İnsan alveri ilə məşğul olan üç cinayətkar qrup zərərsizləşdirilib - RƏSMİ

İnsan alveri ilə məşğul olan üç cinayətkar qrup zərərsizləşdirilib – RƏSMİ

Baxış sayı: 2. 070 dəfə baxılıb.

 

İnsan alveri cinayətlərinin aşkarlanması və təqsirkar şəxslərin məhkəmə məsuliyyətinə cəlb olunmması sahəsində əməliyyat-axtarış tədbirləri səmərəli olub.

Bunu Milli Məclisdə insan alverinə qarşı mübarizə üzrə illik hesabatın dinlənməsi zamanı Daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov deyib.

Onun sözlərinə görə, nəticədə insan alveri üzrə 155, insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərlə əlaqədar 40 cinayət aşkarlanıb:

“2019-cu illə müqayisədə sözügedən hüquqazidd əməllərin sayı 14 fakt və 7,5 faiz artıb. Məcburi əmək cinayətlərinin hamısı, insan alveri cinayəltərinin isə 98 faizinin üstü açılıb, onları törətmiş yeddi nəfərdən ibarət üç cinayətkar qrup zərərsizləşdirilib. Həmin əməllərə görə başlanmış cinayət işləri üzrə 20 nəfər təqsirləndirilən şəxs qismində cəlb edilib. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərin sayının aşkarlanmış faktlara nisbətdə az olması bir insan alverçisinin bir neçə qurbanı istismar etməsindən irəli gəlir”.

O əlavə edib ki, axtarışda olan 23 təqsirləndirilən şəxsdən 10-u tutulub, xarici dövlətlərdə gizlənən 13 nəfərin aşkarlanıb ölkəyə gətirilməsi üzrə lazımı tədbirlər görülüb:

“Məhkəmələr tərəfindən ittiham hökmü çıxarılmış 15 nəfərdən 12-si azadlıqdan məhrumetmə cəzasına məhkum olunub, iki nəfər şərti cəza alıb, bir nəfərin cəzası təxirə salınıb”.