İlham Şaban: Azərbaycan təkcə xam qazın satışı ilə kifayətlənməyəcək

İlham Şaban: Azərbaycan təkcə xam qazın satışı ilə kifayətlənməyəcək

Baxış sayı: 6. 699 dəfə baxılıb.

2018-ci ilin Azərbaycanın neft və qaz layihələrinin icrası baxımından uğurlu olacağı gözlənilir.

Belə ki, cari ildə Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) istifadəyə veriləcək. Bununla da Azərbaycan qazı Avropaya çatdırılacaq.

2017-ci ildə “Azəri-Çıraq-Günəşli” yatağı üzrə kontraktın müddətinin 2050-ci ilə qədər uzadılması nəticəsində ölkənin hasilat səviyyəsinin sabit qalacağı fikri irəli sürülür.

Neftin hasilatı, dünya bazar qiyməti, eləcə də, Azərbaycanın enerji layihələrinin iqtisadiyyatdakı rolu ilə bağlı ÇıxışYolu.Com-ın suallarını Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban cavablandırıb:

İlham Şaban: Azərbaycan təkcə xam qazın satışı ilə kifayətlənməyəcək

Əvvəli

– Bir qədər əvvəl Belarusun Antiinhisar Tənzimlənməsi və Ticarət Nazirliyi (ATTN) respublika ərazisindən magistral boru kəmərləri ilə neft nəqli üçün yeni tariflər müəyyən etdi. “Qomeltrasneft Drujba” ASC və “Polotsktransneft Drujba” magistral boru kəmərləri ilə neftin Rusiya neftinin Avropaya nəqli tarifləri orta hesabla 6,7% qaldırıldı. Azərbaycanda tranzit qiymətləri necə dəyişir və bundan nə qədər qazanırıq? 

– Bu, kommersiya sirridir, açıqlanmır. Azərbaycan regionda çox mütərəqqi tranzit tarifləri həyata keçirir. Məsələn, Türkmənistan Rusiyadan daşıdığı bir milyon ton neft məhsulunu 2017-ci ildən Azərbaycan üzərindən daşımağa başladı. Bu da onunla əlaqədar idi ki, Azərbaycan hər tonda bir dollar endirim etmişdi.

Söhbət Azərbaycan üzərindən dəmiryolu ilə daşımalardan gedir. Bu baxımdan, neftin qiymətinin düşməsindən Azərbaycanın yararlandığı məqamlar da olub. Yəni müvafiq qurumlar daha çevik siyasət yürütməyə başlayıblar, regional və dünya bazarlarındakı dəyişiklərə adekvat addımları vaxtında atıblar, nəticədə əvvəllər ölkədən yan keçən yük həcmlərini cəlb etməyə müvəffəq olublar.

Tranzit məsələsi, istər dəmir yolu ilə olsun, istərsə də boru kəmərləri ilə, yaxın gələcəyin perspektivində yüksələn xətlə inkişafa meyillidir. 

 Rəsmi açıqlamalara görə, Trans-Anadolu Boru Kəmərinin layihəsinin icrası  99, Trans-Adriatik Boru Kəmərinin icrası 68 faiz səviyyəsindədir. Bu qaz layihələri neftin Azərbaycan iqtisadiyyatındakı rolunu oynaya biləcəklərmi? 

– 2018-ci il Azərbaycan üçün böyük qaz erasına ayaq basmağımız istiqamətində ilk addımımızdır. Bu, “Azəri-Çıraq-Günəşli” layihəsinin tammiqyaslı işlənməsi çərçivəsində “Mərkəzi Azəri” platformasından 2005-ci ildə ilk neftimizin hasil ediləməsinə bənzəyir.

Sonrakı dövrlərdə bir-birinin ardınca digər platformalardan hasilat başladı və Azərbaycan nefti dünya bazarına daha böyük həcmdə, əsas ixrac boru kəmərimiz olan BTC ilə çıxdı. İndi də belədir.

İlham Şaban: Azərbaycan təkcə xam qazın satışı ilə kifayətlənməyəcək

“Şahdəniz 2” layihəsi çərçivəsində biz bu il ilk qazımızı hasil edib, Türkiyə bazarında satış həcmlərini ildən-ilə artıracağıq. 2020-ci ildən isə Azərbaycan qazının Cənub Qaz Dəhlizi boyunca Avropa bazarına nəqli gözlənilir. Bundan sonra müəyyən zaman fasilələri ilə bir-birinin ardınca Xəzərin Azərbaycan sektorunda işlənməyə hazır olan qaz yataqlarının hamısından dünya bazarlarına ixraca start veriləcək.

İnsanlara elə gəlir ki, qaz satmaq asan məsələdir: Qaz “krantını” Bakıda açdın və harada istədin, satdın. Bu, ancaq rəvayətlərdə belədir. Qonşumuz Rusiyanın timsalında bunu çox aydın müşahidə etmək olar.

