirdilər, indi isə məhkəmənin qərarını
gözləyirlər.
Bu ölkənin “Vedomosti”, “TVC”, “Qazeta.ru”, “Pofile.ru”, həmçinin bir çox
digər nəşr və telekanalları da Azərbaycanın dövlət başçısının çıxışını geniş
təhlil edib.
Fransanın “Lorientlejour” portalında dərc olunmuş məqalədə Prezident İlham
Əliyevin fikirlərində istinadla bildirilib ki, Birləşmiş Ştatlar çox gərgin
münasibətlərə malik Azərbaycan ilə Ermənistan arasında vasitəçilik rolunu
oynamağa davam etmək istəyirsə, ikitərəfli əlaqələrin möhkəmliyinə zəmanət
verməlidir.
Bildirilib ki, dövlət başçısı ABŞ-ın Vaşinqtonla Bakı arasında strateji
əlaqələrini “ləğv etdiyini” deyib və əlavə edib ki, “o, bunun səbəbini bilmir”.
Diqqətə çatdırılıb ki, əgər Prezident İlham Əliyev Birləşmiş Ştatların Bakı
ilə münasibətlərin artıq əvvəlki kimi olmayacağını deyirsə, bunun Vaşinqtonun
Azərbaycan ilə Ermənistan arasında sülh prosesinə vasitəçilik etməkdən əl
çəkməsi demək olduğunu vurğulayıb. O qeyd edib ki, münasibətin dəyişməsi Bakını
ABŞ-ın himayəsi altında aparılan danışıqları “bərpa etməyə” sövq edə bilər.
“Leader-Telegram” saytında yayımlanan materialda Azərbaycan Prezidentinin
Fransa və Hindistanı Ermənistana təhlükəli silahlarla təmin etməmək barədə
xəbərdarlıq etdiyi diqqətə çatdırılıb. Vurğulanıb ki, Azərbaycanın dövlət
başçısı bu cür tədarüklərin regionda yeni müharibəyə səbəb ola biləcəyini
açıqlayıb. Prezident İlham Əliyev bir daha vurğulayıb ki, Azərbaycanın
Ermənistanı işğal etmək niyyəti yoxdur.
Özbəkistanın “Daryo” portalı isə yazır ki, Prezident İlham Əliyev forumdakı
çıxışında Azərbaycan ilə Ermənistan arasında danışıqların ikitərəfli olmasının
vacibliyinə bir daha diqqəti yönəldib.
Azərbaycan Prezidenti İlham Əliyevin forumdakı fikirləri Türkiyə mətbuatında
da geniş işıqlandırılıb.
Anadolu Agentliyinin “Azərbaycan Prezidenti Əliyev Qərbin ölkəsinə
münasibətini tənqid etdi” başlıqlı yazısında Prezidentimizin çıxışına geniş yer
verib. Yazıda dövlətimizin başçısının “Fransa və Hindistan Ermənistanı
silahlandırmaqla, necə deyərlər, tonqala yanacaq tökürlər və Ermənistanda
qeyri-real fikir formalaşdırırlar”, “Ermənistan fikirləşə bilər ki, həmin
silahları istifadə etməklə yenidən Qarabağı işğal edə bilər. Mən hələ o
silahların keyfiyyəti haqqında danışmıram. Ən müasir silahları olsa belə, bu,
mümkün deyil. Çünki müharibənin nəticəsi insanlar və onların ruhu sayəsində
həll edilir. Hətta İkinci Qarabağ müharibəsindən sonra Ermənistan özü bəyan
etdi ki, müharibə zamanı onların 12 min dezertiri, fərarisi olub. Yəni, onlar
Azərbaycan qarşısında tab gətirə bilməzlər” sitatları yer alıb.
“Hurriyet.com” saytının “Sülh anlaşmasının əsas maddələri hazırlanıb
Ermənistana göndərildi” sərlövhəli yazısında da Prezident İlham Əliyevin
fikirləri əks olunub. Yazıda dövlətimizin başçısının fikirlərinə istinadla
bildirilib ki, Azərbaycan iki il yarım bundan əvvəl suverenliyini bərpa
etdikdə, Qarabağda böyük həcmdə çoxsaylı erməni kontingenti vardı və onlar heç
bir beynəlxalq hüququn prinsiplərinə məhəl qoymurdular. Daha sonra Prezident
İlham Əliyevin bu fikirlərindən sitat gətirilib: “Biz ümid edirdik ki, bu
məsələ öz həllini tapacaq. Biz dərk edirdik ki, bu, anormal vəziyyətdir və
İkinci Qarabağ müharibəsi bitəndən sonra bizim mövqeyimiz aydın idi. Qarabağda
yaşayan insanların iki seçimi var – onlar ya Azərbaycan vətəndaşları olurlar və
onların bütün hüquqi çərçivələri yaradılır və ya yaşayış üçün digər yerləri
seçirlər. Bunun başqa yolu yox idi”.
