f8cd8801-6de4-49ea-b410-337d886f0af9..jpg

İnsan hüquqları üzrə Avropa Konvensiyasının 13 nömrəli Protokolu Azərbaycan tərəfindən imzalanıb – FOTO

Baxış sayı: 742 dəfə baxılıb.

İnsan hüquqları üzrə Avropa Konvensiyasının 13 nömrəli Protokolu Azərbaycan
tərəfindən imzalanıb – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 fevral tarixli
Sərəncamı əsasında, martın 8-də Azərbaycan Respublikasının Avropa Şurası
yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov tərəfindən Strasburqda, Avropa
Şurasının Baş katibi Mariya Peyçinoviç Buriçin iştirakı ilə, “İnsan
hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın ölüm
cəzasının bütün hallarda ləğvinə dair 13 nömrəli Protokolu imzalanıb.

Bu barədə Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi
nümayəndəliyindən “Report”a məlumat verilib.

Məlum olduğu kimi, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə ilk əvvəl
1993-cü ildən etibarən Azərbaycan Respublikasında ölüm cəzasının icrasına
moratorium tətbiq olunmuş və 1998-ci ildə isə milli qanunvericiliyimizdə ölüm
cəzasının tətbiqi ləğv edilib.

Bununla belə, Azərbaycan Respublikasının tərəf çıxdığı Mülki və siyasi
hüquqlar haqqında Beynəlxalq Paktın İkinci Fakültətiv Protokolu, habelə “İnsan
hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 nömrəli
Protokolu müstəsna hal kimi müharibə dövründə törədilmiş müharibə cinayətlərinə
görə ölüm cəzası tətbiq etmək imkanını saxlayıb. Lakin Ulu Öndərin müəyyən
etdiyi humanist siyasətə sadiq qalaraq, ölkəmiz heç vaxt ölüm cəzasının tətbiqi
imkanından istifadə etmək niyyətində olmayıb.

Beləliklə, müvafiq ölkədaxili ratifikasiya prosesi yekunlaşdıqdan sonra 13
nömrəli Protokola qoşulmaqla, Azərbaycan Respublikası ölüm cəzasını tamamilə, o
cümlədən müharibə dövründə və ya qaçılmaz müharibə təhlükəsi zamanı törədilmiş
cinayətlərə görə qadağan etmək və eləcə də yaşamaq hüququnu ən yüksək səviyyədə
təmin etmək iradəsini rəsmi şəkildə təsdiq etmiş olacaq.

Source link