2965233b-85af-41ed-bdc6-467021605f5e..jpg

İlkin Süleymanovun növbəti məhkəmə prosesi keçirilidi

Baxış sayı: 958 dəfə baxılıb.

İlkin Süleymanovun növbəti məhkəmə prosesi keçirilidi

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin
Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi
üzrə keçirilən məhkəmə prosesində ekspert Seyfulla İsgəndərov ifadə verib.

“Report”un məlumatına görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən
məhkəmə iclasında istintaq zamanı meyitin tibbi ekspertizasında iştirak edən
Seyfulla İsgəndərov İlkin Süleymanovun vəkillərinin, həmçinin təqsirləndirilən
şəxsin istintaq zamanı qeydə alınan bəzi ekspert rəyləri ilə bağlı suallarını
cavablandırıb.

Qeyd edək ki, S.İsgəndərov fevralın 15-də keçirilən məhkəmə prosesində də
ifadə verib. Bu gün isə onun ifadəsi başa çatıb. Növbəti məhkəmə prosesində
istintaq zamanı meytin tibbi ekspertizasında iştirak edən digər ekspertlərdən
biri ifadə verəcək.

Növbəti məhkəmə iclası isə martın 15-nə təyin olunub.

Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il
noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış
halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli
bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov
saxlanılaraq istintaqa cəlb edilib.

Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə),
120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı
qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan
ittiham elan olunub.

Source link