Rusiyanın köməyi ilə ilk türk astronavtı 2023-cü ilə qədər kosmosa uça bilər.
Bu barədə “RİA Novosti”yə “Glavkosmos” şirkətinin baş direktoru Dmitri Loskutov məlumat verib.
“Biz türkiyəli həmkarlarımızın edilən təklifə reaksiyasını gözləyirik”, – deyə D.Loskutov Vaşinqtonda Beynəlxalq Astronavtika Konqresinin iclasında bildirib.
O xatırladıb ki, 2023-cü ildə Türkiyə Cümhuriyyətinin elan edilməsinin 100 illiyi qeyd olunur, buna görə buraxılış bu tarixə təsadüf edə bilər:
“Prinsipcə, türk kosmonavtı hazırlamaq və uçuşu həyata keçirmək üçün kifayət qədər vaxt var”.
2005-ci ildə Türkiyə Milli Kosmik Tədqiqatlar Proqramını qəbul edib. Proqrama görə, 2010-cu ildə türk astronavtların təlimi, 2014-cü ildə isə türk gəmisinin işə salınması işlərinə başlanması planlaşdırılıb.
Lakin planlar reallaşdırılmadı. 2018-ci ilin dekabr ayında Türkiyədə Milli Kosmik Agentliyi yaradıldı. “Roskosmos”un rəhbəri Dmitri Rogozin türk astronavtının kosmosa 2020-2021-ci illərdə uça biləcəyini söyləyib.