İnkişafın yeni mərhələsi: Qarabağ və Şərqi Zəngəzura qayıdış – “Kaspi”nin
TƏHLİLİ + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Modern Azərbaycanın tarixində yeni mərhələyə start verilir: Qarabağ və Şərqi
Zəngəzura qayıdış. Bu proses postmüharibə mərhələsinin başlıca trendi olacaq.
Mövzu ilə bağlı “Kaspi”
qəzetinin təhlilini təqdim edirik.
Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsinin başlıca
tezisi müstəqil Azərbaycan tarixinin yeni mərhələsinin rəsmən elanı oldu.
Xalqımızın yaşadığı bu günlər modern tariximizdə bir ilkdir: hələ sovet
dövründən başlanan erməni işğalı nəticəsində o vaxt mövcud olan Azərbaycan
SSR-in, sonra isə 1991-ci ildə müstəqilliyini elan etmiş ölkəmizin bütün
əraziləri üzərində təmin edilmiş suverenliyi olmayıb. Ötən ilin sentyabrında
həyata keçirilmiş effektiv və nümunəvi antiterror tədbirləri nəticəsində dövlət
bütün ərazisi boyu suverenliyini bərqərar edib və bununla da yeni inkişaf
mərhələsi – işğal amilinin aradan qaldırılması ilə digər həlli vacib
problemlərin çözümünün önü açılıb.
Son nida
Məhz bu səbəbdən Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, 2023-cü ilin
sentyabrını Azərbaycanda yeni mərhələnin başlanğıcı hesab etmək lazımdır:
“Sentyabra qədər getdiyimiz yol məqsədyönlü yol idi, məqsədə hesablanmış yol
idi, düzgün yol idi. İstər siyasi müstəvidə, istər hərbi müstəvidə, istər
ölkəmizdə gedən proseslər nöqteyi-nəzərindən bu hadisə bütün işlərimizin, elə
bil ki, son nidası idi. Bu gün biz 2024-cü ilə suverenliyini tam bərpa etmiş
ölkə kimi, xalq kimi başlayırıq. Hesab edirəm ki, müasir tariximizin yeni dövrü
məhz sentyabrın 20-dən sonra başlayır”.
Yeni inkişaf mərhələsini xarakterizə edən bir sıra amillər mövcuddur:
– İşğalın aradan qaldırılması, sərhədlərə nəzarətin və bütün ərazimiz üzərində
suverenliyin bərpası;
– 30 ildən çox məcburi köçkün statusu ilə yaşayan vətəndaşlarımızın doğma
torpaqlara qayıdışını təşkil etmək üçün şəhər və kəndlərin bərpası, müvafiq
infrastrukturun yenidən qurulması prosesinə start verilməsi;
– Milli iqtisadiyyatın son bir neçə ildə rekord göstəricilər nümayiş
etdirməsi, dövlət büdcəsinin ildən-ilə böyüməsi;
– Azərbaycanın lokal və regional iqtisadi gücdən qitənin qlobal iqtisadi
vahidinə çevrilməsi;
– Dövlət başçısının ötən dövrü əhatə edən fəaliyyətinin yekunlarını xalqla
bölüşməsi, növbəti prezident seçkisinin 2025-ci ildə keçirilməli olduğu halda
məhz hesabat vermək üçün seçki gününün önə çəkilməsi.
Yekun sülh
Əlbəttə, müharibə bitdikdən sonra Ermənistanla dayanıqlı sülhün əldə edilməsi
xarici siyasətimizin prioritet hədəflərindən biridir. Ancaq burada öncəki
illərlə müqayisədə ciddi fərq var: əraziləri işğal altında olan Azərbaycan 30
il ərzində bu tarixi ədalətsizliyin aradan qalxmasını gözləyib. Bu müddət
ərzində sülh danışıqları sülh prosesinin sadəcə imitasiyası olub. Həmin illərdə
bizə sülh çox vacib idi – şəhər və kəndlərimizi geri almaq, əhalimizi yaşayış
yerlərinə qaytarmaq üçün. Ermənistan və onu dəstəkləyən qüvvələr bu tarixi
şansdan yararlana bilmədilər:
“Əfsuslar olsun ki, beynəlxalq aləmin əsas oyunçuları bizim bu fikrimizə şərik
olmadılar. Əksinə, bizi ittiham etməyə çalışdılar, bizə qarşı müxtəlif təzyiq
mexanizmlərini işə salmağa çalışdılar. Yəni biz bu ədaləti, eyni zamanda,
beynəlxalq müstəvidə siyasi və diplomatik savaş apararaq əldə etmişik. Ona görə
bizim Zəfərimizin əhəmiyyəti daha önəmlidir”.
