İtaliyanın Genuya şəhərində paracüdoçular (görmə qabiliyyəti məhdud olan cüdoçular) arasında Avropa çempionatı start götürüb.
ÇıxışYolu.Com-ın xəbərinə görə, Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə qitə çempionatında iştirak edən millimiz 12 idmançı (yeddi oğlan, beş qız) ilə təmsil olunur.
2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Paralimpiya Oyunlarına lisenziya xalları verən bu yarışda Azərbaycanı aşağıdakı idmançılar təmsil edir:
Kişilər: Namiq Abaslı, Bayram Mustafayev (hər ikisi B3, -66 kq), Kənan Abdullaxanlı (B3, -100 kq), Orxan Qarayev (B2, -60 kq), Ramil Qasımov (B3, -73 kq), Hüseyn Rəhimli (B3, -81 kq), İlham Zəkiyev (B1, +100 kq);
Qadınlar: Səbinə Abdullayeva (B2, -52 kq), Xanım Hüseynova (B3, -63 kq), Xatirə İsmiyeva (B1, +70 kq), Dürsədəf Kərimova (B3, +70 kq), Sevda Vəliyeva (B3, -57 kq).
Qeyd edək ki, bu yarışda əsas qızıl medal ümidlərimiz Paralimpiya çempionlarımız Ramil Qasımovla İlham Zəkiyevədir. Xüsusən ikiqat Paralimpiya, ikiqat dünya çempionu olmuş İ.Zəkiyevin qatıldığı bütün yeddi Avropa çempionatının qalibi olması onun səkkizinci dəfə bu titula sahib çıxacağını deməyə əsas verir.
Avropa çempionatı iyulun 28-də başa çatacaq.
Səbuhi Musayev