3c45bacc-2291-448e-adbf-3c847793173e..jpg

“İlk yarımildə açıq məkanda ölkə üzrə minlərlə reklamın yayımı dayandırılıb” – AÇIQLAMA + FOTO

Baxış sayı: 521 dəfə baxılıb.

“İlk yarımildə açıq məkanda ölkə üzrə minlərlə reklamın yayımı dayandırılıb” –
AÇIQLAMA + FOTO

“Azərbaycanda 2023-cü ilin 6 ayı ərzində açıq məkanda ölkə üzrə 3 914 reklamın
yayımı dayandırılıb”.

Bununla bağlı Cixisyolu.com-ın sorğusuna cavab olaraq, Azərbaycan Dövlət Reklam
Agentliyindən (ADRA) məlumat verilib.

Agentliyinin mətbuat katibi Hüseyn Azərinin sözlərinə görə, sökülən
reklamların 472-si dövlət dili normalarının pozulması ilə bağlı olub:

“Açıq məkan reklamlarında dil normalarının pozulması hallarına daha çox Bakı
şəhərində rast gəlinib. Azərbaycan dilinin təhrif olunması ilə bağlı paytaxtda
yayımı dayandırılan reklamların sayı cari ilin ikinci rübündə birinci rüblə
müqayisədə 11% çox olub. Bu ilin 6 ayı ərzində ADRA tərəfindən açıq məkan
reklamlarındakı qanunauyğunsuzluqları aradan qaldırmaları üçün sahibkarlara
5294 xəbərdarlıq, icrası məcburi göstəriş və bildiriş təqdim olunub”.

Sahibkarların küçədə reklam yerləşdirməyə marağının olub-olmadığı haqqında
suala gəlincə, mətbuat katibinin sözlərinə görə, hər bir sahibkar biznesinin
geniş auditoriyaya təqdimatında maraqlıdır. Reklama ehtiyac hər zaman
aktualdır. Açıq məkan reklamlarının sayında müşahidə edilən artım bunu deməyə
əsas verir.

2023-cü ilin birinci yarısında açıq məkanda reklam yerləşdirmək üçün ADRA-ya
25 831 müraciət daxil olub, ümumilikdə 103 387 reklamın açıq havada yayımına
icazə verilib. Yerlərdə sahibkarlarla görüşlər keçirilərək onların sualları
cavablandırılıb. Maarifləndirmə işlərinin nəticəsi olaraq 6 ay ərzində demontaj
olunan reklamların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 10% azalıb”.

Bakının bəzi yerlərində böyük reklam lövhələri quraşdırılsa da
fəaliyyətsizdir. Həmin lövhələrin aqibəti ilə bağlı da danışan Hüseyn Azərinin
sözlərinə görə, açıq məkandakı reklam qurğuları ayrı-ayrı sahibkarlara (reklam
operatorlarına) məxsusdur:

“Agentlik ölkə ərazisində açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi,
həmin reklam daşıyıcıları üzərində yerləşdirilməsi nəzərdə tutulan reklamların
istehsalı (hazırlanması) və yayımlanması sahəsində vahid tənzimləməni və
nəzarəti həyata keçirir. Amma qurğular ayrı-ayrı sahibkarlara məxsus olduğundan
orada yayımlanan reklamların ardıcıllığını da sahibkarlar özləri
müəyyənləşdirirlər. ADRA yalnız reklam qurğusu qanunvericiliyin tələblərinə,
texniki tələblərə cavab vermədikdə, şəhərin estetik görünüşünü pozduqda onun
yenisi ilə əvəzlənməsi və ya sökülməsi barədə sahibkara xəbərdarlıq edir və
bununla bağlı müvafiq addımlar atılır.

Vətəndaşlardan xahiş olunur ki, açıq məkanda qanunvericiliyin tələblərinə
cavab verməyən reklamlara rast gəldikdə, onların şəklini çəkib #ADRAgovaz
həştəqi ilə paylaşsınlar və ya agentliyin “1412” Çağrı Mərkəzinə məlumat
versinlər”.

Aysel Aslan

Source link