İndi Azərbaycan bu vəzifəni öz gücü ilə gerçəkliyə çevirdi: ərazilərini
qaytardı, sərhədlərini bərpa etdi, əhalisinin geri qayıdışı üçün ümummilli
səviyyədə quruculuq işləri həyata keçirir və ən əsası, bunu öz gücü ilə edir,
heç kimdən asılı olmayaraq. Ermənistan isə həm işğal etdiyi ərazilərdən olub,
həm də 30 il ərzində yaşadığı problemləri, əsasən də iqtisadi çətinliklərini
həll edə bilməyib. Azərbaycanla sülh olmadan həll edə də bilməyəcək:
“Ermənistan yenə dalan olaraq qalacaq. Onlar indi, necə deyərlər, bundan duyuq
düşərək əl-ayağa düşdülər ki, biz kənarda qaldıq…”
Sülh ayrı, sərhədlər ayrı
Dövlət başçısı müsahibəsində Ermənistanla sülh müqaviləsi kontekstində yeni
dövrün reallıqlarını əks etdirən daha bir tezis səsləndirdi: Ermənistanla sülh
müqaviləsi və sərhədlərin müəyyənləşdirilməsi ayrı-ayrılıqda baxılacaq və
çözüləcək məsələlərdir. Əgər sülh müqaviləsi qısa zaman kəsiyində reallaşacaq
məqsəddirsə və bu istiqamətdə işlərin böyük hissəsi görülübsə, sərhədlərin
demarkasiya və delimitasiyası kifayət qədər vaxt apara biləcək problemdir.
Ermənistan və onun havadarları bu prosesi ləngitmək istəsələr də, bunun üçün
Qarabağın bir hissəsində separatçı fəaliyyətini davam edən xuntaya hər cür
dəstək versələr də, təbii ki, istəklərinə nail ola bilmədilər.
Prezident İlham Əliyevdən sitat:
“Bir müddət danışıqların aparılması o qədər də böyük ümidlər doğurmurdu. Çünki
Ermənistan və onun arxasında dayanan bəzi ölkələr mütləq Qarabağla bağlı
mövzunu oraya salmaq istəmişdilər, xüsusilə status məsələsini… Biz isə deyirdik
ki, əgər belə olsa, onda vaxtilə Ermənistandan qovulmuş azərbaycanlıların da
hüquqları və təhlükəsizliyi eyni ifadələrlə orada təsbit edilməlidir. Hər şey
qarşılıqlı olmalıdır və burada onların arqumentasiyası da, çox məntiqsiz idi
ki, onlar 30 il bundan əvvəl qovulmuşdu, amma bunlar buradadır. Yəni ki, onlar,
bərabər hüquqa malik deyillər. Halbuki bu, faktiki olaraq rasist bir yanaşma
idi. Yəni bizim mövqeyimiz dəyişməz olaraq qalırdı, ya bu məsələ sülh
müqaviləsində əks olunmur, ya da ki, hər iki nümayəndənin hüquqları və
təhlükəsizliyi əks olunacaq”.
Sərhədlərin müəyyən edilməsi isə uzun bir proses olduğundan onun sülh
müqaviləsinə bağlanılması yekun sazişin əldə edilməsi prosesini uzada bilər:
“Prinsipcə, sülh müqaviləsində delimitasiya və demarkasiya ilə bağlı hər hansı
bənd ola bilər. Ancaq əgər biz delimitasiyanı gözləyib sülh müqaviləsini təxirə
salsaq, onda sülh müqaviləsi heç 30 ildən sonra da imzalanmaya bilər… Biz hesab
edirik ki, sülh müqaviləsi imzalanmalıdır, nə qədər tez olsa, o qədər yaxşıdır.
Bizim şərtlərimiz ən ədalətli şərtlərdir. Delimitasiya prosesi isə davam
etməlidir. Kəndlər bizə qaytarılmalıdır. Anklavlarla bağlı komissiyanın işi
nəticəsində də razılığa gəlmək olar”.
Zəngəzur dəhlizi olmadan sərhədlər açılmayacaq
Azərbaycanın qarşısında duran yeni inkişaf dövrünün mühüm çağırışlarından biri
də kiçik vətənimiz olan Naxçıvanın blokadasına son qoyulmasıdır. Naxçıvanı ana
vətənlə ayıran hazırkı Ermənistan ərazisi tarixi Azərbaycan torpağıdır. Bu
torpaqlarda tarixən azərbaycanlılar yaşayıb. Hətta bu ərazilər keçmiş
Ermənistan SSR-ə verilən zaman belə Zəngəzur mühüm nəqliyyat, gediş-gəliş
qovşağı olub. Bu baxımdan, Azərbaycanın qərb rayonlarından Naxçıvana logistik
dəhlizin açılması bizim legitim və təbii tələbimizdir. Üstəlik, Ermənistan bunu
üzərinə öhdəlik olaraq götürüb.
Rəsmi İrəvan bu vəzifənin icrasından üç ildir boyun qaçırır. Əvvəl bunu
xarici havadarlarının “prinsiplər”i və kaprizləri hesabına etməyə çalışırdısa,
sonra səmərəsizliyini görüb öz “təşəbbüs”ləri olan “Sülh yol ayrıcı” ilə etdi.
