İnflyasiya üzrə monitorinq üçün İşçi Qrup yaradılıb

Baxış sayı: 671 dəfə baxılıb.

İnflyasiya üzrə monitorinq üçün İşçi Qrup yaradılıb

Azərbaycanda inflyasiya və qiymətlər üzrə monitorinqin gücləndirilməsi üçün
İşçi qrup yaradılıb.

Bu barədə Baş nazir Əli Əsədov sərəncam imzalayıb.

Sərəncamda qeyd olunub ki, son dövrdə inflyasiya proseslərinin aktivləşməsi
qlobal iqtisadiyyatın qarşılaşdığı əsas çağırışlardan birinə çevrilmişdir.
Dünyada geosiyasi gərginliyin davam etməsi, tətbiq olunan iqtisadi sanksiyalar,
pandemiyanın yaratdığı fəsadların hələ də tam aradan qalxmaması, iqlim
dəyişikliyinin kəskinləşməsi və qlobal iqtisadiyyatın perspektivləri ilə bağlı
qeyri-müəyyənliklər inflyasiya proseslərinə təsir göstərməkdədir.

Ölkədə inflyasiyanın daxili və xüsusilə də xarici faktorlarının aktivləşməsini
nəzərə alaraq, qiymət artımı ilə effektiv mübarizə çərçivəsinin
formalaşdırılması üçün mühüm işlər görülüb. Bu istiqamətdə həyata keçirilən
antiinflyasiya tədbirləri inflyasiyanın kəskin artmasının qarşısının alınmasına
zəmin yaradıb.

Bununla belə, ölkədə inflyasiyaya təsir göstərən faktorların müəyyən olunması,
qiymət dinamikasının monitorinqi və təhlil sisteminin daha da gücləndirilməsi,
bu istiqamətdə sıx koordinasiya çərçivəsinin formalaşdırılması iqtisadi artımı
və sosial rifahı dəstəkləyən inflyasiya səviyyəsinə nail olunması baxımından
vacibdir.

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci
abzasını rəhbər tutaraq:

1. Ölkədə inflyasiyanın iqtisadi artım üçün məqbul səviyyəyə endirilməsinin
təmin edilməsi, inflyasiya proseslərini və onun səbəblərini kəmiyyət və
keyfiyyətcə qiymətləndirməyə imkan verən təhlil və monitorinq sisteminin daha
da təkmilləşdirilməsi, eləcə də bu sahədə qurumlararası koordinasiyanın
gücləndirilməsi məqsədilə aşağıdakı tərkibdə İşçi qrup yaradılsın:

İşçi qrupun rəhbəri:

Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri

İşçi qrupun üzvləri:

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini

Azərbaycan Respublikası energetika nazirinin müavini

Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

Azərbaycan Respublikası maliyyə nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavini

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və
İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi

Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru.

2. Bu Sərəncamın 1-ci hissəsində qeyd olunan dövlət orqanları (qurumları) İşçi
qrupda təmsil olunacaq nümayəndələri barədə təkliflərini 5 (beş) gün müddətində
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər.

3. İşçi qrupuna tapşırılsın ki, ölkədə inflyasiya proseslərinin təhlili üzrə
işlərin daha da gücləndirilməsi və qiymət monitorinqinin təkmilləşdirilməsi
istiqamətində tədbirlər görüb, ayda bir dəfə nəticəsi barədə hesabatın
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunmasını təmin etsin.

4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Source link