Bu gün İlham Əliyevin 2003-cü ildə ilk dəfə Azərbaycan Prezidenti seçilməsi
günüdür.
Cixisyolu.com xatırladır ki, həmin ilin oktyabrın 1-də ulu öndər Heydər Əliyev
Azərbaycan xalqına müraciətində demişdi:
“Üzümü Sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkisində
prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin
birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksəkintellektli,
praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən,
enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham
Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli
övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və
xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra
çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və
dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və
gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Elə də oldu, xalq ulu öndərin çağırışına dəstək göstərdi. Nəticədə, 2003-cü il
oktyabrın 15-də keçirilən prezident seçkisində seçicilərin 76 faizindən çoxu
İlham Əliyevin lehinə səs verərək, onu Azərbaycan Prezidenti seçdi və bununla
da ölkəmizin inkişafında yeni bir mərhələ başlandı.
Prezident İlham Əliyev iyirmi bir illik fəaliyyəti dövründə xalqa verdiyi
vədləri bütünlüklə yerinə yetirib. Bu müddət ərzində ölkəmizin bütün sahələrdə
sürətli inkişafına nail olunub, insanların rifah halı daha da yaxşılaşıb.
Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, müasir Ordumuz
yaradılıb, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib. Bu gün
regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın
iştirakı, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.
Ən əsası isə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi
bütövlüyü tam təmin edilib və ulu öndərin torpaqlarımızın azad olunması ilə
bağlı müqəddəs arzusu həyata keçirilib. 44 günlük Vətən müharibəsi dövründə
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müntəzəm müraciətlər
edirdi. Bu müraciətlər Azərbaycan xalqını ayağa qaldırdı, onu yumruq kimi sıx
birləşdirdi, müharibənin gedişatına və taleyinə güclü təsir göstərdi. Hər bir
müraciət növbəti qələbələrin müqəddiməsinə çevrildi.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan iqtisadiyyatı
uğurla inkişaf edir, Qarabağda bərpa-quruculuq fəaliyyəti tam gücü ilə davam
edir və sosial proqramlar həyata keçirilir. Bütün bunlar onu deməyə əsas verir
ki, Azərbaycan tezliklə Qarabağı cənnətə çevirəcək və öz ata-baba yurdlarından
didərgin düşən keçmiş məcburi köçkünlər təhlükəsiz şəkildə evlərinə əbədi
olaraq qayıdacaqlar.