Ancaq zaman göstərir ki, Ermənistanın təşəbbüsü sadəcə təbliğatdan başqa bir
şey deyil. Azərbaycan Prezidentinin bu məsələ ilə bağlı mövqeyi qəti və
əsaslandırılmışdır:
“Zəngilanla Ordubad arasındakı ərazidə bizə maneəsiz keçid verməlidirlər. Bu
onların öhdəliyidir. Mən artıq demişəm, bir daha demək istəyirəm, Azərbaycandan
Azərbaycana gedən yüklər, vətəndaşlar və avtonəqliyyat vasitələri heç bir
yoxlamadan keçmədən, gömrük inzibatçılığına cəlb edilmədən sərbəst
keçməlidirlər. O ki qaldı digər ölkələrin yüklərinə, əgər, məsələn, Orta
Asiyadan Türkiyəyə bir yük Ermənistan ərazisindən göndərilirsə və hətta
Azərbaycandan Türkiyəyə hansısa bir yük göndərilirsə, təbii ki, bütün gömrük
rüsumları da ödənilməlidir. Yəni bu, çox ədalətli mövqedir”.
Yeri gəlmişkən, dövlət başçısı Zəngəzur dəhlizi ilə bağlı indiyədək
səsləndirmədiyi daha bir fikrini bəyan etdi. Bu bəyanatı Ermənistana
ünvanlanmış sərt xəbərdarlıq kimi də qiymətləndirmək olar:
“…Dediyim marşrut açılmasa, biz Ermənistanla heç bir başqa yerdə sərhədimizi
açmaq fikrində deyilik. Yəni beləliklə, onlar bundan daha çox ziyan görəcəklər,
nəinki xeyir”.
Böyük qayıdış
Azərbaycan xalqının qarşısında duran Qarabağ probleminin həllinə tək ərazi
bütövlüyü və suverenliyin təmin edilməsi bucağından baxmaq yanlış olardı.
Ərazilərimizə Ermənistan tərəfindən qəsdin iki bir-birindən ayrılmaz komponenti
var: işğala son qoyulması və ondan törəyən fəsadların aradan qaldırılması. Bu
baxımdan, məcburi köçkün soydaşlarımızın dədə-baba yurdlarına qayıdışının təmin
edilməsinə də eyni müstəvidə baxmaq mütləqdir. Ancaq əgər birinci problem artıq
həll edilmiş sayılırsa, ikinci vəzifə Azərbaycanın tarixi inkişafının yeni
mərhələsinin hədəfidir. Prezident müsahibəsi ərzində bu prosesin konturlarını
müəyyən etməklə yanaşı, ilk dəfə olaraq dövlətin vəzifələri ilə bərabər özəl
sektorun üzərinə düşən məsuliyyətin, missiyanın çərçivələrini müəyyən etdi.
Prezident bu məsələyə iki kontekstdən yanaşır:
1. Dövlətin vəzifələri
– Bu il Qarabağda, Şərqi Zəngəzurda infrastruktur layihələrinin hamısı davam
etdiriləcək;
– Bütün böyük infrastruktur layihələri ilə yanaşı, əsas nailiyyətimiz odur ki,
beş yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıtmışlar;
– İnvestisiya Proqramı bizim bərpa üçün əsas alətimizdir.
2. Özəl sektorun məsuliyyəti
– Özəl sektora da mənim tövsiyəm budur ki, bundan istifadə etsinlər. Çünki
vaxt gələcək, dediyim o Qarabağı və Zəngəzuru cənnətə çevirəcəyik, bu, reallığa
çevriləcək;
– Biznesin sosial məsuliyyəti, hesab edirəm ki, bu olmalıdır. Getsinlər,
müəssisələr qursunlar, evlər tiksinlər, zavodlar, fabriklər inşa etsinlər,
dövlət isə öz üzərinə düşən bütün işləri görəcək – infrastruktur, xəstəxanalar,
məktəblər, su anbarları, qazlaşdırma, içməli su, elektrik enerjisi, evlər,
yollar, körpülər;
– Hesab edirəm ki, Qarabağda və Şərqi Zəngəzurda ancaq o bölgədən çıxmış
insanlar yaşamamalıdır. Azərbaycanın istənilən yerindən insanlar orada yaşamaq
üçün imkanlara malik olmalıdır… Ona görə bizim özəl sektorumuz Bakıda,
Sumqayıtda hər bir tində ev tikməkdənsə, getsinlər orada evlər tiksinlər və
görərlər ki, o, iqtisadi cəhətdən də səmərəli olar və eyni zamanda, biznesin
sosial məsuliyyəti nöqteyi-nəzərindən də önəmli olar.
Beləliklə, modern Azərbaycanın tarixində yeni mərhələyə start verilir: Qarabağ
və Şərqi Zəngəzura qayıdış. Bu proses postmüharibə mərhələsinin başlıca trendi
olacaq. Dövlət-xalq tandemi döyüş meydanı və diplomatiya müstəvisində qazandığı
Zəfəri bu tarixi mərhələdə də əldə etmək əzmindədir. Bunun üçün tələb olunan
potensial yetərincədir: ümummilli həmrəylik, iqtisadi qüdrət, siyasi iradə.