5aacd37d-3014-4877-9d3b-031171fc01c5..jpg

İlham Əziz: “Qorbaçovu parodiya etmək üçün 17 dollara eynək almışdım” – MÜSAHİBƏ + FOTO/VİDEO

Baxış sayı: 580 dəfə baxılıb.

İlham Əziz: “Qorbaçovu parodiya etmək üçün 17 dollara eynək almışdım” –
MÜSAHİBƏ + FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hər kəs onu Azərbaycanın, xüsusilə Bakı toylarının məşhur parodiyaçısı kimi
tanıyır. “Report” parodiyaçı, aktyor İlham Əzizlə müsahibəni təqdim edir:

– Sizi parodiyaçı İlham Binəli kimi tanıyırıq, bəs siz parodiya etmək
bacarığınızın olduğunu nə vaxt fərqinə varmısınız?

– Uşaqlıqda məhəllə adamlarını parodiya edirdim. Parodiya deyəndə ki, onların
tərzini açırdım, bütün məhəllə gülməkdən ölürdü. Sonra qərar verdim ki, aktyor
olacağam. Orta məktəbdə oxuyanda səhnəciklər üçün rol bölgüsündə mən də iştirak
edirdim. Məktəbi bitirdikdən sonra sənədlərimi Azərbaycan Dövlət İncəsənət
İnstitutuna versəm də, imtahandan kəsildim. Almaniyaya hərbi xidmətə getdim.

– Bəs qayıdandan sonra yenidən instituta qəbul olmaq üçün cəhd etmədiniz?

– Hərbi xidmətdən sonra altı il Almaniyada qalıb işlədim. 1986-cı ildə vətənə
dönüb sənədlərimi yenidən ali məktəbə verdim. Yenə alınmadı. Azərbaycan Dövlət
Rus Dram Teatrında işləməyə başladım. İlk işim dekor daşımaq idi. Aktyorların
səhnəyə çıxmaları, oyun tərzləri, hətta necə nəfəs almaları məni
maraqlandırırdı. Üçüncü dəfə yenidən instituta qəbul olmağa cəhd etdim. Mənə
dedilər ki, bu dəfə də alınmasa, daha institutun adını tutma. Nəhayət, bu dəfə
alındı. İmtahanı görkəmli aktyorumuz Şəfiqə Məmmədova götürdü. İnstitutu da çox
yaxşı oxumuşam. Sinif nümayəndəsi idim, 120 manat Səməndər Rzayev mükafatı
alırdım.

– Belə çətinliklə instituta qəbul oldunuz, bəs sonra niyə teatrdan, kinodan
uzaq düşdünüz?

– Əvvəlcə onu deyim ki, mən qəbul olanda ora Azərbaycan Dövlət İncəsənət
İnstitutu idi, sonra universitet statusu verildi. Yəni instituta daxil olub,
universitet bitirmişəm. Diplom işimi Həsənağa Turabov qəbul edib, qırmızı
diplom almışam. 11 tamaşada oynamışam. O vaxt mənim təyinatımı Şuşa Dövlət
Musiqili Dram Teatrına verdilər. Müharibə idi deyə gedə bilmədim, həm də onda
teatr yox idi. 1992-ci ildə isə Şuşa işğal olundu. Beləcə qaldı.

– Bəs toylara getməyə nə vaxtdan başladınız?

– Müxtəlif tədbirlərə, Yeni il, Novruz bayramı şənliklərinə dəvət olunurdum.
Bu şənliklərin birində dedilər ki, bəs toya dəvət etsək, gələrsiniz? Ali
məktəbdə təhsil alanda toylara getmək haqqında fikirləşmirdim. Toya gedib nə
edəcəyimi düşünürdüm. Amma getdim.

– Çətin olmadı sizin üçün?

– Oldu. “Abşeron” mehmanxanasındakı ilk toyda nə danışacağımı belə bilmirdim.
Rəhmətlik Məmmədbağır Bağırzadə toyda idi. Çox istedadlı sənətkar idi, yaxşı da
söhbətləri vardı. Hə, beləcə, toyu yüksək səviyyədə yola verdik.

– Məclislərdə, tədbirlərdə ən müxtəlif şəxsləri parodiya etmisiniz. Deyilənə
görə, bu parodiyalarınız xüsusi maraqla qarşılanırdı.

