“Əgər Donald Tramp prezident seçkisini uduzsa, mən batdım”.
Cixisyolu.com-ın rossaprimavera.ru-ya istinadla verdiyi məlumata görə, bunu amerikalı
milyarder, “X” sosial şəbəkəsinin sahibi İlon Mask deyib.
O, məşhur jurnalist Taker Karlsona verdiyi müsahibəsində ABŞ-də qarşıdan gələn
prezident seçkisi ilə bağlı bir sıra səs-küylü bəyanat verib.
İlon Mask: “Əgər Tramp seçkini uduzsa, mən batdım”
Milyarder demokratlardan namizəd Kamala Harrisi marionet adlandırıb:
“Heç kəsin Kamalanı öldürməyə çalışmadığı barədə zarafatyana paylaşım
etmişdim, sonra sildim. Bununla (Kamala Harrisi öldürməklə) nəyə nail olmaq
olar? Başqa bir kukla gələcək”, – deyə İlon Mask bildirib.
Maskın sözlərinə görə, amerikalı milyarderlərin bir qismi demokratların
namizədi Kamala Harrisi ona görə dəstəkləyir ki, Trampın qalib gələcəyi
təqdirdə mərhum maliyyəçi, pedofilliyə görə məhkum edilmiş Ceffri Epşteynin
müştəri siyahısının açıqlanacağından qorxurlar.
“Kamalanın arxasında duran bu milyarderlərin bəziləri belə bir nəticədən
dəhşətə gəliblər”, – deyə “X”in sahibi vurğulayıb.
Mask xüsusilə “LinkedIn”in qurucusu Rid Hoffman və milyarder Bill Qeyts kimi
məşhur şəxslərin narahatlığını qeyd edib.
Bundan əlavə, Maskın fikrincə, Harrisin 2024-cü il seçkisində qələbəsi ABŞ
tarixində son azad seçki ola bilər. Milyarder hesab edir ki, növbəti 4 il
ərzində demokratlar milyonlarla qeyri-qanuni immiqranta vətəndaşlıq verməyi
planlaşdırırlar. Maskın sözlərinə görə, bu miqrantlar məqsədyönlü şəkildə
seçkidə tərəddüd edən ştatlara yerləşdirərək ki, gələcək bütün seçkilərdə
özlərinə qələbə təmin etsinlər.
İlon Maskın özü açıq şəkildə Donald Trampın namizədliyini dəstəkləyir. Bunun
əsas səbəblərindən biri ABŞ Ədliyyə Nazirliyinin Maskın “SpaceX” şirkətinə
qarşı qeyri-qanuni miqrantları işə götürməkdən imtina etdiyinə görə açdığı
iddia olub.
Milyarder Trampın məğlub olacağı təqdirdə demokratların onun sosial şəbəkəsini
bağlamağa və həm şirkətlərini, həm də şəxsən onu məsuliyyətə cəlb etməyə cəhd
edə biləcəyindən qorxur.
“Daxilən narahatam ki, əgər Tramp uduzsa, mənə qarşı hansısa qisas ola bilər.
O məğlub olarsa, məni ciddi problemlər gözləyir”, – deyə Mask vurğulayıb.
Xatırladaq ki, Ceffri Epşteyn 2019-cu ildə yetkinlik yaşına çatmayanların
cinsi istismar məqsədilə alverində ittiham olunaraq həbs edilmişdi. Onun qeyd
kitabçalarında keçmiş prezident Bill Klinton və Şahzadə Endryu da daxil olmaqla
bir çox nüfuzlu şəxslərin əlaqələri var idi. 2019-cu ilin avqustunda Epşteyn
həbsxana kamerasında intihar etdi. Bəziləri hesab edir ki, onun ölümü
yüksəkvəzifəli pedofillərin adlarını gizlətmək məqsədilə qətl ola bilərdi.