c1fcc161-1793-462c-93dc-080070196525..jpg

“İnstagram”dakı şəkillərə görə anasını və bacısını öldürdü: “Razin”dəki qətlin TƏFƏRRÜATI – FOTO

Baxış sayı: 863 dəfə baxılıb.

“İnstagram”dakı şəkillərə görə anasını və bacısını öldürdü: “Razin”dəki qətlin
TƏFƏRRÜATI – FOTO

2019-cu il dekabrın 13-də Bakıxanov qəsəbəsində “Uğur” Yaşayış kompleksi, bina
8, mənzil 71-də baş verən qətlin istintaq materialları əldə olunub.

Baş verən qətl hadisəsi ilə əlaqədar hadisə yerinə cəlb olunan polis və
prokurorluq əməkdaşları həmin mənzildə kirayədə yaşayan 1994-cü il təvəllüdlü
Elgün Niftizadə və anası 1968-ci il təvəllüdlü Fatma Həmzəyevanın üzərlərində
çoxsaylı bıçaq xəsarətləri olan meyitləri aşkar edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci
(iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Fatma Həmzəyevanın meyiti üzərində
39, Elgün Niftizadənin isə 23 ədəd bıçaq yarası aşkar edilib.

İstintaq-əməliyyat tədbirləri ilə müəyyən olunub ki, ağır cinayəti Murad
Niftizadə törədib. Dekabrın 18-də onun barəsində beynəlxalq axtarış elan edilib.

2 ildən sonra, 2021-ci il oktyabrın 15-də Murad Niftizadə Rusiyanın Saratov
vilayəti, Engels rayonu ərazisində həbs olunub. Daha 6 aydan sonra, 2022-ci il
martın 10-da Baş Prokurorluq məlumat yayıb ki, saxlanılan şəxs Rusiyadan
Azərbaycana ekstradisiya edilib.

Hadisə olan ev

Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, Murad Niftizadə anası Fatma Həmzəyeva və bacısı
Elgün Niftizadənin əxlaqsızlıqla məşğul olmalarını bilib və bunu qəbuledilməz
hal hesab edib. Bacısını özü ilə birlikdə yaşamaq üçün Rusiyaya aparmaq
məqsədilə dekabrın 13-ü gecə saat 1 radələrində onların Bakıxanov qəsəbəsində,
yaşadıqları mənzilə gəlib. Görüşüb məqsədini bacısına bildirdikdə, aralarında
mübahisə yaranıb. Evdən götürdüyü bıçaqla əvvəl anasının bədəninin müxtəlif
nahiyələrinə ardıcıl zərbələr endirib. Bacısı onun hərəkətlərinin qarşısını
alaraq, anasını xilas etməyə çalışıb.

Murad anasının yalvarışlarına məhəl qoymayaraq, müstəsna dərəcədə
rəhimsizliklə həmin bıçaqla Elgün Niftizadəyə çoxsaylı xəsarətlər yetirib. Bu
hərəkətləri ilə, Murad Niftizadə Fatma Həmzəyevanı və Elgün Niftizadəni xüsusi
amansızlıqla qəsdən həyatdan məhrum edib.

İş üzrə dindirilmiş Murad Niftizadə bildirib ki, 1997-ci ildə Biləsuvar
rayonunun Bağbanlar kəndində anadan olub. Anadan olmazdan 3-4 ay əvvəl atası 37
yaşında qəflətən dünyasını dəyişib:

“Yetkinlik yaşıma çatanda böyük bacı-qardaşımın danışıqlarından bildim ki,
anam hələ atamın sağlığında ona xəyanət edib. Uşaqlarına əhəmiyyət vermədən,
kənd sakinlərindən utanıb-çəkinmədən kəndimizlə həmsərhəd olan Bəydilli
kəndində yaşayan ailəli bir kişi ilə görüşüb. Atam bunu bilib, daim xəcalətlə
yaşayıb və dərddən vəfat edib. 11-12 yaşım olanda anam 4 uşağını qoyaraq, həmin
adama qoşulub çıxıb evdən getdi. Böyük bacım Gülşən, özü uşaq olmasına
baxmayaraq bizə analıq, qardaşım Cavid isə atalıq etdi. Birtəhər bibimizin
himayəsində yaşadıq. Ailə başçısını itirməyə görə verilən müavinət kartını da
anam özü ilə aparmışdı və bizi həmin puldan da məhrum etmişdi. Uşaq olanda
anamın hərəkətlərini tam dərk etməmişdim. Amma böyüdükcə daxilən xəcalət
çəkirdim, həmyaşıdlarım içərisində həmişə başı aşağı olmuşam. Qulaqlarım
eşidə-eşidə mənə anası pozğun deyildiyini eşitmişəm.