Bu ölkə 1968-ci ildən Avropaya qaz ixrac edir, ötən il ümumi qaz ixracı 200 milyard kub metrdən artıq olub. Bununla belə, qaz ixracı ilə bağlı baryerlər aşmalı olur.

Son 10 ildə Rusiya Qərbə özünün qaz ixracı məsələsini kifayət qədər yumşaltmalı olub və güzəştləri, çox güman ki, bundan sonra da davam edəcək. Xəzərin o tayındakı qonşumuz Türkmənistanın dünyanın dördüncü qaz ehtiyatına malik olmasına baxmayaraq, (Türkmənistan hələ 1989-cu ildə 90 milyard kub metr qaz hasil etmişdi və bugünədək həmin rekorda çata bilməyib, qaz ixracı isə ötən il 35 milyard kub metr ətrafında olub), ixrac məsələsində böyük problemlər yaşayır.

Türkmənistan qısa müddətdə əvvəlcə Rusiyaya qaz ixracından, sonra isə İrana ixracdan məhrum oldu. Cənub qonşumuz İran isə qaz ehtiyatlarına görə lider ölkə olsa da, Azərbaycandan az ixrac həcminə malikdir.

Bizim Xəzərdə olan qaz yataqlarını işləmək imkanımız yalnız yeni infrastrukturun yaranması ilə mümkündür. Əgər xammalı bazara çıxaracaq infrastruktur yoxdursa, demək, iki trilyon kub metrdən artıq olan qaz ehtiyatı elə ehtiyat olaraq “yatacaq” və ölkəyə hansısa bir dividend gətirməyəcək.  

O ki qaldı Azərbaycanın qazı hansı qiymətlərlə bazara çıxaracağına, 1998-ci ildə Azərbaycanın dünya bazarına çıxardığı neftin qiyməti 10 dollardan ucuz idi, çünki Novorossiysk limanından ixrac edilən neft URALS markalı idi və Brentdən 1-1,5 dollar ucuz satılırdı.

O zaman “Azeri Light” mövcud deyildi, hansı ki, “Brent” markalı neftdən özünün keyfiyyətinə görə daim 1,5 dollar ətrafında baha satılıb. Ancaq 10 il sonra neft 148 dollar oldu. İndi kim deyə bilər ki, 2025-ci ildə bu gün 200 dollara satdığımız qazın qiyməti 300 dollar, 2030-da 500 dollar olmayacaq? Bir şeyə ki tələbat var, o, qiymətini heç zaman itirmir.

 Bir şeyi dəqiqləşdirək, qaz gəlirlərimiz də neft gəlirlərimiz kimi ola bilərmi?

– Biz neftdən pis qazanmadıq (xalis mənfəətimiz AÇG-dən indiyə kimi 130 milyard dollar) və hələ qarşıdakı 30 ildə qazanmağa davam edəcəyik. Neftdən gələn gəlirlərimiz həcmdən və neftin qiymətindən asılı olaraq dəyişib. Neftin pik gəliri 2011-ci ildə olub – 19 milyard dollardan çox.

2018-ci ilin gözü ilə bazara baxıb qazdan gələn gəlirlərə qiymət vermək mürəkkəbdir. Təsəvvür edin ki, 2022-ci ildə Azərbaycan “Şahdəniz-2” layihəsi çərçivəsində 16 mlrd. kub metr qaz ixrac edir və ilk 10 il xərclərin ödənilməsinin əhəmiyyətli dövrünə düşür. 2030-cu ildən sonra qazın qiyməti üç dəfəyədək qalxa, Azərbaycanın ümumi qaz ixracı 35 milyard  kubmetrə çata bilər.

Yəni kapital xərclərinin azaldığı, mənfəətin bölgü prinsipinin dövlətin xeyrinə maksimum dəyişdiyi, qiymətlərin yüksəldiyi şəraitdə gələn gəlir gözləntiləri dəfələrlə aşar. İkinci bir məsələ, hansına ki, bir çox insanlar diqqət yetirmir, Azərbaycanın qaz layihələrindən gəlirləri təkcə xam qazın satışı ilə məhdudlaşmayacaq.

Qaz yataqlarından həmişə kondensat (daha yüngül və bahalı neft) da hasil ediləcək. Buradan gələn gəlir isə xüsusi çəkiyə malikdir. Məsələn, “Şahdəniz-1” layihəsi çərçivəsində 2017-ci ildə 10,2 milyard kub metr qaz hasil edilib (hesab edək ki, onun kommersiya dəyəri iki milyard dollar olub), həmçinin 2,4 milyon ton kondensat, yəni 19 milyon barel (təqribən 1,1 milyard dollar gəlir edir).  “Şahdəniz-2” layihəsi çərçivəsində isə 16 milyard kub metr qaz hasilatı qarşılıqlığında 3,5-4 milyon ton kondensatın hasil edilməsi planlaşdırılır. 