– O vaxt institutların tədbirləri olurdu. Bir dəfə Bakı Dövlət Universitetində
çıxış etməli idim. Tək çıxış edirdim, bu da çox çətindir. Repertuarımda Leonid
Brejnev, Mixail Qorbaçov və s. şəxslərin parodiyası var idi. O vaxt rəsmiləri
parodiya etmək çətin idi.

– Səhv etmirəmsə, tədbirlərdən birində ümummilli lider Heydər Əliyevlə də
görüşünüz olub.

– Bəli, 1994-cü ildə Novruz bayramı şənliyində “Kosa”nı oynayırdım. Tədbirin
rəsmi hissəsində ulu öndər çıxış etdi, ikinci hissədə muğam oxuyur, xoruz
döyüşdürürdülər, mən də yumurta döyüşdürməli idim.

O zaman M.Qorbaçovu parodiya etdim. Onu parodiya etmək üçün 17 dollara eynək
almışdım, eynəyin kənarları da sarı idi. Yəni M. Qorbaçovun 50 faiz görüntüsü
məndə var idi. Eynəyin şüşələrini çıxarmışdım. Rusca dedim, mən Qorbaçovam,
başladım danışmağa, Heydər Əliyev güldü, dedi ki, məni də göstərə bilərsən?
Üzbəüz danışırdıq, fırlandım camaata tərəf onun təbirincə: “Azərbaycan xalqına
müraciət edirəm”, – dedim. Camaat əl çaldı. Ardınca: “Sizə cansağlığı, səadət
və xoşbaxlıx arzu edirəm, bayramınız mübarək!” – deyib qaçdım.

Heydər Əliyevlə birlikdə hamı güldü, ulu öndər dedi, getmə, gəl buraya. Onu da
deyim ki, parodiya belədir ki, qısa edirsən, alındı, alındı, alınmadı – heç.
Sonra İstanbulda Süleyman Dəmirəli parodiya etmişəm. Düzdür, bizdə bir az adi
baxırlar, amma onlar üçün maraqlı idi. Parodiya üçün gərək səsin düz gəlsin və
xüsusi detallar var ki, gərək onları biləsən.

– İstanbula sizi tədbirə dəvət etmişdilər?

– Hə, tədbirlə bağlı getmişdim. İki dəfə İstanbulda olmuşam. Bir dəfə Fransaya
gedirdim, yolüstü İstanbulda qaldım. Eşitdilər ki, oradayam, bir ad gününə
dəvət etdilər. Ümumiyyətlə, onlar üçün parodiya maraqlıdır.

– Fransaya da tədbir üçün dəvət ediblər?

– Orada yaşayan azərbaycanlılar toya dəvət etmişdilər. Parodiyanı bir çox
ölkələrdə yaxşı qəbul edirlər. Bir dəfə ABŞ-nin Azərbaycandakı ovaxtkı səfiri
Enn Dörsi özü də olduğu tədbirdə onu parodiya etmişəm. Maraqla qarşılayıb.

– Hansısa parodiyanıza görə ciddi tənqidlə qarşılaşmısınız?

– Bilirsiniz, auditoriyadan çox şey asılıdır. Hansısa parodiyanı edəndə,
əhvalatı danışanda bilirəm ki, bunu burada edə bilmərəm, çünki kütlə o deyil.
Amma auditoriya var ki, özü istəyir.

– Auditoriyanın maraq dairəsini necə müəyyən edirsiniz?

– Əslində, bu, toy sahibindən asılıdır. Birdən də qonaqlar özləri
yaxınlaşırlar ki, bəs parodiya olacaq? Elə dəvətlər də olur ki, görürəm, burada
parodiya alınmayacaq, sadəcə, qonaqları və məclisi yola vermək lazımdır.

– Azərbaycanın bir çox rayonunda toylarda iştirak etmisiniz. Hansı bölgədə toy
aparmaq çətindir?

– Məni, demək olar ki, bütün bölgələrimizə dəvət edirlər. Məsələn, Şəkidə toy
idarə etmək çox çətindir. Altı dəfə orada toyda olmuşam. Gərək məclis əhlinin
duya biləcəyi söhbətlər edəsən. Lənkəranda toyda çox olmuşam. Bəzən elə olur,
özləri əhvalat verirlər ki, bunları danışarsınız.

– Ən böyük qonorarınız nə qədər olub?