Murad Niftizadə

Bacım Gülşənin ərizəsi əsasında Biləsuvar rayon məhkəməsinin qərarı ilə Fatma
Həmzəyeva rəsmi analıqdan məhrum edildi. 2 bacı, 2 qardaş talehimizlə
barışaraq, anamızı həyatımızdan silib, yaşadıq. Məktəb dövründən idmana həvəsim
yarandığından boks təlimlərinə gedirdim. 2012-ci ildə Bakıya gəlib bir müddət
bibilərimin evlərində qaldım”.

Sonralar müxtəlif ünvanlarda kirayədə yaşayıb. Müxtəlif respublika
yarışlarında iştirak edib, dəfələrlə diplomlarla təltif olunub. Rusiyanın
Saratov şəhərində yaşayan əmisi vaxt aşırı ona maddi köməklik edib, gələcəkdə
peşəkar idmançı olmasını arzulayıb:

“2014-2015-ci illərdə eşitdiyimə görə Fatma Həmzəyeva kənddə yaşayan bəzi
tanışlarının vasitəsilə bacım Elgünlə əlaqə saxlayaraq, onunla görüşüb. Böyük
bacım və qardaşım, həmçinin əmilərim və bibilərim buna mane olmağa çalışsalar
da, anam Elgünü yoldan çıxarıb öz yanına, Bakıya aparıb. Əvvəl zənn etdik ki,
yəqin Fatma Elgünün ehtiyaclarını öz üzərinə götürmək və ona analıq etmək
istəyir. Amma, sonradan hər ikisinin əxlaqsız həyat tərzi keçirməsi, kafelərdə
və çay evlərində günəmuzd xidmət etmələrini öyrəndik. 2015-2016-ci illərdə
hərbi xidmətdə oldum. Əmimin təklifi ilə 2017-ci ildə işləmək üçün Rusiyanın
Saratov şəhərinə getdim. İstirahət mərkəzində mühafizəçi işləyirdim. 2018-ci
ildə əslən, rayonumuzdan olan, lakin Saratovda yaşayan bir qızla evləndim.
Bacımla tez-tez əlaqə saxlayırdım. Elgün haqqında soruşanda, Gülşən onun nə
işlə məşğul olması ilə maraqlanmadığını dedi. Danışığından anladım ki, Elgün
anamın təsiri altındadır. Naməlum şəxslərlə görüşür, telefonu vasitəsilə
internetdə açıq-saçıq şəkillər paylaşır. Şəxsən özüm də “instaqram”da
“nifdizade” adlı profildə bacımın hamam xalatında, açıq geyimdə, oğlanlarla bir
yerdə əxlaqsız görüntülərini gördüm. Bir neçə dəfə xəbər göndərdim ki, Elgün
həmin şəkilləri yığışdırsın, amma faydası olmadı. Ailənin iki son beşiyi kimi,
uşaq vaxtı daim bir-birimizə bağlandığımıza görə, Elgünün yaşadığı həyatı, onun
davranışını qətiyyən qəbul edə bilmədim. İstənilən yolla onu anamdan ayırıb öz
yanıma, Rusiyaya aparmağı düşündüm və bunu bacı-qardaşıma dedim. Onlar da bu
fikrimlə razılaşdılar”.

Fatma Həmzəyeva

2019-cı ilin dekabr ayında bilib ki, bacısı Gülşən ağır xəstələnib və
əməliyyat olunmalıdır. Buna görə, istifadəsində olan avtomobilini girov qoyub
və təxminən 3000 manata yaxın pul düzəldib, Azərbaycana gəlib:

“Gülşəndən Fatma Həmzəyevanın telefon nömrəsini öyrəndim. Onunla əlaqə
saxladım və görüşmək istədiyimi bildirdim.