İlham Şaban: Azərbaycan təkcə xam qazın satışı ilə kifayətlənməyəcək

– Necə düşünürsünüz, Azərbaycan hüdudlarından kənardakı qaz infrastrukrları deyildiyi vaxtda təhvil veriləcəkmi? 

– TANAP qaz kəmərinin sınaqdan keçirilməsinə başlanılıb. Birinci rübün sonuna qədər artıq TANAP istifadəyə hazır olmalıdır. Söhbət kəmərin Gürcüstandan Türkiyənin Əskişəhərə qədər olan hissəsindən gedir. 2019-cu ildə isə TANAP TAP ilə birləşdiriləcək. Bununla da bir il ərzində məsələ öz həllini tapmalıdır. Əgər layihələrin maliyyə sıxıntısı yoxdursa, niyə də vaxtında təhvil verilməsin?

– Ancaq TAP-da hələ narazı əhalinin etiraz mitinqləri və işlərə mane olma səhnələrini müşahidə edirik…

– Artıq o, “bizim işimiz” deyil. Əgər məhz bu səbəbdən TAP-ın istifadəyə verilməsi qrafikdən kənara çıxarsa, onda TAP konsorsiumu qaz hasilatçısı olan “Şahdəniz” konsorsiumuna təzminat ödəməlidir. Çünki imzalanmış müqavilənin şərtləri bunu tələb edir. TAP konsorsiumu isə məhkəməyə müraciət edib ona dəyən zərərin yerli icra hakimiyyəti orqanları tərəfindən ödənməsini tələb edə bilər.

İlham Şaban: Azərbaycan təkcə xam qazın satışı ilə kifayətlənməyəcək

– İddialar var ki, Azərbaycan öz qazını Türkiyə və Gürcüstana ucuz qiymətə satır…

– Rusiya öz qazını Ermənistana 150 dollardan satır. Bu halda Azərbaycan bundan aşağı qiymətə Gürcüstana qaz sata bilərmi? Hökumətlərarası Saziş qüvvədə olduğu zaman Dövlət Neft Şirkəti Gürcüstanın “Socar Georgia Gas” şirkətinə qazı 155 dollardan satırdı.

Yadınızdadırmı, yenicə hakimiyyətə gələn İvanişvili Azərbaycandan qazın qiymətlərində güzəşt istəyirdi. O zaman ona qiymətin formulasını açıqladılar və o da yerli mətbuatda bəyan etdi ki, belə şeydən heç məlumatı yox imiş.

Gürcüstanda qazın qiymətləri Energetika və Su Təchizatı üzrə Milli Tənzimləmə Komissiyası tərəfindən müəyyənləşdirilir. Komissiyanın qərarı ilə 20 iyul 2017-ci ildən Gürcüstanda qaz üçün yeni qiymətlər müəyyənləşdirilib.

SOCAR-ın realizə etdiyi qazın 1 kub metri Tbilisidə “KazTransGaz”ın satdığı qazdan 11 tetri bahadır. Bu da onunla əsaslandırılır ki, SOCAR regionlarda qazlaşma həyata keçirir. Buna görə də 1 m3 qazın qiyməti 57,011 tetri olub. Yəni 1000 m3 qaz üçün 570,11 lari və ya indiki kursla 393,62 AZN ödəniş edilir.

Gürcüstanda limit məsələsi yoxdur. Ancaq istifadə məsələsi var. İstəyirsən, Bakıda kombi yandır, istəyirsən, Tbilisidə, əgər sən ayına 500 m3 sərfiyyat edəcəksənsə, Bakıda 50 manat ödəyəcəksən, Tbilisidə buna 230 lari (46,153×500=230,76 lari) və ya 158,8 AZN ödəməli olacaqsan. 

Sosial şəbəkələrdə “Azərbaycan Gürcüstana qazı ucuz satır” yazanların əksəriyyəti eyni fikri “Gürcüstanda benzin Azərbaycandan daha ucuzdur” fikirlərini paylaşanlardır. Çoxları hələ elə zənn edirlər ki, 100 manatla Gürcüstana gedəndə onu 200 lariyə dəyişmək olar. 

İlham Şaban: Azərbaycan təkcə xam qazın satışı ilə kifayətlənməyəcək

İlham Şaban: Azərbaycan təkcə xam qazın satışı ilə kifayətlənməyəcək

İlham Şaban: Azərbaycan təkcə xam qazın satışı ilə kifayətlənməyəcək

İlham Şaban: Azərbaycan təkcə xam qazın satışı ilə kifayətlənməyəcək

L.Əliyeva
www.ÇıxışYolu.Com