08190c3f-cca3-4343-a507-1dfb8187185f.webp

İlham Əliyevin hakimiyyətə gəlişi region üçün yeni eranın başlanğıcı oldu

Baxış sayı: 210 dəfə baxılıb.

21 il əvvəl İlham Əliyevin hakimiyyətə gəlişi, istisnasız olaraq, bütövlükdə
region üçün yeni eranın başlanğıcı demək oldu.

Bununla bağlı “Report”a Milli Məclisin deputatı Bəhruz Məhərrəmov danışıb.

O xatırladıb ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra iqtidarda ulu
öndər Heydər Əliyevə qədər milli hakimiyyətlərin olmaması, yaxud dövlət
iyerarxiyasında naşı, antimilli ünsürlərin yer tutması Azərbaycan
dövlətçiliyinin mövcudiyyətini təhdid altına alıb, xalqı vətəndaş müharibəsi
ilə üz-üzə qoymuşdu:

“Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə bu proses dayandı, o
cümlədən Ermənistanla müharibənin gedişatı tam şəkildə dəyişdi. Azərbaycan
Ordusu ulu öndər Heydər Əliyevin Ali Baş Komandanlığında Füzuli və Cəbrayılın
bir sıra yaşayış məskənlərini, o cümlədən, Horadiz qəsəbəsini işğaldan azad
etməklə böyük Zəfərimizə gedən yolun ilk pilləsi kimi tarixə düşdü. İlham
Əliyevin hakimiyyətə gəlişi isə əsası ulu öndər tərəfindən qoyulmuş inkişaf,
tərəqqi və güc mərkəzi kimi formalaşmağımızda ehtiva olunan konfiqurasiyanın
davamlılığı və yeni mərhələyə daşınması ilə nəticələndi”.

O qeyd edib ki, İlham Əliyev ilk növbədə artıq ulu öndər Heydər Əliyev
tərəfindən nail olunmuş siyasi müstəqilliyi möhkəmlədib, daha sonra iqtisadi
müstəqilliyə tam şəkildə nail olunması istiqamətində ardıcıl, konseptual
addımlar atıb.

“Məhz bu çərçivədə ölkənin enerji ehtiyatlarının bir qütbdən asılı olmayan,
şaxələndirilmiş infrastruktur hesabına dünya bazarına çıxarılması, tarixən
Azərbaycan üçün problemə çevrilən coğrafi mövqeyimizi dividendə çevirməyə nail
oldu”, – deyə B.Məhərrəmov bildirib.

Deputat vurğulayıb ki, nəticə olaraq, Azərbaycan bir çox dövlətin enerji
təhlükəsizliyi, dolayısı ilə milli təhlükəsizliyində həlledici rol sahibi kimi
özünü təsdiqləyib:

“Azərbaycanın cari siyasət kursu neft və qaz ehtiyatlarından gələn gəlirlərin
uğurlu idarəçiliyi, ordu quruculuğu, müdafiə sənayesinin faktiki olaraq
yaradılması fonunda Azərbaycanın özünü hərbi-siyasi güc kimi təsdiqləməsi ilə
nəticələndi. Ölkədə gənc nəsillə aparılan iş, milli-ideoloji konsepsiyanın ulu
öndər Heydər Əliyevin azərbaycançılıq ideyasının bazisində yeni mərhələyə
daşınması milli vəhdətə gətirib çıxardı.

Qərbin arzuolunmaz təsirlərindən azad, vətənpərvər gənc nəsil formalaşdı.
Ölkədə xalq-iqtidar birliyi illər ərzində bizim üçün mümkünsüz olan vəzifələrin
icrası üçün münbit zəmin yaratdı. Nəticə etibarilə Azərbaycan İlham Əliyevin
müzəffər Ali Baş Komandanlığında 30 il davam etmiş işğal və təcavüz
status-kvosuna son qoymaqla ərazi bütövlüyümüzü, sərhəd toxunulmazlığımızı,
habelə ötən ilin sentyabrında antiterror tədbirləri ilə suverenliyimizi tam
şəkildə bərqərar edərək müasir Azərbaycan tarixində yeni bir mərhələni
başlatmış oldu”.

B.Məhərrəmovun fikrincə, ötən 21 illik periodu təhlil edərkən bu gün əminliklə
demək olar ki, Azərbaycanın ərazi ölçüsü və əhali sayına görə xüsusi bir
göstəricilərə malik olmasa da, məhz liderinin vizyonu ilə qlobal miqyaslı
hərbi-siyasi güc və müstəqil iradə sahibi olan subyekt kimi, beynəlxalq
birliyin ehtiram təlqin edən üzvü kimi özünü təsdiq edə bilib.

Xatırladaq ki, bu gün, 15 oktyabr, Azərbaycan Prezidenti İlham Əliyevin
2003-cü ildə ilk dəfə ölkə rəhbəri seçilməsinin 21-ci ildönümüdür.

Source link