b4744aa4-9eb4-4418-9e95-79fb2a691606..jpg

İnflyasiyaya qarşı hansı tədbirlər görülür? – FOTO

Baxış sayı: 530 dəfə baxılıb.

İnflyasiyaya qarşı hansı tədbirlər görülür? – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda inflyasiya göstəricisi bu il 9 faiz, 2024-cü ildə isə 5,8 faiz
səviyyəsində gözlənilir. Bu barədə Dünya Bankının “Regional Economic Outlook”
hesabatında bildirilib. Bankın yaz proqnozlarına nisbətən bu gözləntilər
2023-cü ildə 0,5 faiz artıb, 2024-cu ildə isə 0,4 faiz azalıb. Sənədə əsasən,
2025-ci ildə Azərbaycanda inflyasiyanın 5,2 faiz səviyyəsində olacağı
proqnozlaşdırılır. Bu, ötən proqnozdan 0,2 bənd azdır. Dünya Bankı qiymətlərin
stabilləşəcəyini proqnoz edir, bəs əslində reallıq necədir?

“Kaspi”

qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Həm dünyada, həm də regionda inflyasiya səviyyəsi azalır

Millət vəkili Vüqar Bayramov bildirib ki, proqnozlar hökumətimizin təqdim
etdiyi rəqəmlər əsasında tərtib edilib:

“Həm Dünya Bankının, həm də Azərbaycan hökumətinin proqnozlarına görə, 2024-cü
ildə inflyasiya səviyyəsi əvvəlki illərlə müqayisədə azalacaq. Bu həm də onunla
bağlıdır ki, 2022-ci ildəki yüksək inflyasiya artımından sonra 2023-cü ildə həm
dünyada, həm də regionda inflyasiya səviyyəsinin azalmasını müşahidə edirik.
Dünya Bankının proqnozları onların xüsusi metodologiyası əsasında, eləcə də
Azərbaycan hökumətinin proqnozları nəzərə alınmaqla hazırlanıb. Ona görə
proqnozlar müəyyən uyğunluq təşkil edir”.

Deputatın fikrincə, inflyasiya azalarsa, bu, istehlak bazarına da öz təsirini
göstərəcək:

“Hazırda rəsmi statistikaya əsasən, 11 faizlik qiymət artımları müşahidə
olunur. Amma 2024-cü ildə birrəqəmli inflyasiyanın əldə edilməsi imkanları
kifayət qədər böyükdür. Çünki gələn il regionda və dünya bazarında inflyasiya
səviyyəsinin azalması və idxal inflyasiyasının minimumlaşması gözlənilir.
Nəticə etibarilə idxal inflyasiyasının azalması, həm də istehlak bazarındakı
qiymətlərə təsir göstərəcək. İstehlak bazarında bu kontekstdən qiymətlərin
müqayisəli şəkildə azalmasını müşahidə edəcəyik”.

2024-cü il sabit olacaq

V.Bayramov bildirib ki, 2024-cü il daha nikbin proqnozlarla yadda qalacaq:

“Bizim proqnozlar da növbəti ildə inflyasiya səviyyəsinin səngiyəcəyi
üzərindədir. Burada regional dəyişikliklərin də təsiri var. Bütün hallarda
idxal inflyasiyasının hansı səviyyədə olması proqnozlara birbaşa təsir
göstərəcək. Ümumilikdə, 2024-cü illə bağlı proqnozlar pozitivdir. Gələn il
iqtisadiyyatla bağlı nikbin proqnozların olması bu istiqamətdə gözləntiləri
daha da yüksəldir. Proqnozlara əsasən, 2024-cü il bütövlükdə iqtisadi baxımdan
sabit il kimi yadda qalacaq”.

Deputat qeyd edib ki, rəqəmlərin sabitləşməsi həm vətəndaşlarımıza, həm də
iqtisadiyyatımıza faydalıdır:

“İnsanlarımız üçün qiymətlərin optimallaşdırılması, daha aşağı inflyasiya
səviyyəsi çox vacibdir. Çünki qiymətlər nə qədər aşağı olarsa, bu,
vətəndaşlarımızın ailə büdcəsinə müsbət təsir edəcək və xərclərinin azalmasına
gətirib çıxaracaq”.

İnflyasiyaya qarşı tədbirlər

İqtisadçı Rəşad Həsənov isə bildirib ki, inflyasiyanın səngiyəcəyi gözlənilən
idi:

“Trend azalan istiqamətlidir. Çünki inflyasiyanı şərtləndirən bir sıra
faktorlar artıq görülən tədbirlər nəticəsində qismən də olsa neytrallaşır. Eyni
zamanda, burada baza effekti deyilən yanaşma var. İnflyasiya davamlı olaraq
yüksələn səviyyədə özünü göstərə bilmir. Bir müddətdən sonra inflyasiya
alıcılıq gücünün zəifləməsinin təsirləri ilə müəyyən bir məcraya yönəldilir. Bu
istiqamətdə Azərbaycan hökuməti də humanitar alətlər vasitəsilə müəyyən
tədbirlər görür. Bu baxımdan, bu il inflyasiya 2022-ci illə müqayisədə daha
aşağı olacaq”.

R.Həsənovun proqnozları inflyasiyanın ikirəqəmli olması istiqamətindədir:

“İnflyasiyanın təxminən 10-11 faiz arasında olacağını düşünürəm. Amma Mərkəzi
Bankın, Dünya Bankının gözləntiləri daha aşağıdır. İndiki halda tam dəqiq
olaraq hansı rəqəmlərin reallaşacağını demək çətindir. Çünki görünən ondan
ibarətdir ki, əgər inflyasiya birrəqəmli olacaqsa, növbəti bir neçə ayda ölkədə
deflyasiya qeydə alınmalıdır. Amma noyabr və oktyabr aylarında qiymətlərin
artımı tendensiyası daha çox müşahidə olunur. Belə olduğu təqdirdə həmin
aylarda deflyasiyanın qeydə alınması ehtimalı çox azdır. Bu səbəbdən, mən
prosesi ikirəqəmli görürəm”.

Hökumət daha sərt tədbirlər görməli olur

Ekspert qeyd edib ki, insanların rifah səviyyəsinin yüksəlməsi üçün qiymətlər
azalmalıdır:

“İnflyasiya aşağı düşürsə, bu, hökumətin iqtisadi alətləri daha çevik və
səmərəli şəkildə istifadə etməsi üçün imkanlar yaradır. Eyni zamanda, büdcədən
xərcləmələrin, sosial paketlərin artmasına imkan yarana bilər. Bu zaman Mərkəzi
Bank pul bazasını genişləndirəcək. Bütün bunların fonunda alıcılıq gücü artır
və rifah yaxşıya doğru dəyişir. Bunlar bir-biri ilə tərs mütənasibdir. Çünki
inflyasiya yüksək olanda hökumət məcburən daha sərt tədbirlər görməli olur. Bu
tədbirlərin də nəticəsi əhalinin rifahının zəifləməsi istiqamətindədir. Amma
inflyasiya azalarsa, bu, pozitiv meylli imkanlar yaradacaq”.

Source link