İnsan övladı geriyə gedir, cəhalətin axını güclənir…
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Qan Turalı yazır…
Görkəmli Avstriya filosofu Ziqmund Freyd insana endirilən üç zərbədən bəhs
edəndə XX əsrin əvvəlləri idi. Bu zərbələr nəticəsində insanın gücü və qüdrəti
zəifləmiş, onun özünəinamı sarsılmışdı. İlk zərbə 1543-cü ilə təsadüf edir.
Həmin ildə Nikolay Kopernik “Göy cisimlərinin hərəkəti haqqında” əsərini çap
etdirmişdi. Həmin əsər bəşər övladının min illərdir düzgün qəbul etdiyi bir
nəzəriyyəni inkar edirdi. Belə ki, Ptolomeyin geosentrik nəzəriyyəsinə görə Yer
kürəsi kainatın mərkəzində dayanırdı və digər planetlər, o cümlədən də Günəş
Yer ətrafında dövr edirdi.
Adi bir baxışla biz bu nəzəriyyənin doğru olduğuna inana bilərik. Çünki, hər
gün Günəş şərqdən doğur və qərbdə batır. Bu mənada bizdə Yerin sabit durduğu və
digər göy cisimlərinin bizim ətrafımızda dövr etdiyi hissi yaranır. Halbuki, bu
sadəcə yanılmadır, Yer həm öz oxu, həm də Günəş orbiti üzrə hərəkət etdiyi üçün
bizdə bu yanlış təəssürat formalaşır. Heç bir şey göründüyü kimi deyil. Bu
kəşfin ən əhəmiyyətli məqamı da budur. Ancaq Kopernik nəzəriyyəsinin insan
qüruruna həqarət etdiyi də göz qarşısındadır. Belə ki, Yer kürəsi heç də
dünyanın mərkəzində deyil. İnsanlar və əlbəttə ki, kilsə bu nəzəriyyəyə inanmaq
istəməmiş və Kopernik təqiblərə məruz qalmışdı. Ancaq nəzəriyyə həqiqət idi,
riyazi hesablamalarla təsdiqlənirdi və təkzibolunmaz olaraq qaldı.
İnsana endirilən ikinci böyük zərbə isə Çarlz Darvinin 1859-cu ildə çap edilən
“Növlərin mənşəyi” adlı kitabı oldu. Bu kitab insanların təkamül nəticəsində
insanabənzər meymunlardan yaranmasını bütün faktları ilə ortaya qoyurdu. Sən
demə, insan heç də iddia edildiyi kimi müqəddəs deyilmiş. Darvin də Kopernik
kimi ortaya təkzibedilməz sübutlar qoymuşdu. Sonradan yaranana genetika elmi də
Darvinin ideyasını təsdiq etdi. Bununla da insan qüruruna böyük bir zərbə
endirildi.
Üçüncü zərbə isə, Freydin öz adı ilə bağlıdır. Belə ki, Freyd XX əsrin
əvvəllərində insanları heç də şüurun idarə etmədiyini, tam əksinə altşüurun,
təhtəlşüurun insana hökm etdiyini sübut etdi. Onun fikrincə, repressiya
edilmiş, buxovlanmış duyğular altşüurumuza ötürülür və bizim hərəkətlərimizi
istiqamətləndirir. O, əsas etibarı ilə seksual duyğuların altşüura yığıldığını
qeyd edirdi. Bir sözlə, Freydin nəzəriyyəsi də Kopernik və Darvin nəzəriyyələri
ilə birlikdə ali insan mifini darmadağın etdi.
Müasir dünyada isə biz yeni bir tendensiya ilə üzbəüz dayanmışıq. Bunu insana
vurulan dördüncü zərbə kimi xarakterizə etmək də mümkündür. Belə ki, sosial
medianın yüksəlişi ilə insanın heç də rasional bir varlıq olmadığı üzə çıxdı.
Bu barədə onlarla fakt göstərmək mümkündür. Ancaq sadə bir fakta diqqət edək.
Yalan xəbərlər düzgün xəbərlərə nisbətən düz 9 dəfə sürətlə yayılır. Belə ki,
bir yalan xəbər bu gün 9 adama yayılırsa sabah 81, növbəti gündə isə 729 adama.
Göründüyü kimi, düzgün xəbər bu hesablamada son dərəcə sönük görünür. İnsanlar
yalan xəbərlərə, konspiralogiya nəzəriyyələrinə, uydurmalara, təbliğati
fiksasiyalara daha çox inanmağa meyillidirlər. Bəli, yeni dövrün filosoflarının
insan zəkasına olan inamı da sürətlə çökməkdədir. Bu mənada insana endirilən
dördüncü zərbəni müasir dünyada müşahidə edirik.
Bəşər övladı heç bir dövrdə bu qədər nəhəng informasiya axınına məruz
qalmayıb. Orta əsrlərin ən yaxşı kitabxanalarında ən çoxu 500 kitab olardı.
İndi isə milyonlarla kitab əlimizin altındadır. Ancaq bu informasiya, bu
biliklərlə insan övladı geriyə gedir. Cəhalətin axını güclənir, Nitsşenin də
dediyi kimi, səhra böyüyür.
İnsanın halına yanan gərək…