2019-cu il dekabrın 12-də axşam Bakıxanov qəsəbəsinə yollandım. Üzərimdə bıçaq
yox idi. “Uğur” Yaşayış Kompleksinin həyətində Fatma məni qarşılayandan sonra,
birlikdə mənzilə qalxdıq. Məni çox soyuq qarşılayan Fatma niyə gəldiyimi
soruşdu. Bacımın yanına gəldiyimi söyləyəndə, anam: “Elgün işdədir, hələ
gəlməyib, bir saata gələcək” dedi. Keçib mətbəxdə oturdum. Fatma mənimlə acıqla
danışdı. “Elgün indi yadına düşüb, neynirsən onu? İşləyib özünü dolandırır, heç
kimə ehtiyacı yoxdur” deyəndə, əsəbiləşdim. “İnternetdə olan şəkillərindən,
necə işləyib dolanması bəllidir” dedim. Cavab olaraq, anam qızın “yaxşı
etdiyini” söyləyəndə, başa düşdüm ki, artıq bu adam üçün əxlaq, abır-ismət
deyilən heç nə qalmayıb. Elgünü özümlə aparmağa gəldiyimi deyəndə, Fatma
qışqıraraq, “Elgünün heç yerə etməyəcəyini” bildirdi. Əxlaqsız ifadələrlə
mənzildən çıxmağımı tələb etdi. Mübahisəmizin gərgin vaxtında bacım evə gəldi.
Mətbəxdə söhbət edərkən, hiss etdim ki, gəlişim onun da ürəyincə deyil.
“İnternetdə oğlanlarla yarıçılpaq şəkillərini paylaşdığını” soruşanda, Elgün
“hesabat verməli deyiləm, həyatımı yaşayıram, heç kim mənim işimə qarışa
bilməz” dedi. Ona qardaşı olduğumu, uşaq vaxtı birgə anasız böyüdüyümüzü, acı
uşaqlıq xatirələrimizi xatırlatmağa çalışsam da, artıq anladım ki, Fatma
Elgünün də həyatını məhv edib. Anam qonşu otaqdan mətbəxə gələrək, qadına
yaraşmayan əxlaqsız ifadələr işlətməyə başladı. Söhbətimizi yarımçıq qoyan
Elgün marketə gedəndə, yaranmış fürsətdən istifadə edib anamdan xahiş etdim ki,
bacımı aparmağıma mane olmasın.

Muradın diplomu

Fatma deyəndə ki, Elgün mənim bacım deyil, bir anlıq özümü saxlaya bilmədim.
“Hətta atamızın sağlığında belə pozğunluq etdiyini” soruşanda, anam bunu təsdiq
edərək, atamızı söydü. Başına yumruqla zərbə vuranda, Fatma yerə yıxıldı. Ayağa
qalxıb bıçaq götürən Fatma sağ çiyinimə xəsarət yetirdi. Yenə vurmağa cəhd
edəndə kəsici aləti onun əlindən aldım. Vurduğum zərbələrin sayını
xatırlamıram. Elgün mənzilin qapısını açıb içəri girəndə, sanki ayıldım. O,
Fatmanın qan içində olduğunu görüb, üzərimə gəldi. Qışqıra-qışqıra əlləri ilə
məni vurmağa başlayanda, bıçaqla bacıma da zərbələr endirdim. Zərbələrin
təsirindən Fatma qonaq otağının qarşısında, Elgün isə mətbəxdə yıxılaraq,
hərəkətsiz vəziyyətdə qaldılar. Bıçağı tullayıb hamam otağına keçdim. Gödəkcəmi
axtaranda, gördüm ki, əşya Elgünün əynindədir. Yadıma düşdü ki, bacım marketə
düşəndə gödəkcəmi geyinmişdi. Gödəkcəni götürmədən, əynimdə olan qısaqol
köynəkdə mənzildən çıxdım. Binadan aralanıb, bir az gəzişdim. Fikirləşdim ki,
Elgünə görə qayıdım, bəlkə hələlik sağdır, amma sonra fikrimdən daşındım. Taksi
ilə “Qırmızı körpü” sərhəd keçid məntəqəsinə, ordan isə Rusiyaya getdim”.

Murad Niftizadə əlavə edib ki, cinayəti törətməzdən əvvəl və törətdikdən sonra
heç kimə bu barədə məlumat verməyib. Mənzili tərk edərkən bacısına məxsus mobil
telefonu, habelə onlara məxsus qızıl-zinət əşyaları və ya pulları götürməyib.

Eşitdiyinə görə, hadisədən sonra doğmaları Fatmanın və Elgünün meyitlərini
qəbul etməyiblər. Onların kənddə dəfn edilməsi və mərasim keçirilməsinə razılıq
verməyiblər. Hər ikisi Bakının Hövsan qəsəbəsində, kimsəsizlər
qəbiristanlığında dəfn olunublar.