“Haber 16” saytı isə “Əliyev: Sülh müqaviləsinin prinsipləri tərtib edilib
Ermənistana göndərilib” başlıqlı yazıda Prezident İlham Əliyevin çıxışından
belə bir sitat gətirib: “Beş məlum prinsip açıqlandı. İndi görünür ki,
Ermənistan bunları qəbul etməyə yaxındır. Onlar bunu baza kimi götürə bilərlər.
Bunu bir neçə il əvvəl etsəydilər, əlbəttə ki, antiterror əməliyyatına ehtiyac
qalmazdı. Bu, tarixdir və onu göstərir ki, sülhü təşviq edən tərəf məhz
Azərbaycan idi, Ermənistan deyil”.
“Haber Global” media qurumunun “Əliyevdən sülh prosesi açıqlaması: Konkret
nəticələr üçün dialoqa hazırıq” sərlövhəli geniş yazısı “Ermənistan bölgədə
nəqliyyat dəhlizlərinin dirçəldilməsindən yayınır”, “Qarabağı tərk edən
ermənilər evlərinə qayıda bilərlər” kimi yarımbaşlıqlarla verilib.
Yazıda Prezident İlham Əliyevin “Ermənistanda hər hansı bir revanşizm
cəhdlərinin olmayacağı ilə bağlı Azərbaycana qəti şəkildə qarantiya lazımdır.
Çünki biz bilirik Ermənistanda nə baş verir. Həmçinin bilirik ki, Ermənistanın
bəzi Avropa paytaxtlarında çox “müşavirləri” var” kimi fikirləri əks olunub.
“Aydınlık” saytının “Əliyev açıqladı: Sülh sazişində son vəziyyət necədir?”
başlıqlı məqaləsi isə “Bölgəyə sülhü gətirdik”, “Ermənilər üçün lazımi şərtlər
yaradılır”, “Ermənistana əlimiz uzatdıq” kimi yarımbaşlıqlarla verilib. Yazıda
Prezident İlham Əliyevin “Ermənistanın hazırda iki variantı var. Birincisi, öz
xərcləri, yaxud da Avropa fondlarının pulu ilə dərhal 42 kilometrlik məsafədə
dəmir yolu çəksinlər. Biz bunu, əslində, onların suveren ərazisi hesab edirik
və suverenliklə bağlı bizim şərtimiz yoxdur. Lakin Azərbaycandan Naxçıvana asan
çıxış olmalıdır. Bununla bağlı hansısa gömrük yığımı, yoxlamalar, sərhədçilərin
prosedurları olmalı deyil. Bu, bizim legitim hüququmuzdur” – kimi fikirləri
geniş yer alıb.
“Ermənistan hökuməti xaotik olaraq bir qütbdən digər qütbə gedir. Onlar hesab
edirlər ki, bununla xilas olunacaqlar. Bu, belə deyil. Onlar, sadəcə, digər
böyük qardaşı qazanacaqlar. Bu böyük qardaş əvvəlki qardaşdan yaxşı olacaq?
Səmimi olaraq deyək ki, bu, belə deyil. O uzaqdadır, bölgəyə o qədər də bağlı
olan qardaş deyil və özünün siyasi, bəlkə də şəxsi ambisiyalarının,
ideyalarının dalınca gedir. Ən azı Ermənistan öz tərəfindən iradəsini
bildirməlidir. Bu, sülh üçün ilk şərtdir”. Prezident İlham Əliyevin bu
fikirləri isə “En son haber” saytında işıqlandırılıb.
Gürcüstan mətbuatı da dövlətimizin başçısının fikirlərini diqqət mərkəzində
saxlayıb.
Bu ölkənin “newsday.ge”, “interpress.ge”, “qafqazturk.com”, “24news.ge”,
“realnews.ge”, “1tv.ge” televiziya kanalı dövlətimizin başçısının çıxışında
səsləndirdiyi fikirlərlə bağlı Azərbaycan və gürcü dillərində silsilə
materiallar dərc ediblər.
