İngiltərənin ABŞ-dakı səfirinin Tramp haqqında fikirləri ortalığı qarışdırdı

Baxış sayı: 2. 617 dəfə baxılıb.

İngiltərənin ABŞ-dakı səfirinin Tramp haqqında fikirləri ortalığı qarışdırdı

İngiltərə ilə ABŞ arasında diplomatik skandal baş verib.

CNN” xəbər verir ki, buna səbəb İngiltərənin ABŞ-dakı səfiri Kim Derokun Prezident Donald Tramp haqqında dedikləridir.

Belə ki, “Daily Mail” qəzeti aralarında səfirin İngiltərə hökumətinə yolladığı raportların da olduğu diplomatik sənədləri aşkarlayaraq çap edib. Sənədlərdən bəlli olub ki, Tramp haqqında “bacarıqsızdır” deyən Kim Derok Ağ ev daxilində intriqaların olduğunu, bu sistemin tez bir zamanda çökə biləcəyini vurğulayıb. O, Trampın hər an dediyinin tam əksini edəcək potensialda biri olduğunu da vurğulayıb.

Yazışmaların açıqlanması ilə birlikdə iki ölkə arasında gərginliklər başlayıb. İngiltərə XİN-i üzə çıxan yazışmaları rədd etməyib və səfirin sözlərinin hökumətə tövsiyə niyyətində oluğunu bildirən açıqlama yayıb.

ABŞ prezidenti Donald Tramp isə özünə məxsus tərzdə reaksiya verib. O, Twitter səhifəsində bildirib ki, Amerika hakimiyyəti Britaniya səfiri ilə əməkdaşlığı dayandırır:

“Biz artıq onunla heç bir iş görməyəcəyik. Gözəl Britaniya üçün yaxşı xəbər – tezliklə yeni baş naziriniz olacaq”.

Qeyd edək ki, iki ölkə arasındakı münasibətlər Donald Trampın prezidentliyi dövründə İran siyasəti və ticarət müharibələri səbəbindən gərginləşib. Bir neçə həftə öncə İngiltərədə səfərdə olan Tramp bəzi çıxışları ilə etirazlara səbəb olub.