İmram Kriya: “Azərbaycanda özümü evimdəki kimi hiss edirəm”
“Azərbaycanda özümü evimdəki kimi hiss edirəm”.
“Report”un məlumatına görə, bunu “Nine Senses Fest” beynəlxalq mənəvi və
fiziki təcrübələr festivalında iştirak etmək üçün Azərbaycana gələn kriya yoqa
ustası, musiqiçi və bəstəkar İmran Kriya mətbuat konfransında jurnalistlərə
deyib.
“Mən Dağıstandan gəlirəm və sizin iqlim qurşağınız mənim doğulduğum yerə çox
oxşayır. Bu, mənim ölkənizə dördüncü səfərimdir”, – Kriya deyib.
İ.Kriya əlavə edib ki, o, vaxtilə musiqiçi olduğundan, tez-tez toylarda
Azərbaycan mahnıları ifa edib və ruhən ölkəmizdə olub.
“Azərbaycan mədəniyyəti mənə çox yaxındır. Azərbaycan musiqisi həmişə ülvi bir
hissdən danışır”.
Yoqa ustası daha sonra meditasiyadan, insanın öz daxilində harmoniyanı necə
tapmaq qaydalarından danışıb:
“Ətrafınızdakı dünyanı dəyişdirmək üçün şüurunuzu dəyişdirməlisiniz. İlk
növbədə, özünüzü sevməlisiniz. Bunun üçün də özünüzü dərk etməlisiniz.
Meditasiya bu məsələdə kömək edə bilər”.
Qeyd edək ki, oktyabrın 8-də başa çatacaq bu festival iştirakçılara insanın
harmonik inkişafı ilə bağlı bütün müasir qlobal tendensiyalarla tanış olmağa
imkan verəcək.
“Nine Senses Fest” beynəlxalq mənəvi və fiziki təcrübələr festivalı Heydər
Əliyev Fondunun vitse-prezidenti, “Nine Senses” incəsənət mərkəzinin təsisçisi
Leyla Əliyevanın dəstəyi ilə baş tutur.