Bu gündən Qətərin paytaxtı Dohada ilk dəfə keçiriləcək Dünya Çimərlik Oyunları start götürüb.
ÇıxışYolu.Com xəbər verir ki, Oyunlarda bu gün qadın və kişi çimərlik həndboluna start verilib.
Həmçinin, bu gün çimərlik futbol matçlarının keçirilməsi də nəzərdə tutulub.
Sabah isə açılış mərasimi olacaq. Nümayəndə heyətimizin sayı, açılış mərasimi və bayraqdarımızın kimliyi barədə Azərbaycanın bu yarışdakı şef-de-missionu, Milli Olimpiya Komitəsinin İdman şöbəsinin müdiri Həsənağa Rzayevə sualımızı ünvanladıq:
“İdmançı, məşqçi və komanda rəsmilərindən ibarət nümayəndə heyətimiz 15 nəfərdir. Bundan başqa, bu yarışı təşkil edən Milli Olimpiya Komitələri Assosiasiyasının Baş Assambleyasında Milli Olimpiya Komitəsininin vitse-prezidenti Çingiz Hüseynzadə və baş katibin müavini Azər Əliyev də iştirak etmək üçün bizimlədir. Baş Assambleya 17-18 oktyabrda keçiriləcək.
Bizim bayraqdarımız çimərlik güləşi üzrə millimizin üzvü Oyan Nəzəriani olacaq. O, ötən ay Xorvatiyanın paytaxtı Zaqrebdə çimərlik güləşi üzrə Dünya Seriyasının final mərhələsinin qalibi adını qazanıb. Amma açılış mərasimi zamanı parad olmayacaq. Yalnız hər ölkənin bayrağını daşıyan idmançılar yürüş edəcək. Açılış mərasiminin keçirilməsi bir saat nəzərdə tutulub. Onun başlanma saatına sabah keçiriləcək iclasda aydınlıq gələcək.
Güləşçilərimiz və triatlonçularımız bu gecə Dohaya gələcək. Karateçimiz Roman Heydərov isə artıq Qətərdədir və sabahkı yarışına hazırlaşır”.
Qeyd edək ki, bu yarış əvvəl ABŞ-ın San Dieqo şəhərində keçirilməli olsa da, sonradan məkan müəyyən səbəblərdən Dohaya dəyişdirilib. Azərbaycan I Dünya Çimərlik Oyunlarında 13 idman növündən üçündə təmsil olunacaq.
97 ölkənin idmançılarının qatıldığı yarışda Azərbaycandan ilk olaraq karatenin kata növü üzrə çıxış edəcək Roman Heydərov yarışacaq. O, sabah qrupdan çıxacağı halda oktyabrın 13-də medal uğrunda digər mərhələlərdə mübarizə aparacaq.
Daha sonra oktyabrın 14-də triatlonun akvatlon (üzmə, velosiped sürmə və qaçışdan ibarət multiidman) növü üzrə Rostislav Pevtsov və Kseniya Levskovskaya mübarizə aparacaq. Hər iki ukraynalı legionerimiz elə həmin gün fərdi yarışlarda medal qazanmağa çalışacaq.
Güləşin çimərlik növü üzrə Pənah İlyaslı (-70 kq) və Kənan Əliyev (-90 kq) də ayın 14-də mübarizəyə qoşulacaq. Oktyabrın 15-də isə digər iki güləşçimiz – İbrahim Yusubov (-80 kq) və Oyan Nəzəriani (+90) mübarizəyə qoşulacaq. Güləşdə bütün medalçıların sahiblərinə idmançıların mübarizəyə qoşulduğu gün aydınlıq gələcək.
Səbuhi Musayev