7234abbf-475c-45ce-a784-ab13a80b4d24..jpg

İlk dəfə “Uzun Həsən – Ağqoyunlu dövlətinin hökmdarı” sərgisi açılır

Baxış sayı: 687 dəfə baxılıb.

İlk dəfə “Uzun Həsən – Ağqoyunlu dövlətinin hökmdarı” sərgisi açılır

Noyabrın 1-də Heydər Əliyev Mərkəzində daha bir unikal sərgi – Azərbaycan
tarixinə ekskursiya etdirəcək “Uzun Həsən – Ağqoyunlu dövlətinin hökmdarı”
sərgisinin açılışı olacaq.

Cixisyolu.com xəbər verir ki, bu, Uzun Həsənə həsr olunmuş ilk sərgidir.

Sərgidəki eksponatlar vasitəsilə görkəmli dövlət xadimi və sərkərdə Uzun
Həsənin yaratdığı Ağqoyunlu dövlətinin tarixi, Azərbaycan dövlətçiliyi
tarixindəki xüsusi yerini izləmək mümkün olacaq.

Ziyarətçilər bir çox nadir eksponatlar, o cümlədən İstanbuldakı Hərb Muzeyində
(“Harbiye Askeri Müzesi ve Kültür Sitesi Komutanlığı”) saxlanılan və indiyə
qədər Türkiyə hüdudlarından kənara çıxarılmayan tarixi nümunələrlə tanışlıq
imkanı qazanacaqlar. Bu eksponatlar ilk dəfə Azərbaycanda təqdim olunacaq.

Qeyd edək ki, bu il Ağqoyunlu dövlətinin banisi Uzun Həsənin (1423-1478)
anadan olmasının 600-cü ildönümüdür. Sərginin “Uzun Həsən və Ağqoyunlu
dövləti”, “Ağqoyunlu dövlətinin daxili və xarici siyasəti”, “Ağqoyunlu
dövlətində mədəniyyət və incəsənət”, “Sara Xatun – Azərbaycan tarixində ilk
diplomat qadın”, “Despinə Xatun” və digər bölmələrində Sultan Uzun Həsən
haqqında, onun anası, apardığı diplomatik danışıqlar nəticəsində bir çox
müharibələrin qarşısını almağa müvəffəq olmuş Sara Xatun, Uzun Həsənin öz
gözəlliyi ilə insanları valeh edən həyat yoldaşı Despinə Xatun haqqında da
məlumatlar yer alacaq.

Ekspozisiyadakı “Ağqoyunlu dövlətinin daxili və xarici siyasəti” bölməsində
ziyarətçilərə Sultan Uzun Həsənin yürütdüyü siyasət, Ağqoyunlu dövlətini
kiçik bəylikdən böyük imperiyaya çevirməyə nail olmasından danışılacaq.

Sərgidə Uzun Həsən, onun oğlu və davamçısı Sultan Yaqubun zirehləri, XV əsr
Azərbaycan cəngavərlərinə aid silahlar da nümayiş etdiriləcək. Fərdi
kolleksiyada saxlanılan, Uzun Həsənin qılınc və xəncərinin XV əsr
texnologiyaları ilə düzəldilmiş replikaları, həmçinin dövrün hərbi
ləvazimatlarından olan oxçu üzükləri də sərgidə görmək mümkün olacaq.

“Ağqoyunlu dövlətində mədəniyyət və incəsənət” bölməsinə xüsusi yer ayrılması
da təsadüfi deyil. Burada Ağqoyunlu dövlətində mədəniyyət, o cümlədən memarlıq
və incəsənətin inkişafını nümayiş etdirən fotoşəkillər, Topqapı Saray Muzeyi
tərəfindən təqdim edilən miniatürlərin surətləri ziyarətçilərə təqdim ediləcək.

Sərgidə Milli Azərbaycan Tarixi Muzeyinin, Azərbaycan Milli İncəsənət Muzeyi,
Azərbaycan Milli Xalça Muzeyi, Gəncə tarix-diyarşünaslıq muzeyi və Azərbaycan
Milli Kitabxanasının fondlarındakı Ağqoyunlu dövrünə aid eksponatlar nümayiş
olunacaq.

Eksponatlar arasında 1470-80-ci illərə aid Təbriz miniatürlərinin əsasında
tikilmiş Ağqoyunlu dövləti hökmdarının rəsmi geyimini də görmək mümkün olacaq.
Sərgi üçün xüsusi olaraq üzərində XV əsrə aid nadir Təbriz miniatürünün təsvir
edildiyi xalçalar da hazırlanıb.

Sərgidə Ağqoyunlu dövlətinə məxsus sikkələr, arxeoloji qazıntılar nəticəsində
tapılan keramika nümunələri, mis əşyalar yer alacaq.

Ağqoyunlu dövrünə aid bəzi məlumatlar həm də multimedia və interaktiv
vasitələrlə çatdırılacaq. İnteraktiv xəritə ilə ziyarətçilərə Ağqoyunlu
dövlətinin sərhədləri, onun ərazisindən keçən ticarət yolları, şəhərləri, ən
möhtəşəm tikililəri təqdim ediləcək.

Ekspozisiyanın kinozalında Uzun Həsənə həsr edilən sənədli film də nümayiş
olunacaq.

Sərginin suvenir bölməsi isə ziyarətçiləri cəlb edəcək məkanlardan biri
olacaq. Burada Ağqoyunlu dövləti, Uzun Həsənə həsr olunan və digər maraqlı
suvenirlər təqdim ediləcək.

Qeyd edək ki, sərgi çərçivəsində Heydər Əliyev Mərkəzi tərəfindən Azərbaycan
və ingilis dillərində “Ağqoyunlu dövlətinin hökmdarı – Uzun Həsən” adlı kitab
da hazırlanıb.

Sərgi 2024-cü il 17 yanvar tarixinədək davam edəcək.

Source link