9606dd79-0950-4263-9797-45116f530598..jpg

İlin birinci yarısında Qarabağ ərazisində avtomat meteoroloji stansiyalar istismara veriləcək

Baxış sayı: 877 dəfə baxılıb.

İlin birinci yarısında Qarabağ ərazisində avtomat meteoroloji stansiyalar
istismara veriləcək

Bu ilin birinci yarısında Şuşa, Ağdam, Füzuli, Kəlbəcər, Zəngilan rayonları
ərazisində 5 meteoroloji stansiyanın bərpası çərçivəsində avtomat meteoroloji
stansiyaların istismara verilməsi nəzərdə tutulub.

“Report” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəsmisi
Rafiq Verdiyev məlumat verib.

Rafiq Verdiyev bildirib ki, müasir avtomat stansiyalar həm ölkə, həm də
beynəlxalq yayıma ötürülən məlumatların kəmiyyət və keyfiyyət göstəricilərinin
artmasına zəmin yaradır:

“Təkcə hidrologiya sahəsində son 3 ildə iri çaylar üzərində Avropa istehsalı
olan 40 ən müasir avtomat stansiya quraşdırılıb və onlayn rejimdə fəaliyyət
göstərir. Onlardan 11-i vasitəsilə Qarabağ və Şərgi Zəngəzur iqtisadi rayonları
ərazisindəki çaylarda həm suyun miqdarı, həm də transsərhəd çaylarda suyun
keyfiyyəti nəzarətdə saxlanılır”.

Onun sözlərinə görə, innovativ tətbiqlər digər istiqamətləri də əhatə edir və
dövlət investisiya layihəsi çərçivəsində müşahidə şəbəkəsində 4 dəst dəniz, 2
ədəd dopler radar, 17 dəst meteoroloji, 1 dəst aqrometeoroloji stansiya
istifadəyə verilib:

“Avtomatlaşdırılmış hidrometeoroloji və hava keyfiyyəti stansiyalarından
alınmış məlumatların Milli Hidrometeorologiya Xidmətində yeni yaradılmış
Situasiya Mərkəzində onlayn şəkildə vizuallaşması təmin edilib. Bu ilin birinci
yarısında isə Şuşa, Ağdam, Füzuli, Kəlbəcər, Zəngilan rayonları ərazisində 5
meteoroloji stansiyanın bərpası çərçivəsində avtomat meteoroloji stansiyaların
istismara verilməsi nəzərdə tutulub”.

“Bu fəaliyyətlər proqnoz və xəbərdarlıqların dəqiqliyini artırmaqla ölkənin
hidrometeoroloji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.
Azərbaycanda da 2030-cu ilədək bütün ölkələr tərəfindən yaradılması hədəflənən
Erkən Xəbərdarlıq Sisteminin təməli qoyulur”, – deyə xidmət rəsmisi əlavə edib.

Qeyd edək ki, 23 mart “Ümumdünya Meteorologiya Günü” kimi qeyd olunur.
Azərbaycanda Milli Hidrometeorologiya Xidmətinin fəaliyyətinin Ümumdünya
Meteorologiya Təşkilatının standartlarına uyğun təkmilləşdirilməsi sahəsində
davamlı tədbirlər görülür. Xüsusilə son illərdə ənənəvi müşahidə qurğuları
artıq müasir avtomat stansiyalarla əvəz edilir.

Source link