İlk Azərbaycan Yüksəliş Forumu baş tutub
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
8 yanvar 2024-cü il tarixində Beynəlxalq Muğam Mərkəzində ilk Azərbaycan
Yüksəliş Forumu baş tutub. Forum “Yüksəliş” müsabiqəsi iştirakçılarının
təşəbbüsü ilə müsabiqənin yaratdığı müsbət trendləri müzakirə etmək, onun
davamlılığını təmin etmək və perspektivli idarəçi kadrlar arasında peşəkar
əlaqələri daha da inkişaf etdirmək məqsədilə təşkil olunub.
Forum “Güclü Azərbaycan və insan kapitalı” mövzusunda panel müzakirələrinə
həsr olunub. “Yüksəliş” müsabiqəsi iştirakçıları “Güclü Azərbaycan və insan
kapitalı” mövzusunda panel müzakirələrinə həsr olunan Forumun sonunda
Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevin siyasi kursunun davamına
dəstək məqsədilə bəyanat qəbul ediblər.
Bundan əlavə, “Yüksəliş” müsabiqəsi iştirakçıları Azərbaycan Respublikasının
müstəqilliyini qorumaq və onun davamlı inkişafını təmin etmək üçün ölkənin yeni
nəsil peşəkarlarını bir araya gətirərək onlar arasında peşəkar əlaqələrin
möhkəmlənməsinin təmin edilməsi zərurətini və məsuliyyətini anladıqlarını və bu
məsuliyyətlə ölkənin milli, tarixi və gələcək maraqlarına cavab verən
proseslərdə daha da yaxından iştirak edərək töhfə verməyə hər zaman hazır
olduqlarını vurğulayıblar.
Hazırda Azərbaycanda modern iqtisadiyyatın ən mühüm sosial-mədəni amilinə
çevrilən insan kapitalının formalaşmasına, möhkəmlənməsinə və inkişafına xüsusi
diqqət göstərilir. Prezident İlham Əliyevin vurğuladığı kimi, insan amili, ölkə
vətəndaşlarının sosial-iqtisadi rifahının yaxşılaşdırılması, ölkəmizin yüksək
inkişaf etmiş ölkələr sırasına daxil olması həyata keçirilən çoxşaxəli
islahatların başlıca hədəfidir.
Prezident İlham Əliyevin 2004-cü ildə dediyi “Biz “qara qızıl”ı insan
kapitalına çevirməliyik” şüarı artıq Azərbaycan reallığıdır. Bu isə 20 ildir
davam edən və davamlılığını qoruyan bir prosesdir. Ötən illərdə ölkəmizin
təhsil sistemində davamlı inkişafa yönəlmiş əsaslı dəyişikliklərin baş verməsi,
inkişafyönümlü proqram və layihələrin həyata keçirilməsi məhz İlham Əliyevin
təhsilə müntəzəm diqqət və qayğısı sayəsində mümkün olmuşdur. Dövlət başçısının
son illərdə imzaladığı sərəncamlar, o cümlədən dövlət proqramları ilə dövlət
büdcəsindən təhsilə ayrılan xərclərin ildən-ilə artırılması hökumətin kadr
inkişafı üçün ardıcıl və sistemli fəaliyyət göstərdiyini təsdiqləyir.
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət
Proqramı”, “Azərbaycan Respublikası ümumtəhsil məktəblərinin İKT ilə təmini
proqramı (2005-2007-ci illər)”, “2008-2012-ci illərdə Azərbaycan
Respublikasında təhsil sisteminin informasiyalaşdırılmasına dair Dövlət
Proqramı”, o cümlədən, 2009-cu ildə ölkə Prezidentinin Azərbaycan
Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun yaradılması ilə
bağlı Sərəncam ölkə Prezidenti İlham Əliyevin təhsilə və insan kapitalına
verdiyi dəyərin göstəricisi olan nümunələrdir.
Ölkəmizdə son illərdə reallaşdırılan təhsil siyasətinin əsasında da daha
keyfiyyətli insan kapitalının formalaşdırılması dayanır ki bu da özünü
Azərbaycan Respublikasının beynəlxalq reytinqlərdə mövqelərinin əhəmiyyətli
şəkildə yaxşılaşmasına şərait yaratmış, əmək bazarında tələb olunan ixtisas
sahələri üzrə peşəkar kadrların hazırlanmasına dəstək olmuşdur. Bu mənada,
“Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil
imkanlarının genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2021-ci il 30 sentyabr tarixli Sərəncamının əhəmiyyətini xüsusi qeyd etmək
lazımdır. Mühüm dövlət sənədi əsasında hazırlanan “Gənclərin xarici ölkələrin
nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər
üçün Dövlət Proqramı”nın icrası ən müasir təcrübə və biliklərin inteqrasiyasına
əlverişli zəmin yaratmaqla ölkəmizin tərəqqisinə töhfə baxımından mühüm vədlər
verir.
