Cənub Qaz Dəhlizinə ilk qazın vurulmasına başlanıb. Azərbaycan prezidenti İlham Əliyev kəmərə ilk qazın vurulmasını bildirən açarı işə salıb.
Bununla Cənub Qaz Dəhlizində Trans-Anadolu Boru Kəmərinə (TANAP) qaz vurulmasına başlanıb.
Qeyd edək ki, iyunun 12-də Əskişəhərdə TANAP-ın istifadəyə verilməsi ilə bağlı Azərbaycan və Türkiyə prezidentlərinin iştirakilə rəsmi açılış olacaq. TANAP üzrə ilk qaz iyunun 30-da ötürüləcək. İlin sonuna qədər kəmər vasitəsilə bir milyard kubmetr qaz ixrac olunacaq.
Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban ÇıxışYolu.Com-a şərhində bildirdi ki, Cənub Qaz Dəhlizi Layihəsi olmasaydı, Azərbaycan “Şahdəniz 2” layihəsinə başlaya bilməzdi:
“Bu layihə böyük qaz yataqlarını realizə etməyə imkan verir. Cənub Qaz Dəhlizi Azərbaycanın iri qaz ehtiyatlarının dünya bazarına çıxarılmasına şərait yaradır. Belə ki, “Şahdəniz” yatağından başqa, “Abşeron”, “Ümid”, “Qarabağ”, “Babək” və digər yataqlar var. Bu yataqlar Azərbaycan qazının dünya bazarına çıxarılmasına təminat verir.
Əgər infrastruktur yaradılmasaydı, bu ehtiyatları bazara çıxarmaq mümkün olmayacaqdı. Ölkələr var ki, qaz ehtiyatlarına malikdir, lakin infrastrukturları olmadığından qazını xarici bazara çıxara bilmirlər”.
İ.Şaban deyir ki, Cənub Qaz Dəhlizi ilə bağlı infrastruktur işləri 2020-ci ilə tamamlanacaq:
“Hazırda qaz gəlirlərinə pəncərə açılıb. Qapı 2020-ci ildən sonra açılacaq”.
Ekspertin fikrincə, 2018-ci il Azərbaycanın böyük qaz erasına ilk addımlarını atdığı ildir:
“Şahdəniz 2” layihəsi çərçivəsində biz bu il ilk qazımızı hasil edib, Türkiyə bazarında satış həcmlərini ildən-ilə artıracağıq. 2020-ci ildən isə Azərbaycan qazının Cənub Qaz Dəhlizi boyunca Avropa bazarına nəqli gözlənilir. Bundan sonra müəyyən zaman fasilələri ilə bir-birinin ardınca Xəzərin Azərbaycan sektorunda işlənməyə hazır olan qaz yataqlarının hamısından dünya bazarlarına ixraca start veriləcək.
Son 10 ildə Rusiya Qərbə özünün qaz ixracı məsələsini kifayət qədər yumşaltmalı olub və güzəştləri, çox güman ki, bundan sonra da davam edəcək. Xəzərin o tayındakı qonşumuz Türkmənistanın dünyanın dördüncü qaz ehtiyatına malik olmasına baxmayaraq, (Türkmənistan hələ 1989-cu ildə 90 milyard kubmetr qaz hasil etmişdi və bugünədək həmin rekorda çata bilməyib, qaz ixracı isə ötən il 35 milyard kubmetr ətrafında olub), ixrac məsələsində böyük problemlər yaşayır.
Türkmənistan qısa müddətdə əvvəlcə Rusiyaya qaz ixracından, sonra isə İrana ixracdan məhrum oldu. Cənub qonşumuz İran isə qaz ehtiyatlarına görə lider ölkə olsa da, Azərbaycandan az ixrac həcminə malikdir.
Bizim Xəzərdə olan qaz yataqlarını işləmək imkanımız yalnız yeni infrastrukturun yaranması ilə mümkündür. Əgər xammalı bazara çıxaracaq infrastruktur yoxdursa, demək, iki trilyon kubmetrdən artıq olan qaz ehtiyatı elə ehtiyat olaraq “yatacaq” və ölkəyə hansısa bir dividend gətirməyəcək”.
O ki qaldı Azərbaycanın qazı hansı qiymətlərlə bazara çıxaracağına, İ.Şaban deyir ki, 1998-ci ildə Azərbaycanın dünya bazarına çıxardığı neftin qiyməti 10 dollardan ucuz idi, çünki Novorossiysk limanından ixrac edilən neft URALS markalı idi və “Brent”dən 1-1,5 dollar ucuz satılırdı:
“O zaman “Azeri Light” mövcud deyildi, hansı ki, “Brent” markalı neftdən özünün keyfiyyətinə görə daim 1,5 dollar ətrafında baha satılıb. Ancaq 10 il sonra neft 148 dollar oldu. İndi kim deyə bilər ki, 2025-ci ildə bu gün 200 dollara satdığımız qazın qiyməti 300 dollar, 2030-da 500 dollar olmayacaq? Bir şeyə ki tələbat var, o, qiymətini heç vaxt itirmir.
2018-ci ilin gözü ilə bazara baxıb qazdan gələn gəlirlərə qiymət vermək mürəkkəbdir. Təsəvvür edin ki, 2022-ci ildə Azərbaycan “Şahdəniz-2” layihəsi çərçivəsində 16 milyard kubmetr qaz ixrac edir və ilk 10 il xərclərin ödənilməsinin əhəmiyyətli dövrünə düşür.
2030-cu ildən sonra qazın qiyməti üç dəfəyədək qalxa, Azərbaycanın ümumi qaz ixracı 35 milyard kubmetrə çata bilər.
Yəni kapital xərclərinin azaldığı, mənfəətin bölgü prinsipinin dövlətin xeyrinə maksimum dəyişdiyi, qiymətlərin yüksəldiyi şəraitdə gələn gəlir gözləntiləri dəfələrlə aşar. İkinci bir məsələ, hansına ki, bir çox insanlar diqqət yetirmir, Azərbaycanın qaz layihələrindən gəlirləri təkcə xam qazın satışı ilə məhdudlaşmayacaq.
Qaz yataqlarından həmişə kondensat (daha yüngül və bahalı neft) da hasil ediləcək. Buradan gələn gəlir isə xüsusi çəkiyə malikdir. Məsələn, “Şahdəniz-1” layihəsi çərçivəsində 2017-ci ildə 10,2 milyard kubmetr qaz hasil edilib (hesab edək ki, onun kommersiya dəyəri iki milyard dollar olub), həmçinin 2,4 milyon ton kondensat, yəni 19 milyon barel (təqribən 1,1 milyard dollar gəlir edir).
“Şahdəniz-2” layihəsi çərçivəsində isə 16 milyard kubmetr qaz hasilatı qarşılıqlığında 3,5-4 milyon ton kondensatın hasil edilməsi planlaşdırılır”.
Leyla Əliyeva
www.ÇıxışYolu.Com