be61ffed-b8a6-4cbb-9d87-a1a5bccdaeb5..jpg

İnflyasiya səngiyib: Bu, nə qədər dayanıqlıdır?

Baxış sayı: 568 dəfə baxılıb.

İnflyasiya səngiyib: Bu, nə qədər dayanıqlıdır?

Pərviz Heydərov yazır…

Statistika bahalaşma və inflyasiya prosesinin nisbətən səngidiyini ifadə etsə
də bu tendensiya istehlak bazarında hiss olunmur. Hələ ki hər hansı məhsul növü
üzrə ucuzlaşma qeydə alınmır. Çünki səngimə çox da yüksək xarakter daşımır.

Rəqəmlərə əsasən isə cari ilin ötən 8 ayında istehlak qiymətləri indeksi
(inflyasiya göstəricisi) ötən ilin eyni dövrünə nisbətən 11,7%, o cümlədən
ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 13,4%, qeyri-ərzaq
məhsulları üzrə 10,6%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrəsə 10,2%
artıb.

Avqustda istehlak qiymətləri indeksi ötən ilin eyni ayına nisbətən 8% artdığı
halda, əvvəlki aya, yəni iyula nisbətən 0,4% azalıb. Yeri gəlmişkən, cari ilin
yanvar-iyul aylarında istehlak qiymətləri indeksi 2022-ci ilin yanvar-iyul
aylarına nisbətən 12,2 % artmışdı. Və bu ilin iyul ayında istehlak qiymətləri
indeksi ötən ilin iyuluna nisbətən 9,4% artdığı halda, əvvəlki aya, yəni iyuna
nisbətən 0,7% azalmışdı.

Göründüyü kimi, rəqəmlər arasında fərqə diqqət yetirdikdə bahalaşma və
inflyasiya prosesinin səngiməsinin ciddi xarakter daşımadığı üzə çıxır. Diqqəti
buna yönəldim ki, avqustda istehlak qiymətlərinin əvvəlki aya görə azalma tempi
iyul ayının iyuna nisbətindəkindən 0,3% az təşkil edib.

Demək, bahalaşma və inflyasiyadakı səngimə prosesi əslində yavaşıyıb.

Buna diqqət yetirmək olduqca vacibdir.

İyun ayında yazdığım məqaləmdə qeyd etmişdim ki, 2023-cü ilin mayında istehlak
qiymətləri indeksi əvvəlki aya nisbətən 0,4% az, ötən ilin mayına nisbətən isə
11,5% çox təşkil edib. Bu isə o demək idi ki, az qala iki il yarımdır ardıcıl
davam edən bahalaşma və inflyasiya tendensiyası ilk dəfə olaraq mayda səngiyib.

Bu, ötən ilin birinci rübünün, uzağı ilk yarısının sonuna proqnoz olunsa da,
baş verməmişdi. Sonradan ilin ilk üç ayının sonuna gözlənilsə də, nəhayət, qeyd
etdiyim kimi, cüzi də olsa məhz bu ilin mayında baş verdi.

Demək istədiyim budur ki, ölkəmizdə inflyasiya tempi maydan səngiməyə
başlayıb. Çünki bahalaşma və inflyasiya prosesi sürəti artıq, apreldə
zəifləmişdi. 2023-cü ilin aprelində ölkəmizdə inflyasiya martda qeydə alınmış
0,7% səviyyəyə qarşı 0,3% təşkil etmişdi. Bu isə o demək idi ki, proses artıq,
zəifləməyə doğru istiqamət götürüb.

Odur ki, mayda tempin səngiyəcəyi aydın görünürdü. Buna da ən çox analoji
tendensiyanın məhz qlobal miqyasda baş verməsi əsas yaratmışdı.

Belə ki, sözügedən tendensiya qlobal məkanda əslində xeyli əvvəl səngiməyə
başlamış olsa da, bizdə mayda büruzə verdi. İl başlanandan dünya bazarlarında
bir sıra strateji məhsullar, o cümlədən ərzaq malları ucuzlaşmışdı.

2021-ci ilin əvvəlindən başlanan və bütövlükdə ötən il ərzində Rusiya-Ukrayna
müharibəsinin təsiri nəticəsində daha da alovlanan qiymətlərin bu ildən
ucuzlaşacağı ümumiyyətlə, qabaqcadan proqnoz edilmişdi. Buna enerjidaşıyıcıları
üzrə qiymətlərin sabitləşməsi əsas yaratmalı idi və yaratdı da..

Bahalaşmaya və inflyasiyaya dair şərhlərimdə həmişə yazmışdım ki, prosesin
səngiməsi enerjidaşıyıcılarından asılıdır. Yəni, qlobal enerji bazarlarında
qiymət sarıdan ajiotajın yatmasından. Əks təqdirdə, prosesin ölkəmizə təsir və
təzyiqləri davam edəcək, inflyasiya idxalı səngiməyəcəkdi.

Çünki, buna qarşı mübarizə aparmaq mümkün deyildi. O səbəbdən ki, daxili
istehlak bazarımız idxal məhsullarından asılı olduğundan yerli istehsal nə
qədər çox stimullaşdırılsa belə, bundan yaxa qurtarmaq çətin sayılır.

Eyni zamanda həmin yazıda sual etmişdim ki, inflyasiyanın səngiməsi davamlı
xarakter daşıyacaqmı? Yenidən bahalaşma yarana bilərmi? May ayındakı deflyasiya
nə dərəcədə perspektivlidir?

Qeyd etmişdim ki, cari ilin qalan dövrü ərzində də Azərbaycanda inflyasiyanın
səviyyəsi qlobal bazarlardakı vəziyyətdən asılı olacaq. Belə ki,
enerjidaşıyıcılarının qiymətləri bir az da ucuzlaşarsa ərzaq və digər
bazarlarda da qiymətlər düşəcək.

Və nəticədə, ölkəmizdə ilin ikinci yarısında da inflyasiya azalmaqda davam
edəcək və qiymətlərdə sabitləşmə möhkəmlənəcək. Ancaq bu azalma nə qədər təşkil
edəcək, söyləmək çətin idi. Yəni, inflyasiyanın birrəqəmli, yoxsa ikirəqəmli
olacaq, məlum deyildi.

Məsələ bundadır ki, hazırda isə enerjidaşıyıcıları yenidən qalxır. Xam neftin
qiyməti dünya bazarlarında 100 ABŞ dollarına yaxınlaşıb və onu hətta keçib. Bu
isə o deməkdir ki, bahalaşma və inflyasiya tempi yenidən vüsət ala bilər.
Söhbət, istehlak malları üzrə xarici bazarlardan gedir.

Və bu da ölkəmizə təsir etməyə bilməz.

Odur ki, bahalaşma və inflyasiya tempinin rəqəmlər üzrə səngiməkdə davam
edəcəyi sual altındadır. Bu proses gərək, dərinə işləsin ki, daxili istehlak
bazarı buna adekvat reaksiya versin. Ona görə də yenə təkrar edirəm, hökumət
diqqətini əsas etibarı ilə ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına
yönəltməlidir.

Belə ki, əsas növ ərzaq məhsulları üzrə istehsal təhlükəsiz səviyyəyə
çatdırılmalı və yaxud, idxal sahəsində vergi və rüsumlar sıfırlanmaqla
bahalaşma cilovlanmalıdır.

Source link