Rəssamlığın bir çox sahələri var ki, onlardan biri və bəlkə də ən maraqlısı qrimdir. Bu sənət insanları bir cilddən başqa cildə salır. Filmlərdə izlədiyiniz ən dəhşətli səhnələrin sizə bu qədər təsir etməsinin əsas səbəblərindən biri də obrazı canlandıran aktyorun mükəmməl və bir o qədər də təbii qrimlənməsidir.
Qrim işi sizə asan gəlsə də, ən azı üç saat vaxt aparır. İstifadə edilən ləvazimatlar isə o qədər də asan əldə edilmir. Özündə rəssamlıq, tikiş metodunu birləşdirən bu sənət bir anda insanın dərisinin rəngini, yaşını, üz cizgilərini dəyişərək sizi ən yaxınlarınızın belə tanımayacağı bir obraza sala bilər. Bir qrim ustası üçün sizi qocaltmaq və ya gəncləşdirmək, saçınızı bir anda qısaltmaq və ya uzatmaq, heç də çətin deyil.
ÇıxışYolu.Com-ın əməkdaşı qrim sahəsində çox gənc olsa da, kifayət qədər yaxşı işləri ilə tanınan Gülnaz Bayramovadan müsahibə alıb.
Gülnaz Bayramovanın 19 yaşı var. Sumqayıtda yaşayır. 3 nömrəli məktəbdə təhsil alıb. Doqquzuncu sinifdən çıxaraq sənədlərini Memarlıq və İnşaat Kollecinə təqdim edib. Üçüncü kurs tələbəsidir.
– Gülnaz, sizdə bu sahəyə maraq necə yarandı? Qrim sizin üçün nə deməkdir?
– Əslində, bu sahəyə marağım bir zarafatla başladı. Qrup yoldaşlarımı qorxutmaq istəyirdim və qərar gəldim ki, alnımda çapıq izi yaradım. Elə də etdim. Üzümü qrimləyib qrup yoldaşlarıma atdım. Onlar buna inanıb dərhal reaksiya verdilər.
Bundan sonra o görüntüləri “Youtube” səhifəmə yüklədim. İnsanlar tərəfindən maraq artdıqca mən daha da həvəslənirəm. Bir müddət dərslərimlə əlaqədar fasilə versəm də, bu sənətə qarşı olan istəyim məni yenidən və daha peşəkar üslubda qrimlə məşğul olmağa vadar etdi.
– Əl işləriniz kifayət qədər dəqiq və təbiidir. Xüsusi kurslar, təlimlər keçmisiniz?
– İstədiyim pilləyə çatmaq üçün çox çalışmalı olduğumu bilirdim. Ona görə də özümə tam inamlı şəkildə kurslara qatıldım. Kifayət qədər vəsaitim olmadığı üçün onlayn qaydada dərslərdən faydalanırdım.
“Youtube” kanallarında insanları dondan-dona salan qrim ustalarından dərslər alırdım. Qrimlə bağlı xarici saytlardan üç dərsə 20 dollar ödəyərək maskaların, saxta dişlərin, dırnaqların hazırlanma qaydalarını öyrəndim.
Bir qrim ən azı üç saata yaxın vaxt alır. İşimin keyfiyyətli olmasını istəyirəm və üzərində çox çalışıram.
– İlk əl işlərin hansı qrimlər olub?
– İlk dəfə alnımda çapıq effekti yaratmışam. Daha sonra skelet sifəti, üzümdə açılmış-deşilmiş yaraları xatırladacaq qrimlər, maskalarla bağlı cürbəcür qrimlər etmişəm.
– Bu qrimləri etmək üçün hansı ləvazimatlardan istifadə edirsən?
– Mənim ən çox çətinlik çəkdiyim məqam məhz ləvazimatlardır. Çünki ölkədə bu ləvazimatların satışı çox olmadığından mən məcburən xaricdən onlayn sifariş verirəm. Qan maddəsi, maska, dəri effekti verən xüsusi plastilin maddəsi və s. qrimin əsas elementləridir. Ən əsası, qan maddəsinin keyfiyyətli olmasıdır.
– Gördüyün işlərə ailənin münasibəti necədir?
– Ailəm mənim sənətimə qarşı bir qədər laqeyddir. Bunu bir gənclik həvəsi hesab edirlər. Məsləhət görürlər ki, daha ciddi işlərə vaxt ayırım. Sırf qrim işimlə bağlı maddi və mənəvi dəstək almıram ailəmdən. Hərdən anam deyir ki, “hə, qəşəngdir”, vəssalam. Başqa zaman qrimli halımı görmək istəmirlər (gülür).