Murad Niftizadənin istintaq fotosu

Zərərçəkmiş şəxsin hüquqi varisi Cavid Niftiyev ifadəsində göstərib ki,
telefonla əlaqə saxlayanda anasının Biləcəri qəsəbəsində kafedə aşbaz, bacısı
Elgünün isə “Qara Qarayev” metrostansiyasının yanında, marketdə satıcı
işlədiyini bildiriblər:

“Bakıxanov qəsəbəsində kirayədə yaşayıblar. Qardaşım Murad Rusiyadan
Azərbaycana axırıncı dəfə dekabrın 6-da qayıdıb. Dekabrın 13-də anamla bacımın
ölüm xəbərlərini eşidəndə rayonda idim. Bakıya qayıdıb hadisə ilə maraqlananda
məlum oldu ki, Fatma Həmzəyevanın və Elgün Niftizadənin qətlində Murad şübhəli
şəxs qismində axtarılır”.

Cavid Niftiyev qeyd edib ki, qardaşı anası və bacısını öldürəcəyi barədə ona
heç nə deməyib. Əslində Muradın onları öldürmək niyyəti olmayıb. Qardaşı
bacısını pis yoldan uzaqlaşdırmaq, özü ilə Rusiyaya aparmaq istəyib.

Şahid Nilufər Əliyeva ifadəsində göstərib ki, Elgün Niftizadə ilə birlikdə
Bakıxanov qəsəbəində kirayədə yaşayıb:

“Onunla 3-4 il əvvəl tanış olmuşuq. “Qarayev” metrostansiyasının yaxınlığında
fəaliyyət göstərən çay evində ofisiant işləyirdik. Məlum hadisədən 15-20 gün
əvvəl Elgün dedi ki, “İnstaqram”da yarıçılpaq şəkillərini qardaşı Murad görüb
və zəng edərək, başını kəsəcəyini bildirib. Dekabrın 8-də rəfiqəm bu yaxınlarda
anasının evlərinə gələcəyini söyləyərək, mənzili təmiz saxlamasını xahiş edib.
Ayın 12-i saat 23:52-də Elgün zəng vuraraq, özünün hazırda işdə olduğunu, anası
ilə qardaşının kirayədə qaldıqları mənzildə olduqlarını dedi və mənim də evə
getməyimi xahiş edib. Tanımadıqlarım adamlara görə özümü narahat hiss edəcəyimi
fikirləşərək, xalam qızının evində gecələməyi qərara aldım.

Fatmanın meyiti

Ona görə də rəfiqəmə evə gəlməyəcəyimi bildirdim. Dekabrın 13-ü saat 17
radələrində yaxın münasibətdə olan Orxan Mehdiyevə zəng edərək, rəfiqəmin
telefonuna zəng çatmadığı üçün, narahat olduğunu dedim. Buna görə, Orxan öz
avtomobili ilə xalamqızıgilə gəlib, məni Bakıxanov qəsəbəsinə apardı. 8-ci
mərtəbəyə qalxıb mənzilin qapısını açanda gördük ki, Elgün ağzı üstə yıxılmış
vəziyyətdədir, ətrafı isə qandır. 102 xidmətinə zəng edib, hadisə barədə
məlumat verdik”.

Şahid Raqif Zamanov ifadəsində göstərib ki, hadisə baş verən mənzil onun
arvadının adına rəsmiləşdirilib:

“Dekabrın 13-ü saat 19 radələrində 13-cü bölmənin əməkdaşı zəng edib, evimizdə
2 qadın meyitinin aşkar olunması barədə məlumat verdi. Ünvana çatanda polis və
prokurorluq əməkdaşlarının mənzilə baxış keçirdiklərini gördüm. Nurlana adı ilə
özünü təqdim edən Elgün Niftizadə və anası Fatma Həmzəyevanın meyitləri aşkar
edildi.

Hadisədən sonra bildim ki, Nilufər Əliyeva Elgün Niftizadənin bacısı yox,
rəfiqəsi olub”.

Qətlin törədildiyi bıçaq

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Murad Niftizadə cəzasının ilk 7
ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində
çəkməklə 20 il müddətinə azadlıqdan məhrum olunub. Bakı Apellyasiya
Məhkəməsinin qərarı ilə birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib.
Qərara əsasən, Niftizadənin cəzası 18 ilə endirilib.

Source link