Prezident İlham Əliyevin “Biz XXI əsrdə köhnə təfəkkürlə uğurlara imza ata
bilmərik. Ona görə də kadr islahatları labüddür və qaçılmazdır” fikirlərinə
uyğun olaraq yeni təfəkkürlü insanların, kreativ düşüncəyə malik, vətənpərvər
kadrların irəli çəkilməsi günümüzün reallığıdır. Prezidentin insan kapitalını
ön planda tutaraq potensiallı kadrların üzə çıxarılması üçün təşkilinə Sərəncam
verdiyi “Yüksəliş” müsabiqəsi qaliblərə yaratdığı başlıca inkişaf imkanlarından
biridir. Prezident İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə
təsis edilən “Yüksəliş” müsabiqəsi hər il 20 nəfərdən çox istedadlı kadrın kəşf
edilməsinə imkan yaradır. “Yüksəliş” müsabiqəsi zamanın çağırışlarına cavab
olaraq kadr ehtiyatının zənginləşdirilməsi və təkmilləşdirilməsi istiqamətində
atılmış mühüm addımlardandır. Bu günədək 3 dəfə təşkil edilən müsabiqənin
ümumilikdə 71 qalibi mövcuddur. Ölkə Prezidenti İlham Əliyev 2024-cü ildə
dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi haqqında daha bir Sərəncam
imzalayıb.
Müsabiqə qaliblərə 1 il ərzində ümumilikdə 40 idarəçi rəhbər, iri şirkətlərin
top-menecerləri, dövlət və özəl qurumların rəhbərləri ilə tanışlıq, fərdi
görüşlər və mentorluq proqramından yararlanmaq fürsəti yaradır. Bundan əlavə,
müsabiqə qaliblərinin adları kadrların ehtiyat bankına əlavə olunur. O cümlədən
qaliblər özünüinkişaf məqsədilə dövlət tərəfindən hər birinə ayrılmış pul
mükafatından yararlanmaq imkanı da əldə edirlər. Müsabiqənin təşkilinə cəlb
edilmiş resurslar, dövlət qurumlarının rəhbərlərinin mentor qismində iştirakı,
prosesin yüksək səviyyədə həyata keçirilməsi, qaliblərə münasibət layihənin
dövlət rəhbərliyinin birbaşa nəzarətində olduğunu göstərir.
Yeni dövr yeni hədəflər və inkişaf üçün imkan deməkdir. Bu baxımdan inkişaf
etməkdə olan müstəqil Azərbaycanın dünyada baş verən yeniliklərə biganə
qalmaması və fəal iştirakı qaçılmazdır. Prezident İlham Əliyev yerli televiziya
kanallarına verdiyi müsahibəsində də bildirdiyi kimi, hazırda dünyada bir çox
aparıcı keçmiş neft şirkətləri öz adlarını dəyişdirib enerji şirkətlərinə
çevirirlər. Bu isə öz növbəsində getdikcə yaşıl enerjiyə artan tələbatın
göstəricisidir. Bu istiqamətdə Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev yeni inkişaf hədəflərinə doğru daha bir addım ataraq 2024-cü ili
imzaladığı Sərəncamla ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edib.
Qlobal təşəbbüslərə həmişə ilk qoşulan ölkələrin sırasında olan Azərbaycan
bərpa olunan enerji sektorunun yaradılması istiqamətində son illərdə önəmli
addımlar atıb. “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Azərbaycanın
COP29-a, o cümlədən Şəhərsalma Forumuna ev sahibliyi etməsi də bu uğurlu
beynəlxalq siyasətin davamıdır. Bu il, o cümlədən Azərbaycanda Prezident İlham
Əliyevin yaşıl enerji zonası olaraq elan etdiyi – ölkəmizin işğaldan azad
edilmiş torpaqlarında həyatın yenidən dirçəldilməsi, bu ərazilərdə “Böyük
Qayıdış” Dövlət proqramının icrası ölkənin qarşıdakı bir digər əsas
hədəflərindəndir. Ölkədə hazırda işğaldan azad edilən zonalara qayıdan keçmiş
köçkünlərin məşğulluğu ilə bağlı tədbirlər həyata keçirilir, yerlərdə yeni
istehsalat sahələri, sənaye müəssisələri yaradılır. Ölkədə yaranan bütün bu
yeni tendensiyalar, tətbiqlər və inkişaf istiqamətləri kadr artımına və
ixtisaslaşmasına, potensiallı kadrların yerləşdirilməsinə imkan yaradır.
Ölkənin dinamik inkişafında rol oynamaq istəyən kadrlar üçün “Yüksəliş”
müsabiqəsi qaçılmaz fürsətdir. Məhz bu şəxslər üçün ölkə Prezidenti İlham
Əliyev 2024-cü ildə dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi haqqında daha
bir Sərəncam imzaladı. Bu isə o deməkdir ki, yaxın zamanda “Yüksəliş”
müsabiqəsinə qeydiyyat tarixləri açıqlanacaq, bununla da yenidən mübarizəli və
rəqabətli yarışma nəticəsində yeni qaliblər, potensiallı kadrlar və güclü
idarəçilər ortaya çıxarılacaq. Qalibiyyət isə həm potensiallı şəxslər, həm də
ölkəmiz üçün açılan yeni imkanlar, yeni hədəflər və yeni yüksəlişlər deməkdir.