Prezident İlham Əliyevin çıxışından AZƏRTAC-a istinadla yayımlanan
materiallarda deyilir ki, Azərbaycan və Gürcüstan Avropada vahid, strateji
əhəmiyyətli komandadır. Bu iki ölkə yaxın tərəfdaşlardır və onların
tərəfdaşlığı enerji ilə məhdudlaşmır.
Dövlətimizin başçısının Gürcüstanın Avropa İttifaqına daxil olmaqla bağlı
fikirləri də mətbuatın diqqət mərkəzində olub. Bununla bağlı materiallarda
deyilir: “Biz Gürcüstanın Avropa İttifaqına daxil olmaq istəyini tam başa
düşürük. Bu işdə gürcü dostlarımıza uğurlar arzulayıram və Gürcüstanı statusun
verilməsi münasibətilə təbrik edirəm”.
Dövlətimizin başçısının Ermənistanla bağlı söylədiyi fikirlərdə Ermənistan beş
məlum prinsipi qəbul etməyə yaxın olduğu vurğulanır. Məlumatlarda, həmçinin
qeyd edilir: “Bizim tərəfimizdən antiterror tədbirləri planlaşdırılmamışdı. Ən
azı 2020-ci ilin noyabrında belə bir şey yox idi, mən bunu çox aydın şəkildə
deyə bilərəm”.
Bildirilib ki, iki ölkə arasında imzalanacaq sülh sazişinin beynəlxalq
ekspertlər tərəfindən də lazımi şəkildə araşdırılmalı olduğunu deyən dövlət
başçısı əlavə edib: “Otuz ildən artıq işğalı, öz ərazisinin tamamilə
dağıdılmasını, etnik təmizləməni və əziyyətləri görən ölkə olaraq biz
beynəlxalq vasitəçilərə yox, məhz Ermənistana əl uzatdıq”. Sülh müqaviləsinin
prinsiplərini tərtib edib Ermənistana göndərildiyini, lakin yenə də sükut
olduğunu qeyd edən Prezident İlham Əliyev deyib: “Sonra beş məlum prinsip
açıqlandı. İndi görünür ki, Ermənistan bunları qəbul etməyə yaxındır. Onlar
bunu baza kimi götürə bilərlər. Bunu bir neçə il əvvəl etsəydilər, əlbəttə ki,
antiterror tədbirlərinə ehtiyac qalmazdı. Bu tarixdir və onu göstərir ki, sülhü
təşviq edən tərəf məhz Azərbaycan idi, Ermənistan deyil”.
İranın İRNA, “sahebkhabar.ir”, “snn.ir” və digər informasiya portallarında
yayımlanan informasiyalarda Ermənistanla aparılan sülh danışıqlarında mövcud
vəziyyətə dair Prezident İlham Əliyevin fikirləri geniş işıqlandırılıb.
İRNA-nın AZƏRTAC-a istinadla dərc etdiyi materialda Prezident İlham Əliyevin
“Biz regiona sülhü artıq gətirmişik. Biz onu müharibə yolu ilə etmişik. Məncə,
buna daha geniş diqqət yetirilməlidir. Bu, təkcə Qafqazla bağlı deyil. Sülhə
hərbi yolla necə nail olmaq olar, biz bunu nümayiş etdirdik” sözləri
işıqlandırılıb. Dövlətimizin başçısının ATƏT-in keçmiş Minsk qrupunun
fəaliyyətsizliyi ilə bağlı, həmçinin Azərbaycanın həyata keçirdiyi antiterror
tədbirləri ilə əlaqədar fikirlərinin də əks olunduğu yazıda, Ermənistanla
aparılan sülh danışıqlarının son vəziyyəti ilə bağlı fikirləri dərc edilib.
“sahebkhabar.ir” saytında işıqlandırılan xəbərdə Prezident İlham Əliyevə
istinadla Azərbaycanın Ermənistanla müharibə istəmədiyi, bununla yanaşı,
Ermənistanda revanşist qüvvələrin baş qaldırmayacağı ilə bağlı təminat
verilməli olduğu diqqətə çatdırılır.
“snn.ir” portalında işıqlandırılan yazıda dövlətimizin başçısının fikrinə
istinadla bildirilib ki, Ermənistan iki ölkə arasında bir daha müharibə
olmayacağına dair zəmanət verməlidir.