– Qrimlə bağlı hansı maraqlı hadisəni bölüşə bilərsən?
– Bir dəfə alnımda yara izi çəkib anamla-atama göndərmişdim. Çox qorxmuşdular, həkim çağırmaq istəyirdilər. Heç kim inanmırdı ki, qrimdir. O qədər inandırıcı olacağını düşünmürdüm, amma çox qorxmuşdular. Çox əsəbiləşmişdilər.
Qrup yoldaşlarım o qədər inanmışdı ki, hansı xəstəxanaya aparıldığımı soruşurdular. Sonra işin ciddiləşdiyini gördüm və qrimi çıxardığım yerdə video çəkib paylaşdım.
– Heç bu istedadından istifadə edənlər olur?
– Bir neçə dəfə dostlarıma qrim etmişəm. Qol yarası, ayaq yarası və s. Amma kimsə hansısa başqa məqsədlə “məni yaralı kimi qrimlə” deməyib,düzü. Desələr belə, əgər hər hansı bir iş və ya layihə deyilsə, etmərəm.
– Ətrafda insanların sənə qarşı münasibəti necədir?
– Elə bir xüsusi münasibət yoxdur. Amma sosial şəbəkələrdə mənə tez-tez yazırlar ki, “niyə dostluğumuzu qəbul etdin?”, “gərək etməzdin, bu iyrənclikləri gördük, gecə yata bilmədik” və s. Azərbaycanda bu sahə çox inkişaf etmədiyi üçün insanlar məlumatlı deyil. Hətta bu işə görə məni mazoxist adlandıranlar da olur.
– Sənə film və ya layihə təklifləri gəlirmi?
– Bir dəfə film təklifi almışam. “Portret” adlı filmin çəkilişində qrimləri mən etmişəm. Yaxın gələcəkdə onun yayımlanması gözlənilir. Film olaraq ilk işim bu olacaq. Bir neçə layihə üçün təkliflər alıram. Bu yaxınlarda Pasxa bayramı ilə əlaqədar kilsədə tədbir olacaq, qrim işlərini mənə həvalə ediblər.
– Hansı məşhuru qrim etmək istərdin?
– Mən ABŞ-a getmək, orada təhsil almaq və çalışmaq istəyirəm. Ən böyük arzum budur. Konkret aktyor və ya aktrisa deyə bilmərəm, film deyə bilmərəm. Amma “Netflix” çəkdiyi filmlərə baxanda hərdən “bunu mən daha yaxşı qrim edərdim” dediyim anlar olur.
– Azərbaycanda bu sahə inkişaf etməyib. Bunu nə ilə əlaqələndirirsən?
– Əslində, maliyyə ayrılsa və istedadlı gənclərə şərait yaradılsa, bu sahədə irəliləyiş əldə etmək olar. Mən çox istərdim ki, xarici ölkələrdə çəkilən qorxu janrında olan filmlər bizdə də layihələndirilsin. Qrim işini də, təbii ki, mən görüm (gülür).
– Hansısa müsabiqələrə qatılmağı düşünürsənmi?
– Əslində, maraqlanıram. Azərbaycanda olsaydı, çox yaxşı olardı. Mütləq qatılardım və düşünürəm ki, kifayət qədər uğurlu nəticələr əldə edərdim. Xarici ölkələrdə keçirilir, lakin ora qatılmaq üçün maddi vəsait olmalıdır. Mənim isə buna gücüm çatmır.
– Bu işdən ilk qazancın nə qədər olub?
– İlk dəfə 100 manat qazanmışam. Ümumilikdə ən çox 400 manat qazanmışam. Anam əl işlərimi görəndə hərdən “yaxşıdır” deyir. Fikirləşir ki, qızı camaatın üzünü-gözünü yaman günə qoymaqla pul qazanır (gülür).
– Elə insan ola bilər ki, onu qrim belə dəyişə bilməsin?
– Əslində, qrimlə hər kəs müəyyən qədər dəyişir. Əgər sırf hər hansı yara, çapıqdan danışırıqsa, bunu hər kəs üçün edib, nəticə əldə etmək olar. Amma kimisə bir başqa insana bənzətməkdən söhbət gedirsə, ola bilər. Üz cizgiləri çox sərt olan insanların kiməsə bənzədilməsi çətin ola bilir.
Düzdür, çox insanlarla işləməmişəm, amma bu sahədə çox oxuyuram, dərslərimə qarşı məsuliyyətli yanaşıram.
Könül Cəfərli
FOTO: Ramil Zeynalov