İlham Əliyevin yeni qələbəsi – ŞƏRH
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Radikal müxalifət Rusiya sülhməramlılarının Azərbaycan ərazilərini tərk etmək
xəbərlərindən bərk əndişəyə düşdü. Müxtəlif bəhanələrlə Azərbaycanın qələbəsinə
qara yaxmağa başladılar. Təkcə radikallar yox, adlarını demokratik qoyub,
Azərbaycanın qələbələrinə sevinməyən bəzi digər kəslər də.
Amma onlar “sirr” axtarsalar da, növbəti zərbəni də aldılar. Bəli, məlum oldu
ki, Azərbaycan Qazaxın Ermənistanın nəzarətində olan yeddi kəndindən dördünü
geri qaytarır.
Belə ki, 2024-cü il aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan
Respublikası arasında sərhəddə Azərbaycan Respublikası baş nazirinin müavini
Şahin Mustafayevin və Ermənistan Respublikası baş nazirinin müavini Mqer
Qriqoryanın sədrliyi ilə delimitasiya üzrə səkkizinci görüş keçirilib.
Görüş zamanı komissiyalar aşağıdakılar barədə razılığa gəliblər:
Delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd xəttinin ayrı-ayrı
hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövründə mövcud olduğu
hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanıs
Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı yaşayış məntəqələri arasında
bilavasitə keçməsini razılaşdırıblar.
Qərara alınıb ki, sərhəd xəttinin bu hissələrinin təsviri koordinatları
yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirilməsi nəzərə alınmaqla
tərtib edilsin. Bu, tərəflər arasında 15 may 2024-cü il müddətinədək müvafiq
Protokol-təsvirlə sənədləşdirilərək razılaşdırılmalı və imzalanmalıdır.
Göründüyü kimi, dörd qeyri-anklav kəndin bir güllə atılmadan, qan tökülmədən
Azərbaycana qaytarılması Azərbaycanın və Prezidentİlham Əliyevin növbəti
qələbəsidir.
Əldə olunmuş razılıq delimitasiya istiqamətində atılan ilk addımdır.
Delitimasiyanın məhz bu istiqamətdən başlaması Azərbaycanın təkidi ilə oldu.
44 günlük müharibədə qələbə, 2023-cü ilin sentyabrında suverenliyin tam
bərpası, rusiyalı sülhməramlıların bölgədən çıxmasından sonra dörd qeyri-anklav
kəndin qaytarılması Azərbaycan torpaqlarını addım-addım, qarış-qarış toplayan
İlham Əliyevin xalqa növbəti hədiyyəsi və müjdədir.
Öz fəaliyyətlərinin qarşısına müxtəlif adlar qoymuş qüvvələrin indi içi-içini
gəmirir. Onlar indi bağlı olduqları mərkəzlərdən tezislər gözləyirlər.
Ancaq başa düşmək lazımdır ki, bəzi Qərb dövlətləri və neoimperialist dairələr
nə qədər proseslərdən uzaq dayansalar, Cənubi Qafqazda sülh və əmin-amanlıq o
qədər tez təmin olunacaq.
Yeri gəlmişkən, ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycanın Qazax rayonunun
dörd kəndinin işğaldan azad edilməsini alqışlayıb.
Bu barədə Dövlət Departamentinin rəhbəri “X” sosial şəbəkəsindəki səhifəsində
paylaşım edib.
“Biz Ermənistan və Azərbaycanın iki ölkə arasında sərhədin delimitasiyası üçün
əsas kimi 1991-ci il Alma-Ata Bəyannaməsinə razılıq verməsi xəbərini
alqışlayırıq. Bu, dayanıqlı sülh sazişinin bağlanması istiqamətində mühüm
addımdır”, – deyə bəyanatda bildirilir.
Göründüyü kimi, Qərbin əsas gücü olan ABŞ özü də prosesi alqışlayır. Qalır
Fransa, amma onun belə bir müsbət reaksiya verəcəyi gözlənilmir. Bunun
Azərbaycan üçün önəmi yoxdur. Azərbaycan növbəti mərhələdə Qazaxın digər üç
(Barxudarlı, Sofulu və Yuxarı Əskipara) və Sədərək rayonunun Kərki kəndlərini
də geri qaytarmağa nail olacaq.
Aqil Vəlili