e4e077a0-15c5-4421-af44-458b8a8beb92..jpg

İncəsənət müəssisələrində MİQ müsabiqəsinin müsahibə mərhələsi keçirilir

Baxış sayı: 490 dəfə baxılıb.

İncəsənət müəssisələrində MİQ müsabiqəsinin müsahibə mərhələsi keçirilir

Uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə
müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılır.

Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Mədəniyyət Nazirliyinin tabeliyindəki uşaq musiqi, incəsənət,
rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərində təhsilin keyfiyyətinin
yüksəldilməsi, bilikli və bacarıqlı ixtisaslı kadrların bərabərhüquqlu, şəffaf
və sağlam rəqabət şəraitində seçilib yerləşdirilməsi məqsədilə məktəb və
mərkəzlərə müəllimlərin işə qəbulu müsabiqə əsasında həyata keçirilir.

Müsabiqə test imtahanından və müsahibədən ibarət olmaqla iki mərhələdə təşkil
olunur.

Test imtahanı 16 iyul 2023-cü il tarixində Azərbaycan Respublikasının Dövlət
İmtahan Mərkəzi ilə birgə keçirilib.

Müəllimlərin işə qəbulu üzrə test imtahanında iştirak etmiş 1026 namizəddən
511 nəfər tələb olunan keçid balını toplayaraq müsabiqənin müsahibə
mərhələsində iştirak hüququ qazanıb.

5 sentyabr tarixindən etibarən Mədəniyyət Nazirliyi tərəfindən uşaq musiqi,
incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə
qəbulu ilə bağlı müsabiqənin müsahibə mərhələsinə başlanılır.

Müsahibələrdə namizədlər peşəkar təcrübəyə malik səriştəli mütəxəssislərdən
təşkil edilmiş komissiya tərəfindən qiymətləndirilir. Mümkün 30 baldan 21 və
daha yüksək bal toplayan namizədlər müsahibədə uğur qazanmış hesab edilirlər.

Müsabiqənin müsahibə mərhələsinə 11 sentyabr tarixində yekun vurulması nəzərdə
tutulur. Müsahibələr başa çatdıqdan sonra yeddi iş günü ərzində namizədlərə
nəticələr barədə məlumat veriləcək.

Source link