2011-ci ilə qayıtmalıyıq. Dortmund “Borusiya”sını çalışdırırdım, “Bayern”lə matçımız var idi. Çempionatın ən önəmli oyunlarından birindən söhbət gedir. Təxminən 20 il idi ki, Münhendə qələbəyə həsrət idik.
Filmlərdən çox ilham alan biriyəm. Ona görə də oyunçularıma motivasiya vermək lazım gələndə həmişə yadıma Rokki Balboa düşür. Məncə, “Rokki” filminin ilk dörd hissəsi bütün məktəblərdə uşaqlara göstərilməlidir. Əlifbanı öyrənməkdən bir fərqi olmamalıdır. “Rokki”ni izlədikdən sonra içinizdə dağın başına çıxmaq istəyi yaranmırsa, deməli, sizdə problem var.
Bunu İngiltərənin “Liverpul” klubunun baş məşqçisi Yürqen Klop “The Players’ Tribune”dakı yazısında qeyd edib.
Klop vətəni Almaniyada çalışdığı müddətdə “Bayern”lə görüşlərdən birindən əvvəl komandanı Rokki Balboanın SSRİ-dəki döyüşündən nümunə gətirərək motivasiya etmək istədiyini bildirib:
“Bayern”lə oyundan əvvəlki gecə idi, oteldə komanda önündə çıxış edəcəkdim. Oyunçuların hamısı oturmuşdu. İşıqları söndürmüşdük. Onlara acı reallıqdan bəhs etdim: “Borussiya” sonuncu dəfə Münhendə qələbə qazananda əksəriyyətiniz pampers taxırdı”.
Sonra “Rokki”nin IV hissəsinə dair bəzi səhnələri onlara göstərdim. İvan Draqonun olduğu səhnə… – məncə, əsl klassikadır. Draqo kompüterə bağlı qaçış aparatındadır və elmi işçilər onun üzərində sınaq aparır. Yadınızdadır? Oyunçulara dedim: “Görürsünüz? “Bayern” İvan Draqodur. Ən yaxşı texnologiya, ən yaxşı aparatlar… – hər şeyin ən yaxşısı onlardadır. Onların qarşısını almaq mümkün deyil”.
Sonra Rokkinin Sibirdə, ağacdan tikilmiş evdə məşq etdiyi səhnə gəlir. Şam ağaclarını kəsir, qarda kötükləri daşıyır və dağın zirvəsinə kimi qaçır. Həmin an uşaqlara dedim: “Bu isə bizik. Biz Rokkiyik. Hə, balacayıq, amma ehtirasımız var. Bizdə əsl çempion ürəyi var. Biz mümkünsüzü reallaşdıra bilərik!!!”
Belə-belə davam edirdim və bir yerdən sonra oyunçuların necə reaksiya verəcəyini görmək üçün onlara baxdım. Stulların üzərinə çıxacaqlarını, Sibirdəki dağın başına qalxmağa hazır olacaqlarını, bir sözlə, dəliyə dönəcəklərini gözləyirdim, amma hamı yerində oturmuşdu.
Boş-boş baxırdılar. Mənasız ifadələrlə məni süzürdülər. Tamamilə səssizlik hakim idi. Sanki baxışları ilə demək istəyirdilər: “Görəsən, bu dəli nə danışır?” Sonradan başa düşdüm. “Rokki”nin IV hissəsi neçənci ildə çıxıb? 1980-ci illər olar, hə? Bəs oyunçularım nə vaxt dünyaya gəliblər?
Nəhayət ki, dilləndim: “Bir dəqiqə dayanın. Uşaqlar, Rokki Balboanın kim olduğunu bilənlər əllərini qaldırsınlar”. Cəmi iki nəfər əlini qaldırdı: Sebastyan Kel və Patrik Ovomoyela. Digərləri isə “yox” cavabını verdi.
Komanda önündəki çıxışım, sən demə, cəfəngiyyatdan ibarət imiş. Mövsümün ən önəmli matçı idi. Bəlkə də, bəzi oyunçular həyatlarının ən vacib oyununa çıxacaqdı. Məşqçiləri isə 10 dəqiqədir ki, onların qarşısında qışqıra-qışqıra Sovet texnologiyası və Sibirdən danışır! Hahahaha! Buna inana bilirsiniz?”
Həmin matçda qalib gəldiklərini və ya məğlub olduqlarını unutduğunu deyən Klop yenicə ilin məşqçisi seçildiyinə görə hamıya minnətdarlığını bildirib. O qeyd edib ki, 20 yaşında artıq ata olması onu ağır işlərə qatlaşmağa, dostlarının onu pablara dəvətlərinə laqeyd yanaşmasına səbəb olub. Daha sonra Klop Çempionlar Liqasında “Barselona”ya 0:3 uduzduqları görüşün cavab oyununda reallaşdırdıqları möcüzədən danışıb:
“Ötən mövsüm Çempionlar Liqasının yarımfinalında səfərdə “Barselona”ya 0:3 hesabı ilə məğlub olmaq ağla gələ biləcək ən bərbad ssenari idi. Revanş matçı ərəfəsində komanda önündəki çıxışım çox bəsit idi. Bu səfər Rokki filan yox idi. Daha çox taktiki detallar haqda danışdım. Eyni zamanda, onlara reallıqdan da bəhs etdim:
“Dünyanın ən yaxşı hücumçularından ikisi olmadan meydana çıxacağıq. Hamı üzərimizə düşən öhdəliyin mümkünsüz olduğunu düşünür. Dürüst olaq, bu, demək olar ki, imkansızdır. Mümkünsüz olmasının səbəbi sizsiniz? Yox, əslində, əlimdə sizin kimi oyunçular var deyə, müəyyən qədər şansımız var”.
Həqiqətən də, dediklərimə inanırdım. Söhbət futbolçu kimi onların texniki bacarığından getmirdi. Bir insan kimi onların kim olduqlarına bələd idim, həyatları boyunca öhdəsindən gəldikləri çətinlikləri bilirdim. Buna görə də inanırdım.
Təkcə bu cümləni əlavə etdim: “Uğursuz olsaq belə, gəlin, bunu ən gözəl şəkildə edək”. Əlbəttə, mənim üçün bu sözləri demək asandır. Mən, sadəcə, kənardan qışqıran adamam. Əsas yük futbolçuların çiyninə düşür. Amma oyunçularım və stadiondakı 54 min insan sayəsində mümkünsüzü reallaşdırdıq. Heç bir şeyi təkbaşına etmirsiniz – futbolla bağlı ən gözəl şey də elə budur. İnanın mənə, futbolda təkbaşına heçsiniz”.
Daha sonra o, əvəzetməyə başı qarışdığından, Divok Oriqinin “Barselona”ya vurduğu qolu görmədiyini və daha sonra 500 min dəfə həmin qolu izlədiyini bildirib. Həmin matçdan sonra pivə içmədiyini, evə gedib sadəcə yatdığını bildirən 52 yaşlı məşqçi bir çox məşhurların üzvü olduğu “Common Goal” hərəkatına qoşulacağını vurğulayıb.
O, bununla da qazancının 1 faizini bu qeyri-hokumət təşkilatına yatırmaqla dünyadakı gənclərlə nəzərdə tutulmuş futbol proqramlarına dəstək olacaq.
Mətni tərtib etdi: Səbuhi Musayev
Tərcüməni etdi: Rüfət Məcid