– Vallah, mən toya gedəndə qiymət danışmıram. Məbləği toy sahibi özü deyir.
Amma şükür, dolana bilirik. Adam var, 100 manat verir, adam var, 300, eləsi
olur, 500 verir.

– Getdiyiniz toylarda özünüzün də pul yazdırmağınızla bağlı söhbətlər var.

– Yox, hər toyda olmur. Amma bəzi toylarda, bəli, pul yazdırıram. Baxıram,
Qarabağ qazisidir. Vətən üçün döyüşüb. Onda gedib pul yazdırmışam. Heç onun
özünün xəbəri olmayıb.

Söhbətimizin bu anında azan səslənir. Həmsöhbətimiz danışığına ara verir. Azan
bitənədək bu səssizlik davam edir. Parodiyaçı deyir ki, getdiyi toylarda da
belədir. Azan səslənən zaman toyu dayandırır, sonra toya davam edirlər.

– Azərbaycanda vəzifəli şəxslərin toylarında çox olmusunuz?

– Çox olmuşam. O toylarda baş çıxartmaq lazımdır. Adam var, vəziyyətdən çıxa
bilmir, məsələn, Xalq, yaxud Əməkdar artistdir, populyar müğənnidir, amma baş
çıxara bilmir. O qədər fonoqram oxuyurlar ki, canlı oxunulması istəniləndə
qalırlar belə.

– İlham müəllim, bəs bu gün teatr və kino üçün darıxmırsınız? Çünki bu sahə
üzrə təhsil alımısınız və təhsil almaq üçün də illərlə mübarizə aparmısınız.

– Teatr üçün burnumun ucu göynəyir. Arada teatr tamaşalarına gedirəm. Çox
böyük zövq alıram. Əvvəllər dublyaja da gedirdim. Daha gedə bilmirəm, dörd,
bəzən altı saat orada olmalısan.

– Teatrdan təkliflər necə, gəlirmi?

– Akademik Milli Dram Teatrından dəvət almışam, amma getməmişəm. Teatra
bağlandın, oradan çıxa bilmirsən. Toy biznesi də elədir ki, insanlara iştirak
üçün söz verirsən. Vədə əməl etməmək də yaxşı deyil.

– Onda etiraf edirsiniz ki, teatrı və kinonu toy biznesinə qurban vermisiniz?

– Onu deyə bilmərəm. Amma artıq bu toy biznesinə bağlanıb qalmışam.

– O zaman toyun biznes olduğunu da qəbul edirsiniz?

– Əlbəttə, toy biznesdir də. Azərbaycanda, bəlkə, iki milyon adam toy
biznesindən dolanır. Bərbər də, qəssab da, musiqiçilər də, müğənni də,
müğənninin yanındakı köməkçi də toydan qazanırlar.

– İllərdir toylarda iştirak edirsiniz, əvvəlkilərlə indikilərin fərqi çoxdur?

– Böyük fərq var, indiki toyları yola veririk. Qəşəng toylarımız olur, amma
əvvəlkilərin dadı yoxdur. Toya gələn kimi çalıb-oxuyanlar darıxırlar ki, bu
toy, görəsən, nə vaxt qurtaracaq. Heç əvvəlki auditoriya da yoxdur. Bizim
kənddə – Binədə – həmişə toylarda saz, muğam olub. Əvvəl deyirdilər, qapınıza
xeyir işə gələk, indi deyirlər, şadlıq evinə gələk. Mən övladlarıma toy
etmişəm. Həyətdə, “palatka”da olub hamısı.

– Deyirlər, övladlarınızın toyuna qonaq kimi heç kimi dəvət etməmisiniz. Hər
kəs özü gəlib.

– Bəli, bizdə elədir ki, restoranlarımız balacadır, insanlar restorana
yerləşmirlər. Mən toyu həyətdə etdim. Toya üç min nəfər gəlmişdi. Toy edəndə
Nadir Bayramlı ilə Pünhan İsmayıllı televiziyada canlı efirdə olub, deyiblər,
bəs Binəyə, İlhamın oğlunun toyuna gedirik, camaat da eşidib, tökülüb gəlib. O
qədər adam gəlmişdi, açığı, çox sevindim, düşündüm ki, demək, bu hörməti
qazanmışam. Bu gün qazancımdan da, həyatımdan da çox razıyam.


Source link