İnam Kərimov Avropa Məhkəməsinin sədri ilə görüşdü – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının sədri İnam
Kərimov Fransa Respublikasının Strasburq şəhərində işgüzar səfərdə olub.
Cixisyolu.com xəbər verir ki, İnam Kərimov səfər çərçivəsində İnsan Hüquqları üzrə
Avropa Məhkəməsinin sədri Siofra O’Liri ilə ikitərəfli görüş keçirib.
Ali Məhkəmənin sədri Azərbaycanda məhkəmə-hüquq sahəsində aparılan islahatlar
və ədalət mühakiməsinin səmərəliyinin artırılması istiqamətində görülmüş işlər
barəsində məlumat verib. Bildirilib ki, Azərbaycan Avropa Şurasının təsisatları
ilə işgüzar əlaqələrin, həmçinin Avropa Şurasına üzv olan ölkələrlə
məhkəmə-hüquq sahəsində əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verir.
Görüşdə qeyd edilib ki, Azərbaycan Respublikası cari ildə 16 saylı Protokolu
ratifikasiya edib və bu Protokol noyabrın 1-dən qüvvəyə minəcək. Bildirilib ki,
bu Protokol məhkəmələrimiz arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsinə
imkan verəcək.
Azərbaycan və Avropa Məhkəməsi arasında əməkdaşlıq yüksək qiymətləndirilərək,
bu əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsi istiqamətində birgə
fəaliyyətin zəruriliyi vurğulanıb. Avropa Məhkəməsi ilə əməkdaşlıq çərçivəsində
həyata keçirilən layihələrə toxunulub, gələcəkdə birgə seminar və konfransların
keçirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətindən danışılıb.
Bundan başqa, İnam Kərimov Avropa Şurasına üzv dövlətlərin Ali Məhkəmə
sədrlərinin iştirakı ilə keçirilən “16 saylı Protokol əsasında məsləhətçi rəy
mexanizmi vasitəsilə məhkəmə dialoqu” adlı seminarda iştirak edib. İnsan
Hüquqları üzrə Avropa Konvensiyasının 16 saylı Protokolunun qüvvəyə minməsinin
5 illiyi münasibətilə keçirilən tədbirdə məsləhətçi rəy mexanizminin fəaliyyət
istiqamətinin öyrənilməsi, müvafiq təlimatların hazırlanması və bu sahədə
görüləcək tədbirlər ətrafında məruzələr dinlənilib.
Ali Məhkəmənin sədri seminar çərçivəsində həmkarları ilə ikitərəfli görüşlər
keçirərək, qarşılıqlı maraq doğuran məsələlər ətrafında səmərəli fikir
mübadiləsi aparıb.