“Human Rights Watch” insan haqları təşkilatı Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının açılış-matçını boykot etməyə çağırıb.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “DW” məlumat yayıb.
“Dünya liderləri Vladimir Putinə ismarıc göndərməlidirlər. O bilməlidir ki, Rusiya və Suriya qoşunlarının Suriyadakı vəhşiliklərinə son qoymayınca, dünya liderləri açılış matçında onunla yan-yana VİP-oturacaqlarda əyləşməyəcək”, – deyə təşkilatın icraçı direktoru Kennet Rot bildirib.
Qeyd edək ki, Britaniyada keçmiş rusiyalı casus Serqey Skripalın zəhərlənməsi ilə bağlı qalmaqalın böyüməsindən sonra bir neçə dövlət DÇ-2018-i qismən boykot edəcəklərini bəyan edib.
Britaniyanın hökumət nümayəndələri, həmçinin kral ailəsinin üzvləri Moskvaya səfər etməyəcək. Etirazlara İslandiya da qoşulub. Polşa prezidenti Ancey Duda isə turnirin açılış mərasimində iştirak etməkdən imtina edib.
Qeyd edək ki, dünya çempionatı iyunun 14-dən iyulun 15-ə kimi Rusiyanın 11 şəhərində keçiriləcək.